Dünyanın bir çox guşələrində sivilizasiyadan uzaq düşən tayfalar yaşamaqdadır. Onların özünəməxsus həyat tərzi və ən əsası bir çoxlarının marağına səbəb olacaq qəribə adət-ənənələri mövcuddur. Onlardan bəzilərini sizə təqdim edirik.
Madaqaskar
Madaqaskarda “Famadiha” adlı festival zamanı insanlar ölən qohumlarını qəbirlərdən çıxararaq onlarla rəqs edir, bayram keçirirlər. Qeyd edək ki, Madaqaskarda ölülər hər il aprel və oktyabr aylarında məzardan çıxarılır və yeni geyimlərlə bəzədilir. Ölünün qohumları onunla rəqs etdikdən sonra cəsəd yenidən məzarına qoyulur. Xalq bu ənənə ilə ölüləri qürurlandırdığına və müqəddəsləşdirdiyinə inanır. Lakin nəhayət ki, 2017-ci Madaqaskar hökuməti ölkədə hər il keçirilən “Famadihana” festivalını ləğv edib. Hökumət bu qərarı yoluxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısının alınması məsqədilə verib.
Yeni Qvineya
Yeni Qvineya adasının və İndoneziyanın bəzi rayonlarının ən qədim əhalisi olan papuaslarda evliliklə bağlı maraqlı adət mövcuddur. Belə ki, evlənmək istəyən gənc öz saçlarını tütün yarpaqlarının arasına qoyaraq özünə qalın siqar düzəldir. Siqarı yarısına qədər çəkən oğlan onu anasına verərək bəyəndiyi qızın adını çəkir. Ana isə siqarı həmin qızın evinə gətirərək, qıza verir. Əgər qız siqarı axıra kimi çəkərsə, bu, onun razılıq verməsi deməkdir.
Efiopiya
Efiopiyanın Omo vadisində yaşayan Bodi qəbiləsi maraqlı adətləri ilə diqqəti çəkir. Hər il Bodi qəbiləsi Yeni il şənlikləri ilə əlaqədar “Kök adam” yarışı təşkil edirlər. Yarış dövrü üçün hər kənddən gənc kişilər seçilir. Həmin şəxslər 6 ay ərzində inək qanı və südlə qidalanaraq çəkilərini mümkün qədər artırmağa çalışırlar. Vaxtın tamamında ən ağır çəkili kişi mükafatlandırılır.
Qrenlandiya
Qrenlandiyadakı eskimos tayfaları qorxunc adət-ənənələri ilə tanınırlar. Onlar yaşlanmış valideynlərini uzaq bir yerə apararaq, oradaca tərk edirlər. Qocalar burada aclıqdan və soyuqdan donaraq ölürlər.
Keniya
Keniyanın massai qəbiləsində ərə getmiş elə bir qız yoxdur ki, atası toy günü onun üzünə tüpürməsin. Toy günü qızının üzünə tüpürməmiş ata günaha batmış olur. Onların düşüncələrinə görə beləliklə ata qızına sanki xeyir-dua verir.
Braziliya
Braziliyada yaşayan yonamana qəbiləsinin də bir çox qəribə adət-ənənələri var imiş. Məsələn, onlarda ölən insan yandırıldıqdan sonra onun külü ailə üzvləri arasında bölüşdürülərək, yeyilir.
Hindistan
Hindistanın şimal-şərqində məskunlaşan apatani qəbiləsində gözəl qadınları müxtəlif vasitələrlə eybəcərləşdirirlər ki, düşmən qəbilələrinin diqqətini çəkməsin. Eybəcərləşdirmə prosesinin ən geniş yayılmış növü isə burunun böyüdülməsi hesab edilir. Bunun üçün onlar gənc qızların burnuna taxtadan olan xüsusi “cihaz” yerləşdirirlər.
İndoneziya
İndoneziyada yaşayan torayan adlı etnik qrup üçün cənazə mərasimi çox önəmlidir. Bir ailənin dəfn mərasimi üçün lazım olan vəsaitin toplaması üçün uzun zaman tələb olunduğuna görə, bu müddət ərzində mərhum geyindirilərək , evin zirzəmisində saxlanılır. Onların düşüncələrinə görə, mərhumun nəinki cəsədi, həmçinin ruhu da dəfn olunana qədər onlar ilə yaşayır.
Amazon meşələri
Ava guaja adlı qəbilənin qadınları Amazon meşələrindəki vəhşi heyvanları özləri əhilləşdirirlər. Qəbilə qadınları meymunların insanlara bənzədiyini düşünür və əsasən meymun balalarına analıq edirlər.
Samirə Tağıyeva