Ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2 min 500 nəfərə yaxındır. Sosial müavinət alan uşaqların sayı isə 10 mindir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci ildə yaydığı məlumatda qeyd olunur.
Uzun illər Azərbaycanda çoxuşaqlılıq bir adət-ənənə olaraq qorunub saxlanılsa da, son zamanlar çoxuşaqlı ailələrin sayında azalma hiss olunur. Yəni, əvvəlki illərlə müqayisədə ailələrin bir qismi hətta bir, ən yaxşı halda isə ikidən artıq övlad dünyaya gətirmək istəmir.
Amma hazırkı vəziyyətdə az da olsa, belə ailələr var.
Bu ailələrin əsas problemləri nə ilə bağlıdır? Dövlətin çoxuşaqlı ailələrlə bağlı siyasəti nədən ibarətdir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, çoxuşaqlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanır və beşdən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara 18 yaşına çatmamış hər uşağına görə sosial müavinət təyin edilir: “Bu müavinətin məbləği hər uşaq üçün 105 manat təşkil edir. Qeyd edim ki, son beş ildə bu məbləğ 3,5 dəfə artıb. Hazırda 2606 çoxuşaqlı ana həmin aylıq sosial müavinətlə təmin olunur ki, bu da ötən ilin əvvəlinə nisbətən 183 nəfər daha çoxdur”.
“Bu kateqoriyadan olan ailələrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və ya sosial müavinət təyin edilir. Sözgedən sosial ödənişlər təyin edilərkən uşaqların say tərkibinə doğma övladlarla yanaşı övladlığa və (və ya) qəyyumluğa götürülən uşaqlar da daxil edilir”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, beş və daha çox övlad dünyaya gətirib, övladlığa və (və ya) qəyyumluğa götürüb onları on səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların 5 il daha tez yaşa görə əmək pensiyası və ya yaşa görə sosial müavinət almaq hüququ yaranır: “Bundan əlavə, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə beş və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə edən ataların da 5 il daha tez yaşa görə əmək pensiyası almaq hüququ var”.
Çoxuşaqlı ailə pulu bu aydan o biri aya necə çatdıracağını bilmir
Bərdənin Gəyirli kənd sakinləri Tünzalə İsgəndərova ilə Taleh İsgəndərov cütlüyü də çoxuşaqlı ailə başçısıdır. Ailə həyatı qurarkən Tünzalə İsgəndərovanın 17, Taleh İsgəndərovun isə 25 yaşı olub. Nə zamansa 17 övlada sahib olacaqlarını heç vaxt düşünməyiblər. Artıq beş nəvə sahibi olan cütlüyün ən körpə övladı yaş yarımlıqdır, ən böyüyünün isə 26 yaşı var. 52 yaşlı Taleh İsgəndərov deyir ki, əvvəllər çoxuşaqı olduqları üçün sosial yardım kimi 1550 manat alıblar. Hazırda isə 1782 manat və bundan əlavə, ümumilikdə 11 övladının hər biri üçün ayrılıqda 105 manat uşaq pulu alırlar.
“Bununla belə, çətinliklərimiz çoxdur. Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri ilə də danışanda dedim ki, özüm və övladım Qarabağ müharibəsi iştirakçısıyıq, ailəmiz böyükdür. Başqa ölkələrdə belə böyük ailələrə müəyən güzəştlər edilir. Amma bizə heç bir güzəşt yoxdur”, – T.İsgəndərov deyib.
Doqquz oğul, səkkiz qız övladı olan Taleh İsgəndərov əvvələr heyvandarlıqla məşğul olsa da, bu heyvanları saxlamaq üçün heç bir şəraiti olmayıb: “Heyvanlarım var idi, hələ o vaxtı heyvanları saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyindən 1 hektar torpaq istəsəm də, vermədilər. Artıq heyvanları da satmışıq. Amma kənd təsərrüfatı ilə məşğul olmaq üçün güzəştlərin olmasını istəyərdik”.
O qeyd edir ki, digər əlavə xərclər olmasaydı, hazırda aldıqları uşaq pulu və sosial yardım dolanışıq üçün bəs edərdi: “Lakin uşaqların hazırlıq, geyim-keçim və s. xərcləri də var. Məktəbli uşaqlarımızın hazırlığına aylıq 180 manat pul ödəyirik. Bütün çətinliklərə baxmayaraq, övladlarmızın təhsilini hər şeydən üstün tuturuq. Bir övladım aqrar təsərrüfat üzrə təhsil alıb. Onlardan biri müəllimdir, digər qızım “Ginekologiya” üzrə təhsil alır. Bir övladım əsgərlikdədir”.
“Çətinliklərimiz çoxdur. Evimiz kif içindədir. Dövlət Sosial Müdafiə Fondundan gələrək evimizə baxış keçirilib, özləri də nə vəziyyətdə yaşadıqlarımızı görüblər”, – deyə o əlavə edib.
Həmsöhbətimiz qeyd edir ki, əvvəllər səhiyyə xərcləri ilə bağlı güzəştlər olmasa da, icbari tibbi sığortanın tətbiqindən sonra onlar səhiyyə xərclərində də müəyyən güzəştlər əldə ediblər.
O sürücü olaraq çalışır, o da bir iş olanda. Hazırda isə qazancı yoxdur.
27 ildir ki evli olan 44 yaşlı Tünzalə İsgəndərova ailələrinin belə böyük olmasının səbəbindən danışır, qeyd edir ki, çətinlikləri çoxdur: “Allahın verdiyi övlada, bu şirin paya dəyməmişik. Hər zaman abortun əleyhinə olmuşuq. Elə abortun əleyhinə olduğumuz üçün bu qədər övladımız olub”.
“Dolanışıq çətindir, hələ ki, övladıma ürəyim istəyəni verə bilməmişəm. Elə olur ki, övladlarım aylarla meyvə yemirlər. Bircə yayda bağımızdakı meyvənin ümidinə qalırlar. Qışda mer-meyvə baha olanda isə ala bilmirik”, – deyə o əlavə edib.
O xüsusən də bildirir ki, məktəbli övladlarının xərcləri daha çoxdur: “Bu il bir qızım 7-ci sinfi bitirir, gələn ildən o da hazırlıqlara getməlidir. Məktəbə gedən uşaqların da öz xərcləri var. Üç ayda bir dəfə ayaqqabı alırıq. Bir uşağın ayaqqabısı, birinin kalqotkası, o birinin kurtkası yoxdur. Dörd ay sosial müdafiəmiz dayanmışdı deyə qışdan zülmlə çıxdıq. Uşaqlar onun-bunun paltarı ilə geyinib-keçindilər”.
“Qaynanamdan qalan evimiz də kifdir. Min şükür ki, bu vəziyyət uşaqların səhhətinə pis təsir etməyib. Biz burada nə vəziyyətdə yaşayırıq, bunu bir allah bilir. Bu soyuqda, yağışlı havada uşaqların corabları islanıb, onların ayaqlarına geyinəsi corabları da yoxdur. Bu qədər uşağım var, amma onların paltarlarını qoymaq, asmaq üçün bir dolabım da yoxdur. Öz mebellərim qırıq-qırıqdır”, – deyə o əlavə edib.
On yeddi övlad dünyaya gətirsə də sağlamlığında heç bir problemi olmayan ana hazırda dörd körpəsinə görə bez alır, o bütün çətinliklərə rəğmən çoxuşaqlılığı təqdir edir: “Çoxuşaqlı olmaq gələcəkdə daha çox köməyinin olması deməkdir. İki uşaq olanda onların ya əmisi, dayısı, ya da xala, bibisi olmur. Öz övladlarımı təhsilli, işlə təmin olunmuş, müəyyən vəzifədə xəyal edirəm, düşünürəm ki qocalanda onların başımıza yığışmalarından gözəl heç nə yoxdur. Onlar bizim qoca vaxtımızda bir çanta bazarlıq edib gətirəcəklərsə, bundan gözəl nə var ki?! Həmin gündə çəkdiyim bütün əziyyətləri unudaram. Çoxuşaqlılığın təbliğ olunmasını istəyərdim. Hazırda qızımın da üç övladı var. Qızım da Allahın verdiyi paya qarşı çıxmır”.
“Ümumi yemək bişirirəm, hamısı yeyir. Yemək yeyərkən də hər zaman maarifləndirici söhbət aparırıq. Həmişə onlara demişəm ki, çalışın ki, bizim adımıza utanc gətirməyəsiz, kənardan baxan deməsin ki, doğub küçəyə atıb, tərbiyə verməyib. Bacardığımız qədər valideynlik borcumuzu yerinə yetiririk”, – deyə o əlavə edib.
Gələcəyin bir şirin xoş xəyalına ümid edən ailə övladlarının gələcəyi naminə bütün çətinliklərə sinə gərir.
Vəziyyətdən necə çıxış yolu tapmaq olar?
Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, bunun üçün xeyriyyə fondları yaradılmalıdır: “Bu kimi məsələlərdə ayrı-ayrı fondların müəyyən iş görməsi lazımdır. Fondlar belə ailələri himayəyə götürməlidir”.
“Qeyd edim ki, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən çoxsaylı humanist addımlar atılır. Xəstələrin müalicəsi üçün də müəyyən vəsaitlər ayrılır. Digər xeyriyyəçilik fondları da aktiv vəziyyətdə olmalıdır. Xeyriyyəçilik üçün imkanlar genişlənməlidir. Bunun üçün də iş adamlarına müəyyən sərbəstlik vermək lazımdır ki, pul qazansınlar və qazancın müəyyən bir hissəsini xeyriyyə işlərinə cəlb edərək belə ailələrə dəstək olsunlar”, – deyə o əlavə edir.
Həmsöhbətimiz bildirir ki, hazırkı durumda imkansız ailələrdə doğulan üçəm, dördəmlər də lazımi dəstək ala bilmir: “Daha öncələr də müxtəlif bölgələrdə üçəm, dördəmlər doğulmuşdu və həmin anda onlara lazımi dəstək verilmirdi. Uşaq doğulan gündən ona yardımlar edilməlidir. Belə çoxuşaqlı ailələrin yaşayışla, övladlarının isə təhsillə təmin olunması həyata keçirilməldir. Bunun üçün hərtəfəli bir dövlət proqramı hazırlanmalıdır”.
Nigar İsgəndərova