aile

Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir?

Baxış sayı: 447

Səmimi və açıq danışmaq münasibətlərin yalnız xeyrinə işləyir. Belə davranış ailənin uzunmüddətli olmasına xidmət edər. Amma Almaniyada keçirilmiş bir sorğu arzuolunmaz nəticələr ortaya çıxarıb. Cütlüklərin əksərinin bir-birindən gizli saxladığı sirri var.

Sorğuda 4 min nəfər iştirak edib. Onların əksəri rəsmi nikahda olanlardır. Respondentlərin bir qismi sevgili münasibətlərindədir. Fikri soruşulanların 59 faizi etiraf edib ki, münasibətdə olduğu şəxsdən gizlətdiyi məsələlər var.

Ər-arvad və ya sevgililər bir-birindən daha çox nəyi gizli saxlaya bilər? Xəcalət çəkdikləri yeniyetməlik səhvlərini? Hansısa məsələyə yanaşmasını? Çox maraqlıdır.

Respondentlərin 19 faizi bildirib ki, sevgilisindən başqasını daha çox bəyəndiyini gizlədirlər. Kişilərin belə sirri daha çox gizlətməsi məlum olub. Onların 23 faizinin gözü kənardadır. Qadınların 16 faizi başqa kişini daha çox bəyənir.

İkinci səbəb yerini münasibətlərə şübhə ilə yanaşmaq tutub. Fikrini deyənlərin 18 faizi belə nüansı diqqətə çatdırıb. Bu məsələdə qadınlar nisbi çoxluq təşkil edib.

Üçüncü pillədə maddi məsələ dayanıb. Ər və arvad bir-birindən xərclərini gizlədir. Respondentlərin 16 faizi aldığı şey barədə sevgilisinə məlumat vermir.

aile

Sorğu müəllifləri bildirir ki, əslində, sirr saxlamağa görə qadınlar və kişilər arasında fərq qoymağa dəyməz. Amma bəzi məsələlərdə cinslər bir-birindən kəskin fərqlənir. Məsələn, qadınlar sevgilisinin davranışına görə daha çox xəcalət çəkdiyini deyib. Bundan başqa, onlar kişilərin zövq aldığı şeylərə daha az maraq göstərir. Kişilər isə açıq-saçıq filmləri xoşladıqlarını, belə nümunələrə baxdıqlarını çox gizlədirlər.

Sorğu bir həqiqəti ortaya qoyub. Nikahın, münasibətin müddəti uzandıqca sirlər də azalır. Maraqlıdır ki, hadisələrin gedişindən narazı cütlüklər daha çox gizlətməyə meyllidirlər. Razı olanlar isə açıq danışmağa səy göstərirlər.

Psixoloq Liza Fişbax deyib ki, nikahda olanlar heç də hər şeyi həyat yoldaşına danışmağa borclu deyil. Danışmamaq böyük qəbahət sayılmır. Onun fikrincə, sevgililər nəyi danışıb, nəyi danışmamağı müəyyənləşdirməlidirlər. Psixoloq “hamının sirri olmalıdır” fəlsəfəsini müdafiə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir