masin-tixac

Rahat, təhlükəsiz hərəkət – Bakının nəqliyyat dərdinə ekspertdən fərqli baxış

Baxış sayı: 567

Bakı şəhərində nəqliyyatın vəziyyəti ürəkaçan deyil. Tıxacların yaranması, bəzi istiqamətlərə avtobus çatışmazlığı, metro stansiyalarında pik saatlarda sıxlıq və s. ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərinin gündəlik problemlərindən biridir.

Şəxsi avtomobili olanlar da A nöqtəsindən B nöqtəsinə hətta ən qısa məsafələrdə belə əziyyət çəkilər. Əhalinin sayının artması, infrastrukturun qənaətbəxş olmaması görünən səbəblərdir. Cəmiyyət isə artıq səbəblərə köklənmək əvəzinə, müsbət həll yolları axtarır. Elə ekspertlər də müxtəlif təkliflərlə çıxış edirlər: müxtəlif yol qovşaqlarında hərəkət istiqamətində dəyişikliklər, universitetlərin paytaxtdan kənara köçürülməsi, avtobusların sayının artırılması, yeni metro stansiyalarının açılması və s. Müasir tendensiyalar, dünya təcrübəsini araşdıranda görünür ki, təyinatından asılı olmayaraq binaların Bakıdan köçürülməsi çıxış yolu deyil, sadəcə, populizmdir.

“İnsanyönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanov  bu barədə geniş şərh verdi. O bildirdi ki, əksər ölkələrdə insanlar böyük şəhərlərə axın etdiyi üçün gələcəkdə rahat və təhlükəsiz hərəkət üçün ictimai nəqliyyatın rolu artacaq, odur ki, indidən bunun üzərində işləmək lazımdır: “Dünya Bankının Yol hərəkəti Təhlükəsizliyi Fondu və BMT-nin “Hamı üçün Mobillik” proqramında qeyd olunduğu kimi, 2030-cu ilə qədər dünya əhalisinin təxminən 70%-nin şəhərlərdə yaşayacağı gözlənildiyi üçün, şəhərlərdə hərəkətliliyə artan tələbat, əsasən avtomobil və motosiklet kimi şəxsi nəqliyyat vasitələrinə arxalanan sistemlər böhran yaşayacaq. Bu baxımdan, əhalinin təhlükəsiz və səmərəli hərəkətini təmin etmək üçün ictimai nəqliyyat sistemlərinə sərmayə qoymaq bu problemin həlli üçün açardır.

Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı » Gundelik-Baku.Com

Avtobuslar, tramvaylar və şəhərətrafı qatarlar kimi ictimai nəqliyyat sistemləri şəxsi avtomobillərdən daha çox insan daşıyır, daha əlverişlidir və ən önəmlisi təhlükəsizdir. Onlar qəzaların sayını azaldır. BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərində vurğulandığı kimi, bu, təhlükəsizliyin təkmilləşdirilməsinin əsas vasitəsidir. Multimodal nəqliyyat və torpaqdan istifadənin planlaşdırılması təhlükəsizlik sisteminin həyata keçirilməsi üçün mühüm başlanğıc nöqtəsidir. O, əhalinin müxtəlif ehtiyac və üstünlüklərini təmin etməklə yanaşı, təhlükəsizlik və hərəkətliliyə bərabər çıxışı təmin etmək üçün motorlu və motorsuz nəqliyyat növlərinin optimal birləşməsini yaradır. Multimodal nəqliyyat və torpaqdan istifadənin planlaşdırılması yerli şəraitə və iqlimə uyğunlaşdırılmalıdır. Məsələn, avtobus dayanacaqlarında və qatar stansiyalarında velosiped və şəxsi avtomobil dayanacağının olması multimodal səyahəti asanlaşdıra bilər.

Piyadalar və velosipedçilər üçün nəqliyyat vasitələrinin hərəkətindən yaranan riskləri aradan qaldırmaqla yanaşı, insanlar özlərini təhlükəsiz hiss etməlidirlər. Bu məqsədlə insanların həm trafikdən, həm də cinayətdən, xüsusən də gender təhlükəsizliyi ilə bağlı təhlükəsizliklərini artıran infrastruktur investisiyaları və siyasətlər multimodal nəqliyyatın və aktiv mobilliyin təşviqi üçün vacib ilkin şərtlərdir”.

Ekspert multimodal nəqliyyat və torpaqdan istifadənin planlaşdırılmasını təşviq etmək üçün tövsiyə olunan tədbirləri bu şəkildə sıraladı: “İlk növbədə kompakt şəhər planlamasını təşviq edən siyasət həyata keçirilməlidir. Şəhər sıxlığı tədqiq olunmalı və kompakt şəkildə (kvartal tipli-Barselona nümunəsi) inkişaf etməlidir. Bütün həyati önəmli sahələrə (məktəb, xəstəxana) 20 dəqiqəlik piyada gəzintisi məsafədə çıxış təmin olunmalıdır. Nəqliyyat planlaşdırılması ilə torpaqdan istifadənin planlaşdırılmasının inteqrasiyası vasitəsilə şəhərin daha yığcam və piyada gəzintiyə yararlı olması təmin edilməlidir. Piyada gəzinti hərəkətliliyin ən fundamental formasıdır: o, ucuzdur, emissiyasızdır, sağlamlığa faydalı təsir göstərir və hərəkət qabiliyyəti əhəmiyyətli dərəcədə zəif olanlar istisna olmaqla, hamı üçün əlçatandır.

Eyni zamanda piyadaların, velosipedçilərin və ictimai nəqliyyat istifadəçilərinin ehtiyaclarını prioritetləndirmək üçün siyasət həyata keçirilməlidir. İctimai nəqliyyat mərkəzləri ətrafında şəhər və kommersiya inkişaflarını mərkəzləşdirmək üçün tranzityönümlü inkişaf tətbiq olunmalıdır. Yüksək tutumlu nəqliyyat xidmətlərinə rahat çıxış təmin olunmalıdır. Məsələn, Sumqayıt Dəmir Yolu Vağzalına ictimai nəqliyyat qatarların intervalına uyğun olaraq planlaşdırılmalı və dayanıqlığı təmin olunmalıdır.

Oxu.az - Avtobusun yükü metroya, metronun yükü sərnişinlərə qalıb: Tramvay tıxac probleminə çarə ola bilərmi? - FOTO

Nəqliyyat vasitələri və yol infrastrukturu istifadəçilərinə məhdudiyyətlər qoymaq lazımdır. Məsələn, şəhərin mərkəzi küçələrində qanunsuz parklanmaya qarşı sərt tədbirlər görülməli, yüksək sıxlıqlı ərazilərdə şəxsi nəqliyyat vasitələrinin istifadəsinə mane olunmalı, piyada, velosiped sürmə, avtobus və tramvay kimi əlverişli, təhlükəsiz və istifadəsi asan alternativlər təqdim edilməlidir. İctimai nəqliyyat dayanacaqları və velosiped mübadiləsi sxemləri arasında intermodal əlaqə qurulmalı və ümumi səyahət vaxtını azaldan velosiped və piyada nəqliyyat əlaqələri yaradılmalıdır.

Nəqliyyat şəbəkələri elə qurulmalıdır ki, qeyri-motorsuz səyahət rejimləri motorlu kimi təhlükəsiz olsun və ən əsası, bütün yaş və qabiliyyətlərdən olan insanların (uşaqların, yaşlıların və hərəkəti məhdud şəxslərin) səyahət ehtiyaclarını ödəsin. İctimai nəqliyyatda gediş haqqı sistemini təkmilləşdirilməlidir: təqaüdçü bileti, tələbə bileti, gediş məsafəsi və zonalaraq üzrə fərqli ödənişlərin istifadəni təşviq edilməlidir.

Səmərəli və sərfəli ictimai nəqliyyat, şəhərlərdə yoxsulluğun və bərabərsizliyin azaldılması ilə yanaşı, yeni iş yerləri, səhiyyə, təhsil və digər ictimai məkanlara çıxışı təmin etməklə iqtisadi inkişafı artırmaq üçün önəmlidir”.

A.Süleymanov  təklif edir ki, hərəkətin dayanıqlı və təhlükəsizliyini təmin etmək üçün SUMP (Sustainable Urban Mobility Plan) Şəhərin Dayanıqlı Mobillik Planı hazırlanıb təsdiq edilməlidir: “Şəhərsalma və nəqliyyat sahəsində qərar vermə mexanizmləri müasir dövrün tələbinə cavab verməlidir. Sözügedən plan 8 prinsipə əsaslanır:

Bütün “funksional şəhər ərazisində” davamlı hərəkətlilik planı. Planlaşdırma inzibati sərhədlərlə deyil, real şəhər aqlomerasiyası səviyyəsində olmalıdır (hazırda nəqliyyat problemi tək Bakının deyil, bütün Abşeron yarmadasını əhatə edir);

İnstitusional sərhədlər boyu əməkdaşlıq etmək. Şəhərin və ona bitişik ərazilərin idarəetmə formasından və hökumət iyeraxiyasından asılı olmadan plan hamının planı olmalıdır;

Vətəndaşları və maraqlı tərəfləri cəlb etmək. Cəmiyyətlə danışmaq onların real ehtiyaclarını öyrənmək lazımdır, eyni zamanda sualları da düzgün vermək vacibdir;

Cari və gələcək fəaliyyəti qiymətləndirmək. Qiymətləndirmə, əsaslandırma, cari və gələcək vəziyyətin təhlili və proqnozlaşdırılması ən mühüm elementlərindən biridir. Bunun üçün müxtəlif məlumat toplama və qiymətləndirmə metodları istifadə edilir;

Uzunmüddətli baxış və aydın icra planının müəyyənləşdirilməsi. Tədbirlər planı – istək siyahısı olmamalıdır. Tədbirlər əsaslandırılmalıdır və hamısı eyni strategiyaya qulluq etməlidir. Bu tədbirlərin necə maliyyəşəcəyi bəlli olmalıdır – 20-30 illik zaman üfüqü ilə uzunmüddətli/ strateji baxış daxil olmalıdır;

Bütün nəqliyyat növlərini kompleks şəkildə inkişaf etdirilməsi. Dayanıqlı nəqliyyat sistemi kompleks və balanslaşdırılmış yanaşma tələb edir. İctimai nəqliyyat çeşidli olmalıdır: metro, avtobus, tramvay, Bakı dairəvi dəmir yolu bir-birinə inteqrasiya olunmalıdır;

Monitorinq və qiymətləndirməni təşkil etmək. Qiymətləndirmə həm cari vəziyyətdə, həm icra mərhələsində, həm də icradan sonra həyata keçirilməlidir;

Keyfiyyəti təmin etmək. İcra zamanı məlumatların keyfiyyətinin təmin edilməsi və risklərin idarə edilməsi xüsusi diqqət tələb edir. İş prosesində şəffaflıq təmin edilməlidir. Ənənəvi nəqliyyat planlaşdırma yanaşmaları ilə müqayisədə, Şəhərin Dayanıqlı Mobillik Planı nəqliyyat vasitələri və trafikdən daha çox istifadəçiyə, vətəndaşa diqqət yetirir. Bu, şəhər yerlərində hərəkətlilik və həyat keyfiyyəti arasında tarazlıq tapmağa kömək edə bilər.

Gördüyü kimi, vətəndaşların yeni nəqliyyat növlərini mənimsəmək istəyi şəhər mənzərəsini yenidən formalaşdırır və müzakirələri dəyişikliyə, davamlılığa və sosial bərabərliyə aparır. Yerli hakimiyyət orqanlarından və səlahiyyət sahiblərindən, insanların ehtiyaclarına uyğunlaşan yeni strategiyalar təqdim etmələri tələb olunur. Daim dəyişən şəhər mobillik iqlimində şəhər hərəkətliliyinin planlaşdırılmasına yeni müasir yanaşmalar nəzərdən keçirilib qiymətləndirilməlidir. Daha davamlı və strateji planlaşdırma prosesləri bu problemlərin həlli üçün bir yol kimi görünür”.

Bu, perspektivdə həyata keçirilməli işlərdir. Dərhal həyata keçirilməli olan işlər də var. Məsələn, 20 Yanvar dairəsində sıxlığı azaltmaq üçün Ziya Bünyadov prospekti ilə gələrkən Yasamala gedişin qarşısındakı sədləri götürmək, orada yolu sfetaforla nizamlamaq olar. Buna və digər yollardakı səmərəsiz nizamlanmalara dair sabiq DYP polkovniki Həsən Şirinov bugünlərdə təklif verib.

Həmçinin Xırdalan dairəsindən 20 Yanvara qədər olan məsafədə hər gün müşahidə edilən tıxacı azaltmaq üçün bu ekologiya postundan sonra sürət həddini 90-dan 70-ə endirmək faydalı ola bilər. Bu zaman Xırdalan istiqamətindən gələn maşınların 20 yanvara doğru sürətli axını yavaşlayacaq və hərəkətin intensivliyi qismən azalacaq, maşınların qovşağa daxil olması nizamlı olacaq.

 

 Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir