aile

Əyyaş kişi və isterik qadın…

Baxış sayı: 591

Sonu dəhşətlərlə bitən ailə münaqişələri artmaqda davam edir. Vəziyyət düzəlmək əvəzinə, daha da pisləşir. Durum o qədər kritikləşib ki, artıq təkcə kişilər arvadını deyil, qadınlar da ərini öldürür. 

Görünən budur ki, ailə münaqişələrinin qarşısının alınması üçün görülən işlər effekt vermir, çünki konsepsiya yanlışdır. Ailə münaqişələrinin baş verməməsi üçün media vasitəsi ilə aparılan təbliğat-təşviqat işlərini oxuyan, dinləyən kəsimə əslində bunları deməyə bir o qədər ehtiyac yoxdur. Onlar zatən problemləri sivil yolla həll etməyi bu və ya digər şəkildə həll edə bilən insanlardır. Ailə faciələri əsasən savadsız, mediadan, mütaliədən uzaq ailələrdə baş verir. Odur ki, müvafiq qurumlar bu istiqamətə yön almalıdır. Təşviqat işləri ucqar məhəllələrdə, polisin konfliktli ailə kimi qeydə aldığı ailələrdə aparılmalıdır.

İkincisi, bu gün çoxları məsələyə konseptual deyil, cari yanaşırlar. Yəni tutaq ki, bir kişi qadını döyübsə, öldürübsə, burada təbii ki, cani, müqəssir kişidir. Amma baiskar kimdir, məsələ niyə bu həddə gəlib çatıb? Səbəb aradan qalxmayınca, cinayətlər də dayanmayacaq.

Ailə konfliktlərinin səbəblərinə dair araşdırma aparanda nəlum oldu ki, indiyədək aparılan işlər zamanı ünvan və subyektlər düz seçilməyib, konsepsiyalar yanlış qoyulub. Təbii ki, belə olan şəraitdə hansısa effektdən, nəticədən danışmaq yersizdir.

O araşdırma zamanı – ekspertlərdən aldığım bilgilər, topladığım faktların yekununda gəldiyim qənaət bu oldu ki, ailə-məişət zəminində baş verən qətllər, döyülmələr, konfliktlər – bütün faciələr Allahın, Peyğəmbərin, təbiətin qanunlarını, cəmiyyətin, toplumun yazılmamış qaydaları pozmaqdan başlayır.

Azərbaycanın özünəməxsus ailə, kişi, qadın dəyərləri var. Biz gözümüzü açıb belə gördük, kitablardan belə oxuduq ki, kişi qayğıkeş olmalıdır, ailəcanlı olmalıdır, əyyaş olmamalıdır. Eyni zamanda xüsusilə qavradıq ki, qadın zərifdir, qadın bağırmaz, qadının səsi məhəlləni başına götürməməlidir, qadın ərinə, qardaşına mədəni davranmalıdır. Amma cəmiyyətə baxaq – hansı mənzərəni görürük?..

Təbii, Azərbaycanda mövcud olan 2 milyondan bir qədər çox ailənin böyük faizi normaldır. Böyük-kiçik yeri bilinən ailələrdə hansısa xırda söz-söhbət olsa da, onu yoluna qoymaq mümkündür və problem yaşanmır. Sosial problemlər də münaqişələrdə rol oynayır. Amma faciələr yaşanan ailələrə diqqət edək – əksəri savadsız, əyyaş, məsuliyyətsiz, bivec, isterik cütlüklərdir. Bəzilərində suçlu, anormal və günahkar kişidirsə, bir çoxlarında da məhz bu faciələrin baiskarı qadınlardır. Bunun fərqinə varmadan, bütün günahları kişilərin üzərinə yükləyib, yalnız qadınların müdafiəsinə qalxmaq çox pis nəticələrə səbəb olur: Ardınca bir çox qadınlarda da elə təəssürat yaranacaq ki, onlar necə istəsə davranacaq, sonda kişi məzəmmət ediləcək. Bir sıra təşkilatlar qrant naminə gender balansı pozulması fonunu yaradır, bu durdurulmalıdır. Təşviqat sırf dəyərlər üzərindən aparılmalıdır.

“Bütün günahlar kişilərdədir” yanaşması ilə heç nəyə nail ola bilməyəcəyik, xanımlar və cənablar! Dünən elə bu məsələlərə dair facebookda ironik status yazmışdım. Normal kişilər, qadınlar normal şəkildə müzakirələr aparırdıq. Birdən bir qız gəldi, aqressiv bir şərh yazdı. Özü də tam haqsız, birbaşa ittiham edir, söyməyə fürsət gəzir. Nəzakətlə davranmağa səslədim, daha da aqressivləşdi… Təsəvvür edin ki, bu qız ailə qurub, ərinə bağırır, kişi nəzakətli ol deyir, kirimir, hayqırır. Sonu nə olacaq? Nəinki Şərq kişisi, avropalı ilə də belə davranan qadın faciə yaşayacaq…

aile

Gəldiyim qənaət odur ki, bu problem 1-2 ilə həll olunası iş deyil. Hələlik isə çıxış yolu dolana bilməyəndə boşanmaqdır.

Problemin qarşıdakı 10 illikdə köklü həlli üçün biz övladlarımızı mədəni yetişdirməliyik, təhsil verməliyik. Xüsusi ilə qızlarımızı oxutmalı, savadlı insan etməliyik. Çünki cəmiyyətin inkişafı daha çox qadınların intellektuallığına bağlıdır. Övladı ata deyil, məhz ana tərbiyə edir. Ana özü problemlidirsə, isterikdirsə, onun tərbiyə verdiyi nə olacaq? Bax, elə bu gün cəmiyyətdəki neqativlərin başlıca səbəbi qadınların çoxunun savadsız, qeyri-kübar olmasının nəticəsidir! Tərbiyəsiz bir kişi varsa, araşdırın, onu bu cür məhz anası böyüdüb… Odur ki, qızlarımıza xüsusi diqqət edək, millətin gələcəyi analardan asılıdır!

 

Elşad Məmmədli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir