korpe

Qeyri-rəsmi nikahların sayının artmasına səbəb nədir?

Baxış sayı: 446

Son illərdə ölkədə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayının artdığı müşahidə olunur. Statistikaya əsasən, 2021-ci ildə 17 min 566, 2020-ci ildə isə 17 min 714 uşaq qeyri-rəsmi nikahdan dünyaya gəlib. Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayının ən çox olduğu il 2011 olub. 2011-ci ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 30 min 983 nəfər olub.

Ekspertlər qeyd edir ki, reallıqda qeydiyyata alınmayan nikahların sayı daha çoxdur. Bəs qeyri-rəsmi nikahların sayının artmasına səbəb nədir? Bu cür nikahlardan doğulan uşaqlar gələcəkdə hansı çətinliklərlə üzləşir?

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova aşağıdakıları dedi:

432023.jpg (44 KB)

“Bu gün bir şəxs təşkilatımıza müraciət edərək bildirib ki, qadın onun iki övladını götürüb, xarici ölkəyə gedib. Şəxs uşaqların atası olduğunu, lakin rəsmi olaraq onlara atalıq vermədiyini deyir. Buna görə də indi uşaqlarına qovuşa bilmir.

Niyə insanlar qeyri-rəsmi şəkildə yaşamağa üstünlük verirlər? Buna daha çox əmlak məsələsi səbəb olur. Xüsusən də valideynlər rəsmi nikaha qarşı çıxır ki, gələcəkdə gəlin çıxıb gedərsə, əmlaka sahib çıxmaq istəyər və sair. Yəni daha çox maddi tələbləri nəzərə alaraq, rəsmi nikaha girmək istəmirlər. Bəziləri isə yalnız dini nikaha girir və düşünür ki, dini nikah önəmlidir, nəinki rəsmi nikah. Bununla da qeyri-rəsmi nikahların sayı artır və nəticədə məsuliyyət, öhdəlik hissi azalır”, – hüquq müdafiəçisi qeyd edib.

Mehriban Zeynalova vurğuladı ki, qeyri-rəsmi nikah daha çox qadınlar və uşaqlar üçün problemlər yarada bilir:

“Yəni qeyri-rəsmi nikaha üstünlük verən qadınlar övladlarının vərəsəliyi, əmlak məsələləri ilə bağlı problemlərlə qarşılaşırlar. Uşaqlara gəldikdə isə, qeyri-rəsmi nikahdan doğulan, xüsusilə də atalıq faktoru təsdiq edilməyən uşaqlar travma yaşayır. Nə ana, nə də övladı qeydiyyata düşə bilir, təhsildə gecikmələr və s. olur”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir