sigorta

Sığorta bazarı böyüyür, bəs keyfiyyət?

Baxış sayı: 650

Azərbaycan sığorta bazarı 12 faizə yaxın böyüyüb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında sığorta yığımlarının həcmi 731 milyon 220 min manat təşkil edib. Bu rəqəm ötən illə müqayisədə 11,6 faiz çoxdur. Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 14,7% azalaraq 318 milyon 615 min manat təşkil edib.

Bazar böyüyür, bəs keyfiyyət? Bu artım hansı nəticələri verəcək? Böyümənin fonunda sığorta ödənişləri artacaqmı?

 

“Sığorta şirkətlərinin verən əli bağlanıb, alan əli çoxalıb”

Sığorta üzrə ekspert İlkin İbrahimov deyir ki, bu statistika ilə sığorta şirkətlərinin gəliri artıb, lakin ödədiyi məbləğlər azalıb: “Bazar böyüsə də, ötən illə müqayisədə sığorta ödənişlərində təxmini 17 faiz geriləmə var. Yəni bu da o deməkdir ki, sığorta şirkətlərinin verən əli bağlanıb, alan əli çoxalıb. Yəni çox alır, az verirlər. Lakin bunun əksi olmalı idi”.

Hadisələr əvvəlki kimidir, amma…

Mütəxəssis deyir ki, bazarda ümumi qiymətlər qalxdığı üçün sığorta ödənişləri sərfəli deyil: “Məsələn, sığorta şirkətlərinin daşınmaz əmlakla bağlı əmlak xidmətlərində hazırda tikinti materiallarının qiyməti qalxıb. Avtonəqliyyat vasitələri ilə bağlı xidmətlərdə də həm xidmət, həm də detalların qiymətləri dəyişib. Əlavə olaraq, həyat sığortası da tibbi xidmətlərlə bağlıdır. Bu gün bilirik ki, tibbi xidmətlər və dərman məhsullarında bahalaşma gedib. Əgər məntiqi nəticə çıxarırıqsa, burada sığorta ödənişləri də artmalı idi. Hadisələr əvvəlki kimidir, üstəlik inflyasiya var, amma sığorta ödənişlərini daha çox sıxır, yığımları artırırlar. Bu yığımların ötən illə nisbətdə artım tempi həyat sığortalarında görünür. Yəni, həyat sığortaları ölkəmizdə daha çox yığımlara malikdir. Hansı işçilərin əmək müqaviləsi varsa, onlar istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı məcburi sığortalanır. Bu hissədə məcburilik olduğu üçün yığım daha yaxşıdır. Amma ödənişlərə gəldikdə, təəssüf ki, bir qədər passivdir”.

Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 303,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 % çoxdur.

“Vətəndaşları məmnun etmək üçün görülən işlər kifayət deyil”

Ekspert deyir ki, sığorta sahəsində problemlərlə bağlı Mərkəzi Bank işlər görür, lakin onun səviyyəsi lazımi səviyyədə deyil: “Məsələn, narazılıqların olduğu sahələrdən biri avtonəqliyyat vasitələrinin icbari sığortası idi. Bu qaydalara dəyişiklik oldu. Oktyabrın 1-dən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılıb. Zərərlərin birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həyata keçiriləcək. Yəni indiyədək sığorta haqlarının hesablanmasında yalnız nəqliyyat vasitəsinin mühərrik həcmi, nəqliyyat vasitəsinin tipi nəzərə alınırdısa, indi artıq nəqliyyat vasitəsini idarə edən şəxsin yaşı, sürücülük təcrübəsi, nəqliyyat vasitəsinin istismar müddəti, nəqliyyat vasitəsinin idarə olunduğu inzibati ərazi və digər faktorlar nəzərə alınır. Sığorta haqlarının hesablanması ədalətli yanaşma prinsipinə əsaslanır. Üstəlik, artıq zərərlərin birbaşa tənzimlənməsi ilə əlaqədar yeni qaydalar tətbiq olunub. Hadisə baş verən zaman sığortalı şəxs ona zərər vuran şəxsin sığorta şirkətinə müraciət etmək məcburiyyətində deyil. O, artıq öz sığorta şirkətinə müraciət edə bilər. Yəni vətəndaş məmnunluğunun artırılması ilə bağlı bu işlər də gedir. Lakin bu, kifayət deyil”.

Zərərliliyi yüksək olan növlərdə artım olursa…

Sığorta üzrə mütəxəssis Kamran Babayev deyir ki, bazarın böyüməsi sığorta ödənişlərinə dərhal təsir etməyəcək: “Ümumiyyətlə, böyümənin təsiri sığorta növlərinə görə dəyişir. Məsələn, hadisəsi az, zərərliliyi aşağı olan növlər artıbsa, bu zərər ödənişlərinə ciddi təsir etməyəcək. Zərərliliyi yüksək olan növlərdə artım olursa, bu halda əlbəttə ki, bu, sığorta ödənişlərində də özünü göstərəcək. Amma bu da dərhal olmayacaq. Artım bazarda baş verir. Bir müddət keçdikdən sonra hadisələrin sayında, zərərlərdə, ödənişlərdə özünü göstərir”.

 

Keyfiyyətə gəldikdə isə…

Keyfiyyətə gəldikdə isə, mütəxəssis deyir ki, keyfiyyət haqqında bir neçə ay sonra danışmaq olar: “Çünki Mərkəzi Bankın və İcbari Sığorta Bürosunun etdiyi son yenilik – zərərlərin birbaşa tənzimlənməsi sisteminin tətbiqi yeni olduğu üçün qiymətləndirmə baxımından vaxt lazımdır. Sığorta bazarında şirkətlərin göstərdiyi xidmət səviyyəsinin artırılması gözlənilir. Uzun müddət idi sığorta haqlarında heç bir dəyişiklik olmurdu və ona görə də sığorta şirkətləri demək olar ki çoxu zərərlə işləyirdi və ya mənfəət əldə edə bilmirdi. Bu da əlbəttə ki, xidmətin keyfiyyətinə, təsir edirdi. Bir neçə aydan sonra artıq bunun nəticəsini təhlil etmək və nəticələrə gəlmək olar. Amma proqnoz kimi deyə bilərəm ki, avtomobillərin icbari sığortası bazarı böyüyəcək və xidmət səviyyəsi artacaq”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir