qizqacirtma

Qızqaçırma adəti: “Əvvəlki kimi “xoşuma gəldi, qaçırdım” deyə bir fikir yoxdur”

Baxış sayı: 504

Qızqaçırma, Qırğızıstanda uzun illərdir davam edən evlənmə ənənəsidir. Evlənmək istəyən kişi, yaxın dostları ilə birlikdə xoşuna gələn qızı qaçıraraq ailə həyatı qurur. Bu adət-ənənə, dünyanın bir çox ölkələrində var. Azərbaycanda da əvvəllər bu adət dəb halını almışdı. Bu gün isə qızqaçırma hadisələri, keçmiş dövrlərə nisbətən daha azdır.

Qızqaçırmanın adam oğurluğu kimi qanunvericilikdə yer alması bir çox kişiləri bu arzusunu həyata keçirməkdən saxlayır. Amma bununla belə bu tip hadisələr hələ də yaşanır. Belə ki, noyabrın 28-də Yevlax Rayon Polis Şöbəsinə 26 yaşlı bir qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olmuş və aparılan axtarış tədbirlərindən sonra qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunmuş və polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılmışdı.

Mütəxəssislərin fikrincə, qızqaçırma adəti ötən əsrlərdə daha çox baş verirdi. Ailələrin evliliyə razı olmaması, yoxsulluq və s. bu kimi səbəblər qızqaçırma hadisələrini artırırdı.

Sosioloq Tərlan Ağayevanın sözlərinə görə, əslində həmin dövrlərdə qızqaçırma pis adət hesab edilmirdi və gənclərin sevgisini əks etdirirdi.

“Gənclər bir-birini sevir və bu addımı atmağa qərar verirdilər. Və yaxud oğlanın hansısa qızdan xoşu gəlirdisə, qaçırıb ailə həyatı qururdu. Bu ailələrin hamısı xoşbəxt olurdumu? Xeyr! Ancaq adətləri dəyişmək mümün deyil, bu da sevilən bir adət idi”,- deyən mütəxəssis, sonradan bu halların adam oğurluğu kimi dəyərləndirildiyini də qeyd etdi.

qizqacirtma 1

Hüquqşünas Fərid Həmidovun sözlərinə görə, qızqaçırma Cinayət Məcəlləsinin 144 cü maddəsi ilə tənzimlənir. Və bu hal yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.

“Çox zaman qız qaçırıldıqdan sonra, qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət edir. Bu zaman qız yetkinlik yaşına çatıbsa və qaçmağa özü də razılıq veribsə, qaçıran şəxsi heç bir məsuliyyət gözləmir. Əgər qaçırılan azyaşlıdırsa, evlənmək məqsədi ilə qaçırılmış olsa belə, adam oğurluğu maddəsi şamil edilir və qaçıran şəxsi 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Yəni daha əvvəlki dövrlərdə olduğu kimi kor-koranə “xoşuma gəldi, qaçırdım” deyə bir fikir yoxdur” – deyə ekspert bildirib. Onun sözlərinə görə, Azərbaycanda evlilik yaşı 18-dir. Yəni, bu yaşdan sonra qaçırılan qızların ifadəsi əhəmiyyətli hesab edilir. 18 yaşına qədər qaçırılan qızlarla bağlı vəziyyət isə adam oğurluğudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir