Sizə münasibətinizi qaydasına salmaq üçün bir neçə məsləhət verəcəyik. Daha doğrusu, amerikalı alim verəcək.
Texas Dövlət Universitetinin psixoloqu professor Sean Horana görə, televizor hər nə qədər insanlar arasındakı ünsiyyəti azaldan, münasibətləri məhv edən “qara qutu” hesab edilsə də, əslində bu sehirli qutu sizin münasibətinizi qüvvətləndirmək gücünə malikdir.
Cizgi filmlər sizə danışmağı öyrədəcək!
Mütəxəssislər sevgilisi ilə həm xoş zaman keçirmək istəyən, həm də münasibətini qaydasına salmağa çalışan cütlüklərə “The Simpsons” kimi animasiya cizgi filmləri izləməyi məsləhət görürlər. Bu cizgi filmdə ailə başçıları yeni insanlarla tanış olur və əlaqələrini genişləndirirlər. Burada ətrafdakılarla düzgün münasibət qurmaq üçün izləyicilərə müxtəlif faydalı məsləhətlər verilir. Amma bu o demək deyil ki, cizgi filmdə gördüyünüz hər şeyi həyatınızda tətbiq etməlisiniz. Əsla yox. Çünki, belə cizgi filmlər insana danışmağı, düzgün münasibət qurmağı öyrətdiyi kimi boşboğaz olmağı da öyrədir.
Realiti şoular sizi birəşdirəcək
Araşdırmalara görə, realiti şoularda əksər hallarda qrup çalışması nümayiş etdirilir. Bu isə izləyicilər arasında özlərindən aslı olmayaraq bağlılıq yaradır. Bu zaman həmin realiti şounu izləyən insan tərəf müqabili ilə özünü eyni situasiyada təsəvvür edir və onların bu kimi proqramlarda nə dərəcədə ideal cütlük ola biləcəkləri ətrafında düşünür.
Komediyalar səmimiyyəti artırır
Komediya filmlərində əksər hallarda bir-biri ilə dürüst davranan, yalandan tamam uzaq yaşayan obrazlar görürük. Buna görə də psixoloqlar düşünürlər ki, belə film izləmək insanları daha səmimi olmağa, bir-biri ilə dürüst davranmağa səsləyir. Mütəxəssislərin sözlərinə görə, münasibətinizin o qədər də qaydasında getmədiyi zamanlarda sevdiyiniz şəxslə birlikdə izləyəcəyiniz komediya onun sizə qarşı münasibətinə, davranışlarına təsir edə bilər. Əlbəttə ki, komediyalarda gördüklərinizi də şəxsi həyatınıza birbaşa tətbiq etməyiniz məsləhət görülmür. Çünki tam dürüst olmaq da qarşı tərəfi yora bilər. Ən əsası isə unutmayın: “Nə dediyinizdən daha çox onu qarşı tərəfə necə çatdırmağınız önəmlidir”. Bu zaman komediyalarda gördüyünüz sərt açıqsözlülük münasibətinizi daha da korlaya bilər.
Dram izləmək travmaları azaldır
Yuxarıda sadaladığımız proqramlarla yanaşı mütəxəssislərin sözlərinə görə, insanın qarşısındakı şəxsə qarşı münasibətini dəyişməsinə səbəb olan güclü amillərdən biri də dramdır. Dram janrında olan film izlədiyimiz zaman biz psixoloji gərginlik yaşayırırq. Obrazların etdiyi müxtəlif səhvlər, qarşılaşdıqları mənfi obrazlar hər nə qədər qəribə səslənsə də, insanların yaşamağa olan həvəsini, inadkarlıqlarını artırır, insanı sevdiklərinə qarşı daha diqqətli olmağa vadar edir.