pul

Pulumuzu yenidən evdə saxlayacağıq?

Baxış sayı: 505

2021-ci ilin avqust ayından sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, 2023-cü il aprelin 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb.

 

“Depozit faizləri artırılsa…”

Millət vəkili Vüqar Bayramov dedi ki, fevral ayında depozit məbləğlərinin azalacağı gözlənilən idi: “Depozit gəlirlərinə verginin tətbiq olunması bir sıra əmanət sahiblərində vəsaitlərini banklarda saxlamaqla bağlı müəyyən tərəddüdlər formalaşdırmışdı. Bu amil əmanətlərin ümumi məbləğinə təsir göstərdi”.

Deputatın sözlərinə görə, depozit faizləri artırılsa, azalma olmayacaq: “Mərkəzi Bankın açıqlamaları ondan ibarət idi ki, kommersiya bankları tərəfindən depozit faizlərinin artırılması həyata keçiriləcək. Bu da depozit gəlirlərinə tətbiq edilən verginin əsasında yaranan xərcin kompensasiya olunmasına imkan yaradacaq. Amma monitorinqlər göstərir ki, əksər banklar tərəfindən depozit faizlərində artımlar olmadı. Vergi xərclərinin kompensasiyası həyata keçirilmədi. Banklar tərəfindən vergi tətbiq olunduqdan sonra depozit faizlərinə baxılması, artırılması məqsədəuyğun olardı. Xüsusən də sistem əhəmiyyətli banklarda depozit faizləri yüksək deyil. Faizlərin müəyyən qədər artırılması banklara depozitlərin cəlb edilməsinə yenidən stimul yarada bilərdi”.

 

Vergi depozit gəlirlərinə tətbiq olunur

V.Bayramov bildirdi ki, digər problem məlumatlandırma və maarifləndirmə ilə bağlıdır: “Bəzi depozit sahiblərində belə bir yanaşma formalaşıb ki, vergi depozit məbləğinə tətbiq olunur. Əslində isə vergi depozit gəlirlərinə şamil edilir. Əgər vətəndaşın bankda 10 min manat depoziti varsa, o pulu 8 faizlə yerləşdiribsə, onun illik gəliri 800 manatdır. Həmin 800 manat 10 faiz vergiyə cəlb olunur, yəni 80 manat vergi ödənilir. Vətəndaş bu halda 800 deyil, 720 manat gəlir əldə edir. Banklar tərəfindən məlumatlandırma düzgün qurulsaydı, depozit məbləğində azalmalar müşahidə olunmazdı”.

Millət vəkili bununla bağlı təkliflər təqdim etdiklərini bildirdi: “Xüsusən kommunikasiyanın gücləndirilməsi, depozit faizlərində, dividendlərdə banklar tərəfindən artım olması ilə bağlı təkliflərimizi təqdim etmişik. Bunlara baxılması və nəzərə alınması banklarda əmanət portfelinin artımını stimullaşdıracaq”.

Yaxın vaxtlarda 4-5 bank bağlana bilər

Bank məsələləri üzrə ekspert Azər Balamedovun fikrincə, dünyada baş verən proseslər fonunda əmanətlərin vergiyə cəlb edilməsi qərarı düzgün deyildi: “İnflyasiya, makroiqtisadi göstəricilər, əmək bazarı ilə bağlı vəziyyət nəzərə alınmalı idi. Dünyada gedən prosesləri nəzərə alsaq, bunu etməmək də olardı. Çünki qərb ölkələrində bank böhranı başlayıb. Keçən ildən də əlamətləri var idi. Dünyada bankların batması prosesi gedir. Proses, çox güman, bu ilin sonuna qədər davam edəcək. Bank böhranları fonunda bizdə depozitlərə tətbiq olunan vergilər bank sektoruna zərbədir. Dünyada vəziyyət düzələndən, iqtisadiyyatlar artım tempinə keçəndən sonra bu yeniliyin tətbiqi daha yaxşı olardı. Amma iqtisadiyyatın real inkişafını da 2024-2025-ci illərdə gözləmirəm. 2026-2027-ci illərdə hansısa artım ola bilər. Bu qərar əsasında bizdə də kiçik banklar iflas edə və böyük banklar tərəfindən udula bilər. Yaxın vaxtlarda 4-5 bankın bağlanmasına və ya böyük banklar tərəfindən udulmasına şahid olacağıq”.

 

Pul kütləsi bir bankdan digərinə keçid edəcək

A.Balamedov dedi ki, qərar müəyyən məbləğə qədər olan depozitlərə tətbiq edilməyə bilərdi: “Depozitlər əsasən orta təbəqə insanlara aiddir. Vergini varlı kateqoriyaya tətbiq etmək olardı. Onlar üçün bu faiz onsuz da elə də böyük göstərici deyil. Bəzi banklar çıxış yolları taparaq əmanətçiləri saxlamağa çalışırlar. Vətəndaşlar depozitlərini vergiləri ödəyən banklara köçürə bilər. Pul kütləsinin bir bankdan digərinə keçidinin şahidi olacağıq. Həmçinin insanlar pulunu çıxarıb əmlak və qızıl ala bilər”.

Bank ekspertinin sözlərinə görə, depozit gəlirlərinin vergiyə cəlb olunması ilə bağlı qərar ya ümumiyyətlə ləğv olunmalı, ya da dəyişdirilməlidir: “Elə ölkələr var ki, 60 yaşdan yuxarı insanların depozitinə heç bir vergi tətbiq etmir. Həm hüquqi, həm fiziki şəxslərin depozitləri kateqoriyalara bölünməlidir. Yaş həddi, depozitin həcmi nəzərə alınmalıdır”.

Bu rəqəm bank sektorunu təhdid etmir

İqtisadçı Cəfər İbrahimli bildirdi ki, ümumi əmanət portfeli içərisində azalma o qədər də böyük deyil: “Bu rəqəm bank sektorunu təhdid etmir. Böyük ehtimalla vaxtı bitən əmanətlərdir. İndiki vəziyyətdə insanlar əmanətini vaxtından əvvəl geri çəkməz. Çünki o zaman faiz gəlirlərindən imtina etmiş olarlar. Hazırda əmanətlər Azərbaycanda dominant investisiya vasitəsidir. Bir müddət belə qalacağı gözlənilir. Alternativ imkanlar isə istiqrazlar və səhmlərdir. Bəzi insanlar vergi ödəməmək üçün vəsaitlərin bir hissəsini daşınmaz əmlaka yatırmış ola bilər. Banklar əmanətdə 1 faiz həcmində artıma keçsələr, bu, vergini kompensasiya etmiş olacaq. Sonrakı aylarda müddəti bitən əmanətlərdən başqa ciddi həcmdə əmanət çıxarılması real görünmür”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir