Closeup image of young womans hair attached to empty price tag l

“Zorakılığın səbəblərindən biri qadının rolu ilə bağlı mövcud stereotiplərdir”

Baxış sayı: 550

Qadına qarşı zorakılıq dünyanın hər yerində – həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə insan haqlarının ən çox yayılmış pozuntularından biridir. Tədqiqatlar göstərir ki, bu zorakılıq qadınların cəmiyyətdəki mövqeyinin dəyərsizləşməsi və nəticədə onların ailə həyatında asılı vəziyyətə düşməsindən qaynaqlanaraq, qadınlar və kişilər arasında resursların və səlahiyyətlərin qeyri-bərabər bölgüsü ilə birbaşa əlaqəli şəkildə qadınlara qeyri-mütənasib dərəcədə təsir göstərir.

Deputat Tamam Cəfərova suallarımızı cavablandırdı:

Tamam Cəfərova

“Qadınlara qarşı zorakılıq qadının həyatının istənilən mərhələsində baş verə bilər və bu zorakılığa uşaq yaşında baş verən erkən nikahdan tutmuş cinsi zorakılıq, məişət zorakılığı, hüquqi ayrı-seçkilik və istismara qədər bütün zorakılıq formaları daxil ola bilər. Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulması olmaqla, qadınların öz hüquq və azadlıqlarından istifadə etməsi və dünyada prioritet olan gender siyasətinin həyata keciriməsi yolunda ən ciddi maneədir. Statistikaya görə, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb. Hər 3 dəqiqədən bir zorakılıqdan ən azı bir qadın dünyasını dəyişir.

Qeyd etmək lazımdır ki, on illər ərzində istər ABŞ və Avropa, istərsə də digər regionlarda aparılmış tədqiqatlar göstərmişdir ki, dünyanın istənilən bölgəsində qadınlara qarşı zorakılıq halları baş verir və bu fenomen hər hansı bir dinə, millətə, sosial mənşə və ya digər bu kimi meyarlara mənsubiyyətlə təyin olunmur. Qadınlara qarşı zorakılığın müxtəlif formaları (fiziki, psixoloji, seksual və s.) mövcuddur. Zorakılığı törədənlərin əksəriyyəti kişilərdir. Bunun əsas səbəbi qadınlar və kişilər arasında cəmiyyətdə əsrlər boyu mövcud olan bərabərsizlikdir.

Zorakılıq təkcə qadınların inkişafına mane olmur, o, həm də qadınların həyatı və sağlamlığı ücün böyük təhlükə yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyinə görə, qadınlara qarşı zorakılıq qadınlar arasında ölümün və onların əmək qabiliyyətinin itirilməsinin, xərcəng xəstəliyi kimi, ciddi səbəblərindən biridir. Mütəxəssislər hesablamışlar ki, qadınlara qarşı zorakılıq nəticəsində dəyən ziyanlar milyardlarla dollarla hesablanır.

Millət vəkilinin fikrincə, qadınlara qarşı zorakılığın ən geniş yayılmış forması məişət zorakılığıdir. Qadınlar məhz öz evlərində ən yaxınları: ataları, qardaşları, ərləri, birlikdə yaşadıqları kişilər tərəfindən zorakılığa məruz qalırlar. Baxmayaraq ki, məişət zorakılığı hallarını ciddi və təkrarlanan qanun pozuntusu hesab etmək olar, onların ciddliyi çox zaman kifayət qədər qiymətləndirilmir (“ailə konfliktləri”) və günahkarlar nadir hallarda məsuliyyətə cəlb edilirlər.

Məişət zorakılığı təkcə qadınlara qarşı zorakılıq deyil, ailənin digər üzvlərinə qarşı və həmcinin digər üzvləri tərəfindən törədilə bilər. Lakin bütün dünyada statistikaya görə, məişət zorakılığı ən cox (90%) qadınlara qarşı törədildiyi ücün, məişət zorakılığı dedikdə, məhz qadınlara qarşı zorakılıq ağla gəlir. Zorakılıq həmişə zorakılığa məruz qalmış qadınların uşaqlarına da təsir edir, hətta onlar zorakılığın qurbanları deyil, şahidləri olduqda belə. Bu cür ailələrdə uşaqlar zorakılıq mühitində yaşayırlar. Amerika tədqiqatçılarından birinin fikrincə, qadınların zorakılığa məruz qaldığı halların 70 %-də uşaqlar da zorakılığın qurbanları olurlr. Bu rəqəmlər göstərir ki, qadınlara qarşı zorakılq, təkcə neqativ psixoloji nəticələrə deyil, həmçinin böyük iqtisadi və sosial ziyanalara səbəb olan ciddi sosial problemdir”.

Tamam Cəfərova bildirib ki, məişət zorakılığı Azərbaycanda da geniş yayılmış gender problemidir. Son aylarda Azərbaycanda ailədaxili münaqişələrin və məişət zorakılığı hallarının sayı xeyli artıb. Bu məsələ Covid-19 pandemiyası zamanı daha da aktualdır. Demək olar ki, əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Ailə-məişət zəminində baş verən cinayətlərin sayında sürətli artması, xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması narahatlıq doğurur. Təəssüf ki, demək olar ki, hər həftə mətbuatda öz həyat yoldaşını şiddət tətbiq edən, öldürən kişilər haqqında xəbərlərlə rastlaşırıq. Son vaxtlar kişilərin qadınlar tərəfindən öldürülməsi hallarına da rast gəlirik. Bütün bunların məişət zəminində baş verməsi o deməkdir ki, ailələrdə ciddi problemlər var. Əgər ailədaxili problemlər vaxtında həll olunsaydı, bu şiddət, qətl, yaxud intihar səviyyəsinə çatmazdı.

“Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bu sahədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qaununverucu baza formalaşdırılmışdır. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normativ hüquqi aktlardan ibarətdir.

Həmçinin, qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, uşaq problemlərinin həllinin önə çəkilməsi istiqamətində görülən işlər, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyi amilinə daha çox əhəmiyyət verilməsi insan hüquqlarının qorunmasına öz bəhrəsini verməkdədir.

Lakin təcrübə göstərir ki, son illərdə Azərbaycan Respublikasının həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də məişət zorakılığı problem olaraq qalmaqdadır.

Bunun əsas səbəblərindən biri qadının cəmiyyətdəki, ailədəki rolu ilə bağlı mövcud sterotiplərdir. Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində məişət zorakılığı hələ də ailənin daxili məsələis sayılır, zorakılıq edən, şiddət törədən tərəf deyil, zorakılığa məruz qalan tərəf qınanılır. Qətl hadisələrinin artmasının səbəblərindən biri zorakılıqdan şikayət edən qadınlara qarşı mənfi ictimai qınağın olmasıdır. Yəni, zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarına müraciət etmək istədikdə çox ciddi qınaqla qarşılaşır. Və bəzi hallarda hüquq-mühafizə orqanları da bu məsələlərdə yetərincə həssaslıq göstərmir. Yaxşı olardı ki, belə hallarda qadınların müraciətinə qadın polislər baxsın. Bunun üçün qadın polislərin sayının artması çox vacibdir. Ümumiyyətlə, məişət zorakılığı sahəsində ixtisaslaşmış polis işçiləri olmalıdır və onlar üçün xüusi təlimlər keçirilməlidir”.

Ailələrə kömək məqsədilə sosial iş aparılmasının vacibliyini vurğulayan Tamam Cəfərova qeyd edib ki, bu sahədə mərkəzlər fəaliyyət göstərir, icra hakimiyyətlərində müvafiq komissiyalar yaradılıb.

“Lakin mahiyyət etibarı ilə nəsə dəyişməyib. Problemli ailələrdə davamlı olaraq monitorinqlər aparılmır, qabaqlayıcı tədbirlər zəifdir. Hadisələr təkrarlanır, qətllər bir qədər də qəddarlaşır. Təəssüf ki, qadın qətlləri artıq cəmiyyətimizdə dəhşətli hadisə kimi deyil, gündəlik qarşılaşdığımız adi statistikaya çevrilir. Bu gün gündəmdə olan hadisələrin qarşısını almaq üçün ən yaxşı vasitə sosial iş institunun daha da genişləndirilməsidir.

Məişət zorakılığının qarşısının lınması üçün qabaqlayıcı, preventiv tədbirlərin keçirilməsi çox vacibdir. Ilk növbədə zorakılığa qarşı maarifləndirmə işlərinin aparılması lazımdır. Bu maarifləndirmə tədbirləri müxtəlif hədəf qrupları arasında aparılmalıdır.

Gələcəkdə zorakılıqla mübarizədə özlərini daha düzgün müdafiə etmələri üçün üçün qızların ilk növbədə təhsil almaları, hər hansı sənət əldə etmələri, öz hüquqlarını daha yaxşı bilmələri çox vacibdir. Bu, həm də qadınların gələcəkdə iqtisadi müstəqilliklərini təmin edir.

Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının (qurumlarının) potensialının artırılması, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi, uzunmüddətli və kompleks yanaşma tələb olunur.

Bunlar nəzərə alınaraq, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) hazırlanmışdır. Milli Fəaliyyət Planının əsas məqsədi, ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır.

Milli Fəaliyyət Planı həmçinin, qeyd edilən məqsədlərə nail olunması üçün müəyyən edilmiş tədbirləri, onların icra olunmasında dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının, beynəlxalq tərəfdaşların və digər qurumların iştirakını və fəaliyyətinin əlaqələndirilməsini, həmçinin məişət zorakılığının qarşısının alınmasını və onunla mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

Zorakılığa məruz qalmış qadın və uşaqların müdafiəsi üçün dövlət qurumları ilə vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Əhalinin və xüsusi hədəf quruplarının (xüsulilə müəllimlərin) məişət zorakılığı problemi sahəsində maarifləndirilməsi məişət zorakılığının qarşısının alınması sahəsində əsas qabaqlayıcı tədbirlərdəndir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir