vasif eyvazzade

“Bu gün düşündüyümüzə 1 il sonra ehtiyac olmur” – MÜSAHİBƏ

Baxış sayı: 484

Hər zaman zəka və duyğuların gücünə inanıb və mümkünsüz görünən ideyaların reallaşması üçün mübarizə aparıb. Deyir ki, ağılın üstünlüklərindən faydalanıb üzərinə sevgi və duyğuları əlavə etsək, mümkünsüzü bacararıq.

Müsahibimiz Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, Londonda İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının həmtəsisçisi və prezidenti Vasif Eyvazzadədir.

Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsilini, Böyük Britaniyanın Koventri Universitetinin dövlət idarəçiliyi və qlobal müxtəlifliyin idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirib. Hazırda İspaniyanın Barselona Qlobal Biznes Məktəbində biznes innovasiyaları üzrə magistr təhsili alır.

–    Vasif bəy, ömür boyu təhsil prinsipini özünüzə əsas götürmüsünüz. Nə üçün aldığınız təhsillə kifayətlənmirsiniz?

– Hər şey sürətlə dəyişir. Dünyada baş verən dəyişikliklər insanların da buna uyğunlaşmasını zəruri edir. Məncə, insan yaşından asılı olmayaraq hər günün yaratdığı tələbə özünü uyğunlaşdırmalıdır və o tələbi qabaqlamalıdır. Həyatımızdakı prosesləri öncədən müəyyən etmək üçün təhsilə önəm verməliyik. Amma təhsilə də yanaşma fərqli olmalıdır. Bu tək bilik, informasiya mənbəyi rolunu oynamamalıdır. Təhsili inkişaf etdirən bacarıqlar müşayiət etməlidir. Biz əslində bu gün bilikdən çox bacarıq əsrində yaşayırıq. Aldığınız bilik bacarıqla birlikdə fəaliyyətə və dəyərə çevrilmirsə, sizin və cəmiyyətin həyatında böyük məna kəsb etmir. İnsan həyatı boyu özünü təkmilləşdirlməlidir ki, fəaliyyət göstərdiyi istiqamətlərə öz töhfəsini versin.

– 15 il öncə verilən biliklərlə bugünkü tələblər çox vaxt üst-üstə düşmür. Bu günün əsas tələbi nədir?

– Bəli, biliklərin xarakteri dəyişib. Bu gün peşəkar həyatda ən çox önə sürülən məsələ təşəbbüskarlıq və yaradıcılıqdır. Bu rəqabətin birinci xəttidir. Təşəbbüskar və yaradıcı olmağınız üçün siz öz beyninizi düzgün metodlarla işlətməlisiniz. Biz öz potensialımızı idarə edə bilməli və modernləşdirməliyik ki, o, istədiyimiz istiqamətdə nəticə versin. Buna görə də 15 il öncəki təhsillə kifayətlənmək olmaz. Texnologiya əsrində yaşayırıq. Hər gün hansısa informasiyanı istədik-istəmədik alırıq. Ona görə də əvvəlki dövrün insanları ilə bizim dövrün insanları və bugünkü gənc nəslin düşüncələri tam fərqlidir. Çünki bugünkü nəsil dünyaya texnoloji imkanların pəncərəsindən birbaşa baxır və orada gedən sürət onun düşüncə vərdişlərini də dəyişir. Biz yeganə nəsilik ki, keçmişdəki düşüncələri bu günün texnologiyaları ilə uyğunlaşdıra bilirik. Bizdən sonrakı nəsil birbaşa texnologiyanın inkişafına paralel yetişən nəsil olacaq. Süni intellektlə böyüyən nəsillə ötən nəsil arasında ciddi fərq var. O baxımdan təkmilləşmə, bilik, təcrübə çox önəmlidir.

“Təhsil bizi silahlandırmalıdır”

– Keçmişdən gəlib süni intellekt dövrünə düşən nəsil bizik. Onlarla ayaqlaşmaq üçün üzərimizə daha çox məsuliyyət düşür. Bəs keçid dövründə olmağın müsbət tərəfi nədir?

– Müsbət tərəfi odur ki, bizim düşüncələrimizdə konservatizm üçün bir az yer var. Keçmişdə olan xatirələrimizə və vərdişlərimizə bir sıra hallarda söykənə bilirik. Amma indiki nəsil üçün yeni vərdişlər formalaşır. Məsələn, biz həyatı ağıllı telefonsuz təsəvvür edə bilirik. Çünki biz dünyaya göz açdığımız dövrdə belə texnologiyalar yox idi. Lakin indiki nəsil həyatını bunsuz təsəvvür edə bilməz. Bu, ciddi fərqdir. Bəşəriyyətin son 20 ildə əldə etdiyi dəyişiklik sürəti son 2 min ildə əldə etdiyi sürətdən dəfələrlə çoxdur. Bu gün düşündüyümüzə 1 il sonra ehtiyac olmur. 3 il öncə aldığımız təhsilə 3 ildən sonra ehtiyac duyulmur. Yeni ixtisaslar, vərdişlər yaranır. Bu baxımdan təkmilləşməyimiz, yetişməyimiz üçün təhsil və təlim kontekstində inkişafımız çox önəmlidir. Bu, bizi bərkitməli, silahlandırmalıdır.

– Maraqlıdır, tək təhsildə deyil, karyeranızda da bu hərəkətliliyi görürük. Hətta işinizi zirvədə qoyub, fərqli sahəyə üz tutmusunuz.

– İnsanlar təbiətcə fərqli olur. Mənə görə peşəkar dərin düşünən, düşüncəsini ifadə edə, ifadə etdiyini yaza, yazdığını da həyata keçirə bilən insandır. Bunların hər birini karyeramda tətbiq etməyə çalışmışam. Mədəniyyət Nazirliyinə 20 yaşımda təcrübəçi kimi gəldim, aparat rəhbərliyinə qədər yüksəldim. Dövlət qulluğunun bütün mərhələlərini keçdim. Mənə görə mədəniyyət sahəsi bütün sahələrin kökündə durur. Çünki bu günə kimi tariximiz, düşüncəmiz, mədəniyyətimiz, ruhumuzda cəmləşən bütün o dəyərlər nədirsə, bu gün biz iqtisadiyyatımızda da, siyasətimizdə də, digər sahələrdə də oyuq. Ona görə də bu sahə həmişə qürurverici  olub. Xüsusilə də gənc yaşlarında beynəlxalq istiqamətdə işləmək xoş oldu. Demək olar ki, beynəlxalq sferada mədəniyyətlə bağlı ölkə və dünya əhəmiyyətli bütün hadisələrin içində olmuşuq. Prezidentin xarici siyasətdə yürütdüyü məqsədyönlü siyasəti biz mədəniyyət kontekstində nümayiş etdirməyə çalışmışıq. Təbii ki, bu proseslərdə Heydər Əliyev Fondunun öncüllüyünü və dəstəyini həmişə hiss etmişik.

“Böyük ideyalar və fəaliyyətlər yaşla bağlı deyil”

– Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal Forumu, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Əməliyyat qrupuna rəhbərlik etmisiniz, ICESCO üzrə Milli Komissiyanın baş katibi, “Bakı Prosesi” Beynəlxalq işçi qrupunun kordinatoru olmusunuz, hətta 2021-ci ildə Parisdə UNESCO Baş Konfransının Mədəniyyət Komissiyasının prezidenti də olmusunuz. Gənc yaşda ölkə əhəmiyyətli layihələrdə iştirak etmək asandırmı?

– Heç vaxt, heç bir işdən qorxmaq lazım deyil. Mümkün olmayacaq heç nə yoxdur. Sadəcə, daha çox zəhmət, nizam-intizamlı düşünmə, dəyərlərə ruhən daha dərindən bağlılıq və gördüyünüz işi sevmək lazımdır. Hələ bu iş dövlət üçündürsə, onu 10 qat sevmək lazımdır. Çünki gördüyünüz iş tək sizin həyatınızda yox, minlərlə insanın həyatında rol oynayır. Biz bunu dəfələrlə yaşamışıq. Bu gün geriyə dönəndə o işlər bizə sadə gəlir. Amma o dövrün şərtləri və şəraiti ilə çətin idi. Bu məsuliyyət sizdə elə bir nizam-intizam yaradır ki, daha yaşınızı düşünmürsünüz. Mənə elə gəlir ki, böyük ideyalar və fəaliyyətlər yaşla bağlı deyil. O işləri aparan insanların yaşı o işlərin dəyəri qədərdir. 50 yaşlı insanların işini görmüşüksə, deməli, həmin vaxt o yaşda olmuşuq. Mən həqiqətən fəxr edirəm ki, Prezident İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü “Bakı Prosesi”nin ilk günündən beynəlxalq gündəlikdə yer alması, universallaşmasına töhfə verənlərdən olmuşam. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra irəli sürdüyümüz daha bir təşəbbüsün “Mədəniyyət naminə Sülh Qlobal Çağırışı”nın həm dövlətimiz, həm də beynəlxalq tərəfdaşlarımız tərəfindən dəstəklənməsi bizi qürurlandırır. Belə düşünürəm ki, böyük ideyalar və layihələr insanın düşüncəsinin, biliyinin, bacarıqlarının və duyğularının miqyasını genişləndirir və siz o çərçivəyə uyğunlaşmağa çalışırsınız.

– Bəs mədəniyyət sferasında beynəlxalq fəaliyyətin çətinlikləri nədir?

– Mədəniyyət sahəsində beynəlxalq fəaliyyətin özəlliyi odur ki, istənilən layihə üzrə haradasa təşəbbüs olubsa bilirsiniz ki, birmənalı olaraq Ermənistan buna qarşıdır. Bu, birinci mübarizə meydanıdır. İkinci mübarizə meydanı odur ki, Ermənistan nə təşəbbüs edirsə, deməli, sizə qarşı edir. Hər iki cəbhədə savaşmalısınız. Bu proseslərdə digər dövlət orqanlarının da əməyi olub. Amma nəticə etibarilə hamımız əmin idik ki, dövlətimiz arxamızdadır. Bilirdik ki, dövlət onun marağını müdafiə edəni dəstəkləyəcək. Bu bizə əlavə güc verirdi və hər biri də xeyrimizə tamamlanırdı.

– Vasif bəy, Yaradıcı Sənayelər Federasiyası hansı zərurətdən yarandı?

– Beynəlxalq fəaliyyətlərlə yanaşı, ölkəmizin yaradıcı potensialının da iqtisadiyyatı formalaşmalıdır. Yaradıcı iqtisadiyyat biznes modelində düzgün inkişaf etməlidir və yaradıcı insanlar bunu öz həyatlarında hiss etməlidir. Ona görə 2019-cu ildə Kreativ Azərbaycan platforması irəli sürüldü. Bu təşəbbüsün də əsas məqsədi o idi ki, ölkədə yaradıcılıq biznesinin maarifləndirilməsi gücləndirilsin, dövlət- özəl sektor tərəfdaşlığı inkişaf etdirilsin. Nəticədə ölkəmizin yaradıcı iqtisadi potensialı önə çıxsın. Azərbaycan Yaradıcı Sənayelər Federasiyasını formalaşdırmaq üçün nazirlikdən ayrıldım. Təcrübələrimə əsasən, dövlətin nə düşündüyünü bilərək biznesin nə düşündüyünü öyrənib bunu düzgün bir modeldə cəmiyyətimizə təqdim etməyi düşündüm. Çoxsaylı layihələrimiz var. Həm ölkədə yaradıcı məhsul və xidmətlərin biznesini təmin edən yeganə platformanın – Artsale (www.artsale.az) – yaranmasına dəstək oluruq, həm də sənətkarların və bütün sənət növlərinin datasını yaratmaq üçün “Azərbaycan sənətkarları” layihəsi üzərində çalışırıq. Eyni zamanda, UNESCO-nun konvensiyaları çərçivəsində çoxsaylı təlimlər təşkil edirik və hazırda “İrs Azərbaycan”  ictimai platformasının yaradılması üzərində də ayrıca çalışırıq.

– Bu platforma ölməkdə olan sənətlərin dirçəlməsində rol oynaya bilərmi?

– Bəli. Hər biri təhlil olunaraq inkişafına dəstək planlaşdırılır. Təbii ki, buna paralel olaraq təlimlərlə dəstək veririk. Məqsəd bir tərəfdən data yaratmaq, digər tərəfdən o datanı idarə edən peşəkar mütəxəssislər formalaşdırmaqdır. 3-cü istiqamətdə bu sahənin formalaşması və inkişafında bir-birinə kəsişən dövlət qurumları arasında ciddi əlaqələndirmə mexanizmi formalaşmalıdır. Beynəlxalq təcrübə göstərir ki, bu istiqamətdə təşkilatlanma zəruridir. Ənənəvi istiqamətlərlə yanaşı, müasir sənaye sahələrinin də formalaşmasına töhfə verməyə çalışırıq. Bu gün dünya iqtisadiyyatında yaradıcı sənayelərin çox böyük payı var. Bir çox ölkələrdə maliyyə vəsaiti kimi insanların həyatında rol alır. Biz də istəyirik ki, bunun biznes tərəfini ölkəmizdə formalaşdıraq.

– 1996, 1999 və 2000-ci illərdə poeziya nominasiyası üzrə qalib olmuşunuz. Poetik düşüncə karyera fəaliyyətinizdə rol oynayıbmı?

– İlk şerimi 5-ci sinifdə yazdım. Müəllimlərim mənə dəstək oldular və şerlər yazıb, müsabiqələrdə iştirak edirdim. Bütün məktəb, universitet tədbirlərində çıxış edirdim. Bu, mənim sonrakı iş həyatımda konfranslarda çıxış etməyimə kömək oldu. Sonrakı peşə həyatımdan poetik yaradıcı ruh məni ideyaların, layihələrin verilməsinə yönəltdi. Şer yazmıram, amma fikir yaratmaq bacarığını ideya və layihələr kimi verirəm.

“Nəticə olaraq deyil, avans olaraq baxmışam”

– Siz həm də ən gənc “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanlardan birisiniz, hətta daha sonra ölkə başçısı tərəfindən diplomla da təltif olunmusunuz. Bunu fəaliyyətinizin nəticəsi kimi qiymətləndirirsinizmi?

– Cənab Prezident tərəfindən 2016-cı ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundum. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal Forumu ətrafında böyük təkliflər, proseslər olmuşdu və biz komanda olaraq onu yüksək səviyyədə həyata keçirdik. Həmin orden bizim komandanın əməyinə ölkə rəhbərliyinin verdiyi qiymət idi. Mən ona nəticə olaraq deyil, avans olaraq baxmışam. O da bir məsuliyyət, öhdəlikdir. Onu doğrulatmaq üçün daha çox vətənə xidmət etmək lazımdır. Bunun üçün də işlədiyin iş, yaşadığın yer, olduğun mühit rol oynamamalıdır. Hər bir Azərbaycan vətəndaşı ömür boyu təhsil olduğu kimi, vətənə xidməti də ömür boyu həyata keçirməlidir.

– Dünya Sülh Laboratoriyasından danışaq. Bu laboratoriya nəyə xidmət edəcək?

– Bu gün dünya xaos dövrünü yaşayır. Ox yaydan çıxıb. İdarəolunmaz, proqnoz verilməyəcək bir mərhələyə gəlib çatmışıq. Müharibələr kontekstində bu mərhələ hər birimizi narahat edir. Bilirsiniz ki, biz Londonda İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurası adlı beyin mərkəzi qurmuşuq və əsas məqsədimiz tərəfdaşlarımızla birlikdə sülh və insan təhlükəsizliyi istiqamətində elmi araşdırmalar və məsləhət xidmətləri həyata keçirməkdir. Məhz bizim beyin mərkəzimiz dünyada qlobal kontekstdə sülhü təşkil edən bütün tərəfləri –  alimləri, tələbələri, QHT-ləri bir araya gətirən sülh laboratoriyasını formalaşdırmaq layihəsi üzərində çalışır. Bu laboratoriya sülhlə bağlı təlim və tədris proqramları həyata keçirməlidir.

– İqtisadiyyat, sülh, mədəniyyət, siyasət… Bir-birindən fərqli 4 sahədə fəaliyyətiniz olub. Növbəti ideyanız və ya planınız nədir?

– Açığın deyim ki, ideyalar çox, zamanımız isə azdır. Bu gün dünyada dəyər yaradan yaradıcı insanlar, şirkətlər, ictimai təşkilatlarla yaxından işləyən beynəlxalq təsisat yoxdur. Bu mənada, böyük səslənsə də,  UNESKO-ya paralel, yaradıcı sahələrdə formalaşan insanları, şirkətləri və təşkilatları birləşdirən qlobal təşkilat yaratmaq barəsində düşünürəm. Məsələn, Ümumdünya Yaradıcı Sənayelər Təşkilatı. Yaxın 3 il ərzində bu ideyanı həyata keçirməyi qarşıma məqsəd qoymuşam. Bu təşkilatın əsas rolu məhz bütün yaradıcı şirkət, şəxs və insanlarla işləmək olacaq. UNESKO əsasən dövlət strukturları ilə işləyir. Dəyər yaradanlarla işi bəlkə də 5 faizdir. Amma bu gün yaradıcı sahədə dəyər yaradanlarla işləyən qlobal təşkilat yoxdur. Bu təşəbbüsü məhz bizim ölkənin ideyası olaraq yaratmağı düşünürük. BMT sistemində beynəlxalq təşkilatların çoxu 2-ci Dünya müharibəsindən sonra formalaşıb. Onlar formalaşdığı zaman beynəlxalq münasibətlər sistemi fərqli olub və təşkilatlar həmin dövrün ənənəvi sahələrinə uyğun yaradılıb. Bu gün yeni sahələr yaranıb və o təşkilatın formalaşmasını zəruri hesab edirik. İlkin olaraq bir sıra beynəlxalq səviyyədə tanınmış həmkarlarımızla bu barədə fikir mübadiləsi aparmışıq və çox müsbət qarşılanıb. Sonda məşhur ifadəni qeyd edim – insan ölə bilər, ancaq ideya heç vaxt ölmür! Ona görə də ölkəmizin, xalqımızın və beynəlxalq cəmiyyətin inkişafına töhfə vermək üçün biz bu yolda davam edəcəyik.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir