Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər Ramazan ayında həkimlərin icazəsi ilə oruc tuta bilərlər. Lakin həyati təhlükələrdən qorunmaq üçün bəzi tövsiyələrə əməl etməlidirlər. 11 ayın sultanı Ramazan ayında yanlış qidalanma vərdişləri yükü artırsa, fəsadlara yol aça bilər. Bəs ürək-damar xəstəlikləri olanlar oruc tutduqları zaman nələrə diqqət etsinlər?
Ürək-damar xəstələri yalnız həkimlərinin icazəsi ilə oruc tuta bilərlər. Həkim icazə vermədikdə oruc tutmaq həyati təhlükələrə səbəb ola bilər.
“Məsləhətləri qulaqardına vurmaq bu prosesdə ciddi təhlükələr yarada bilər. Dünyada bu mövzuda çoxlu araşdırmalar aparılsa da, bəzi məsələlərdə hələ də konsensus yoxdur. Buna görə də hər bir xəstə müvafiq həkim tərəfindən ayrıca qiymətləndirilməlidir. Bu qərar həkimlə birlikdə verilməlidir”, – deyə Acıbadem Taksim Xəstəxanasının ürək-damar cərrahiyyəsi üzrə mütəxəssisi Masit Bitargil bildirib.
Bitargil ürək-damar xəstəlikləri riski altında olan, lakin həkimləri tərəfindən nəzarətli şəkildə oruc tutmalarına icazə verilən xəstələrin diqqət etmələri lazım olan beş əsas məqamı açıqlayıb:
İftar-sahur arası su
Həkim ürək-damar problemləri olan, lakin həkimləri tərəfindən nəzarətli şəkildə oruc tutmağa icazə verilən xəstələr üçün orqanizmin susuz qalmamasının həyati əhəmiyyət daşıdığını vurğuladı.
“Su balansına məhəl qoyulmazsa, hipovolemiya (orqanizmin susuzlaşması) səbəbindən ürəyə yüklənmənin artması, huşunu itirmə, infarkt və ölüm kimi hadisələr baş verə bilər. Bu səbəbdən, xüsusilə iftar və sahur arasında nizamlı aralıqlarla təxminən 2-2,5 litr su istehlak etmək vacibdir”.
Qidalanmaya diqqət edin!
Bitargil susuzluğu oyandıracaq duzlu, ədviyyatlı qidalardan, turşulu və şəkərli içkilərdən uzaq durmaq lazım olduğunu vurğulayaraq, tərəvəz və göyərti ilə zəngin qidalanmanın, qırmızı ət yerinə balıq istehlak etməyin, qaynadılmış yeməklərə üstünlük vermənin daha sağlam olduğunu söyləyib. Şərbətli xəmir və şirniyyatlardan, tərkibində həddindən artıq duz olan qidalardan uzaq durmaq da ürək-damar sağlamlığı üçün vacibdir.
Dərmanları ixtisar etməməli
Bitargil ürək-damar riski olan bir xəstənin həkimə müraciət etmədən oruc tutması halında ciddi həyati təhlükələrin yarana biləcəyini ifadə etdi. O, Ramazan ayında həkimlə dərmanların və dərman saatlarının tənzimlənməsinin və həkimlə sıx ünsiyyətdə olmağın vacib olduğunu vurğulayıb.
“Xüsusilə də antikoaqulyantlardan istifadə etməli olanlar qan durulaşdırıcıları qəbul etməyi dayandırsalar və ya istifadə etməməyə başlasalar, insult riskindən həyat itkisinə qədər ağır nəticələrlə üzləşə bilərlər.
Məşq edərkən diqqətli olun!
Ramazan ayında fiziki fəaliyyətlə məşğul olmaq istəyən ürək-damar xəstələri bəzi məqamları nəzərə almalıdırlar. “Yanlış zamanda edilən fiziki fəaliyyət onsuz da susuz qalmış bir insanın ürəyinə yükü daha da artıraraq, arzuolunmaz nəticələrə, huşunu itirməyə və infarktlara səbəb ola bilər. Buna görə də idmanla məşğul olmaq istəyənlər axşam iftar etdikdən sonra 2-3 saat ərzində, həkim icazə verərsə, 30-40 dəqiqə gəzə bilərlər”,-deyə o bildirib. Əsas şərt hərəkətsizlikdən çəkinməkdir.
Kifayət qədər yuxu alın!
M.Bitargil Ramazan ayında kifayət qədər yatmağın beynin düzgün qərar vermə mexanizmi, yaddaş və məntiqi təfəkkür kimi idrak funksiyaları üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Kifayət qədər yuxu almamaq həm də səhv qərarlar qəbul etməyə, gün ərzində əsəbi olmağa, qəzəb, baş ağrılarına və daha yüksək stress yüklərinə səbəb olacaq. Bunlar birbaşa və ya dolayı yolla ürəyin iş yükünü artıracaq və arzuolunmaz hadisələrə səbəb ola bilər. Bu baxımdan, iftardan sonra və sahurdan əvvəl gecələr ən azı dörd saat fasiləsiz yatmaq, sahurdan sonra bir neçə saat daha yatmaq və gün ərzində 20 dəqiqəlik kiçik yuxular almaq faydalıdır.
Nərminə Abbasova
Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)