qidalar

Öz qəbrini “çəngəl-bıçaqla” qazanlar – qışda necə düzgün qidalanmalı?

Baxış sayı: 557

Payız-qız mövsümünün gəlişi həm də havaların kəskin soyuması və infeksion xəstəliklərin artması ilə əlamətdar olur. Bundan əlavə, insanların qapalı məkanlara daha çox bağlanması və oturaq həyat tərzi (hipodinamiya), təmiz havada az olması, habelə bu zaman çoxlu qida istehlak eləməsi səhhətə digər tərəfdən zərər vurur.

Amerikalı məşhur dietoloq Pol Breq deyib ki, “insan öz qəbrini çəngəl-bıçaqla qazır”. Yəni xəstəliklərin kökündə ilk növbədə yanlış qidalanma durur. Ancaq bir çoxları düşünür ki, əksinə, sağlam olmağın, immuniteti güclü eləməyin tərk şərti hər gün çoxlu kalori qəbul eləmək, gündə bir neçə dəfə qırmızı ət yeməkdir.

Belədirmi? Soyuq, küləkli havalarda gündəlik qida rasionumuz necə olmalıdır, hansı qidalara üstünlük verməliyik ki, həm az hərəkətlilik fonunda artıq kilo almayaq, yəni yediyimizi yandıraq, həm də infeksiyalara qarşı müqavimətimiz yaxşı olsun?

O da bəllidir ki, payız-qış mövsümündə günlərin qısalması bir çox insanlarda depressiv ovqata səbəb olur. Bəs buna qarşı hansı qida məhsullarına üstünlük verməli?

Dietoloq Leyla

Tanınmış həkim-dietoloq Leyla Zülfüqarova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Pol Breqin illərlə belə bir klassik nəzəriyyəsi var ki, az yeməyin insan həyatına xeyri var. Təbii ki, bu, sağlam qidalanma ilə öz təsdiqini tapıb. Əslində bizi xoşbəxt edən çox yemək, həddindən  artıq porsiya, kalori qəbul etmək deyil. Az porsiya olsun, amma əsas tərkibində orqanizm üçün vacib komponentlər olsun. Pol Breq həm də aclıq sistemi ilə də müalicə nəzəriyyəsini yaradanlardan biridir. Doğrudur, ac qaldıqda müəyyən hüceyrələr özünü yeyir, bunun nəticəsində müəyyən kimyəvi proseslər sürətlənir və sairə. Lakin ac qalmaq da olmaz. Sağlıqlı yeyəriksə, bütün günü ac qalmağa ehtiyac yoxdur. Ona görə də “qızıl orta”nı tutmaq üçün biz nəyi və necə yeməyimizi bilməliyik”.

Dietoloqa görə, xüsusən payız-qış mövsümündə sağlam qidalanmağa diqqət edilməlidir: “Hər zaman bildirirəm ki, qidalanmanın 3 mühüm funksiyası var – energetik funksiya, plastik funksiya, yəni orqanların quruluşunu təşkil edən zülal, zülalların strukturunu təşkil edən amin turşuları, hansı ki, bunları biz qidadan alırıq, 3-cü ən vacib funksiya isə müdafiəedici funksiyadır. Bəs payızda, qışda, yəni soyuq aylarda necə müdafiə olunaq? Təbii ki, qidaların tərkibindəki maddələrlə, hansı ki, həmin qidalar bizim  dərmanımız olacaq.

Adətən soyuq aylarda müəyyən xəstəliklər, o cümlədən qrip və digər viruslar aktivləşməyə başlayır. Bu zaman antibiotik, antiviral preparatlardan istifadə etməyə başlayırıq. Amma bu dərmanların təbii alternativləri var, hansı ki, immun sistemimizi qoruyur, orqanizmimizi zirehləndirməyə kömək edir. Həmin maddələr vitamin D, C, bir sıra antioksidantlardır. Bəs bu maddələri ən çox nədən alırıq? Təbii ki, qidalardan”.

Dietoloq tərkibi vitaminlərlə zəngin olan qidaları da qeyd edir: “Tərəvəzlər. Qış mövsümündə ən çox istifadə edəcəyimiz tərəvəzlər bunlardır: soğan, sarımsaq, yaşıl bibər, kök, çuğundur, göyərti (keşniş, şüyüd, cəfəri, ispanaq, kahı, kəvər), kələm növləri və s. Yaşıl bibər – tərəvəz və ədviyyat kimi istifadə edilir. C vitamini ilə zəngin olan bibərdə tərəvəzlərin hamısında olmayan P və K vitaminləri də var. P vitamini damar sağlamlığı üçün önəmlidir. K vitamini isə qanın laxtalanma qabiliyyətini artırır. Yaşıl bibər A, B və D vitaminlərini özündə birləşdirən nadir tərəvəzlərdən biridir. Kələm – ən yaxşı toksin çıxarıcı kimi tanınır, olduqca aşağı kalorilidir. A, B və C vitaminləri baxımından zəngindir. Keyfiyyətini uzun müddət saxlayan tərəvəzlərdəndir. İstər bişmiş, istərsə də turşu halında vitaminini uzun müddət saxlayır. Sidikqovucu xüsusiyyətə sahibdir. Pəhriz saxlayanların daha çox istifadə etdiyi kələm qandakı şəkər miqdarını aşağı salır, orqanizmi zəhərli maddələrdən təmizləyir, həzmə kömək edir.

Hansı sitrus meyvəsi ən faydalıdır?

Mövsümi meyvələr – nar, alma, heyva, əzgil, xurma, sitrus meyvələri. Bu meyvələrdən bol-bol qəbul etmək lazımdır. Çünki bu mövsümi meyvələrin hər biri müxtəlif xəstəliklər üçün çox faydalıdır.

Qırmızı ət, yoxsa… Bu mövsümdə daha çox dəniz məhsulları qəbul etməliyik. Xüsusən də okean balıqları daha faydalıdır. O ki qaldı qırmızı ətə, qırmızı ət heç yeyilməli deyil anlayışını qəbul etmirəm. Çünki qırmızı ətlərin tərkibində çox zəngin amin turşuları var.

Süd məhsulları. Gündəlik olaraq süd qrupundan qatıq, kefir qidalarından istifadə etməliyik.

Ədviyyatlar. Ən  güclü antioksidant sarıkökdür. Sarıkökü analiz etsək, görərik ki, onun tərkibi bir çox vitaminlərlə, o cümlədən A, C, E vitaminləri, dəmir elementi ilə zəngindir.

Həmçinin ədviyyatlardan darçın, kətan toxumunu da qeyd etmək olar. Kətan toxumunun tərkibi doymamış yağ turşuları ilə zəngin olduğundan orqanizmin immun sistemini yüksək tutmasına səbəb olur ki, bu zaman da bağırsaqlarımız güclü işləyir. Əlbəttə ki, bağırsaq sağlam olanda orqanizmin immun  sistemi də düzgün çalışır, sağlam olur.

Çərəzlər. Bu mövsümdə qoz, balqabaq tumu, badam və digər çərəzlər qəbul etmək çox faydalıdır”.

Dietoloq orqanizm üçün zərərli olan qidalardan da söz açıb: “Çox təəssüf ki, biz bu gün zərərli qidalar da qəbul edirik, hansı ki, onların tərkibində xeyirli maddələr olmasa da, zərərli maddələr var. Bunlara yarımfabrikat  bişirilmiş şirniyyatlar, dondurmalar, çipsilər, kartof frilər və sairlər aiddir. Beləliklə, karbohidrat qrupuna yox deyəcəyik. Bura daxildir – şəkərlər, müəyyən tərkibli mənşəyi məlum olmayan qidalar, kartof, çörək. Onların yerinə gəlir tərəvəzlər, daha çox çiy tərəvəzlər, çiy tərəvəz salatları, meyvələr, süd məhsulları”.

Dietoloq onu da qeyd edir ki, qış aylarında qidalanmanı müəyyən vaxtlar üzrə bölmək lazımdır: “Belə ki, qış aylarında yuxu hormonu daha çox ifraz olunur. Belə olan halda insanlar qışda daha çox yuxulu, yorğun olurlar. Bu da bizim çəkimizin daha çox artmasına səbəb olur. Melotoninin artıq dövriyyəsi serotonin – xoşbəxtlik hormonunun da daha çox dövr etməsinə gətirib çıxarır. Bu da bizim kökəlməyimizə gətirib çıxarır. Bunu tənzimləmək üçün qida vaxtını düzgün bölməliyik. Yatmazdan 4 saat əvvəl qidamızı yekunlaşdırmalıyıq. Yayda bu, 3 saat idisə, indi məsafə daha da artırılmalıdır. Axşam yeməyində ağır qidaların əvəzinə daha çox ağartı məhsullarını qəbul etməliyik. Deyilənlərə riayət etməklə həm artıq çəkidən, həm də xəstəliklərdən uzaq olarıq”.

Tahir Əmiraslanov — Vikipediya

Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov deyir ki, qış mövsümü özü bildirir ki, hansı yeməkləri qəbul etmək lazımdır: “Əlbəttə ki, insanlar müxtəlifdir və onların strukturları da müxtəlifdir, bu baxımdan qidalanma sistemlərini də hamıya eyni cür tövsiyə etmək olmaz. Kim deyir ki, qırmızı ət yemək olmaz? Qoy bunu deyənlər qırmızı ət yeməsin, bizə qalsın. Qırmızı ətlərdən ən yaxşısı qoyun-malın qara ciyərdir. Qırmızı ətdən nə qədər yemək olar? Çox yemək yaxşı  qidalanmaq demək deyil. Yəni hər şey normal və hər kəsə uyğun porsiyada olmalıdır.

Məsələn, əgər biri idmançıdırsa və yaxud kənd yerində mal-qara ilə, ağır işlərlə məşğuldursa, onların bədənlərinə daha çox zülal lazım olur və onlar böyük porsiyalar qəbul edə bilər. Əlbəttə ki, eyni porsiyanı aktiv hərəkətdə olmayan biri yeyib, gedib ofisdə otursa, əlbəttə ki, bu qida onu öldürə bilər. Bir daha qeyd edirəm, əgər yeyib işləyəcəksə, bu onun orqanizminə xeyir edəcək, yox əgər yatacaqsa və yaxud  aktiv hərəkətdə olmayacaqsa, bu onun üçün ziyanlı olacaq.

Bəzən hansısa dost-tanışdan eşidirsən, fəxrlə deyirlər ki, dünən 3-4 nəfər oturduq, bir qoyunu yedik, 3-4 butulka araq içdik. Amma bu cür qidalanmadan sonra onlar hansı vəziyyətə düşüblər, bunu demirlər. Sonra baxırsan ki, hamısı xəstədir, yaşamaq uğrunda  mübarizə aparırlar. Bu cür adamlar sanki özlərini Koroğluya oxşadırlar. Dastanları oxuyuruq ki, Koroğlu bir oturuma 3-4 qoyunu, dananı yeyir, nə qədər su içir və s.

Adətən vegetarianlıq isti ölkələrdə daha çoxdur, nəinki soyuq ölkələrdə. Məsələn, Tundrada yaşayanlar maral əti yeyir. İndi onlara desək ki, vegetarian olun, bəs onda onlar nə yeməlidirlər? Un qidaları, o cümlədən xəşil, hörrə, xəngəl, düşbərə və sairə, bunlar əsl qış yeməkləridir. Bəzən xaş yeməyinin də orqanizmə ziyanı olduğunu deyirlər. Əgər xaşı yeyib hərəkət edəcəksinizsə, onun heç bir ziyanı yoxdur, əksinə, xeyir var. Amma səhər saatlarında xaşı yeyib, sonra yatacaqsınızsa, bu sizi öldürəcək.

Ümumiyyətlə, elə bir yemək yoxdur ki, onun həm xeyirli, həm də zərərli tərəfləri olmasın. Hər şey situasiyadan, nə qədər qəbul etməsindən, necə aktiv hərəkətdə olmağınızdan asılıdır. Məsələn, dünyada baldan xeyirli nə ola bilər? Səhər bir çay qaşığı bal yesəniz, orqanizmə nə qədər xeyri var. Amma indi təsəvvür edin ki, bir oturuma bir banka bal yeyirsiniz. Əlbəttə ki, bunun orqanizmə zərəri var. Həmçinin dünyada sudan dəyərli heç nə yoxdur. Amma Nizami deyir ki, “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verər o da”.

Yəni çox yemək adamı az yeməkdən də qoyur. Bəzən toya gedənlər stolun üstündə nə görürsə yeyir. İndi toya 100 manat yazdırmısansa, o demək deyil ki, 100 manatlıq yemək yeməlisən. Və yaxud heç kim səni buna məcbur etmir. Deyirlər toylarda ərzaqlara israfçılıq edilir, günahdır. Allah bədənimizi bizə əmanət edib, əslində bədənimizə etdiyimiz israfçılıq ən böyük günahdır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir