dogum

Uşaq ölümlərinin baiskarları: Ana, yoxsa ata?

Baxış sayı: 459

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il 1 yaşadək ölən uşaqların sayı 959 nəfər olub ki, bunlardan da 392 nəfəri perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat edib. Həmçinin, tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı 121, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından vəfat edənlərin sayı 91 nəfər, bəzi infeksion və parazitar xəstəliklərdən ölənlərin sayı 46, sinir sisteminin xəstəliklərindən ölənlərin sayı 43, həzm sisteminin xəstəliklərindən vəfat edənlərin sayı 14, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən vəfat edənlərin sayı 6 nəfər, digər səbəblərdən vəfat edənlərin sayı isə 246 nəfər olub.

Pediatr Nigar Abdullayeva mövzu ilə bağlı  qeyd edir ki, hamiləlik dövründə baş verən problemlər uşaq ölümlərinə təsir edir.

“Ana bətnində olarkən mütləq şəkildə ginekoloji müayinələrə diqqət etmək lazımdır. Hamiləlik müayinələrini vaxtında və düzgün şəkildə olmalıdır. Digər tərəfdən isə uşaqlar vaxtında peyvənd olunmalıdırlar. Peyvənd olunmayan uşaqlar daha tez xəstələnirlər. Tənəffüs sistemində olan problemlər uşaq ölümlərinə səbəbdir. Valideynlər uşaqlarını həkimə aparmağın nə qədər vacib olduğunu bilməlidirlər. Uşaq orqanizminin həssas olduğunu unutmamalıyıq. Qusma və islah olarsa dərhal həkimə müraciət olunmalıdır. Əgər gün ərzində uşaq 7 dəfədən çox qusursa bu artıq hansısa xəstəliyin göstəricisidir”.

Pediatr qeyd edib ki, valideynlər uşaqlarını ən son məqamda xəstəxanaya aparırlar:

“Lakin bu heç doğru deyil. Uşağı evdə neçə gün ağrı içində saxlayırlar. Həmçinin, mütləq şəkildə gigiyena qaydalarına riayət olunmalıdır. Qidalar təmiz yuyulmalı və tam bişirilməlidir. Uşaqlara yalnız qaynadılmış su vermək olar. Körpələri çöl qidalarından – çipsi, şirniyyat, şirə, kulinariya məhsullarından uzaq tutmaq lazımdır. Yoluxucu xəstəliklər ölümlərə səbəb olur. Sinir sistemi xəstəlikləri isə əsasən genetik olur. Azərbaycanda qohum evlilikləri çoxdur. Xəstəliklər də qohum evliliyindən qaynaqlanır. Ona görə də valideyn olmaq istəyən şəxslər vaxtında testlər verməli, nəticəsinə uyğun davranmalıdırlar”.

Ginekoloq Lalə İmanovanın sözlərinə görə, hər bir qadın hamiləlikdən əvvəl mütləq şəkildə müayinə olmalıdır:

“Orqanizm hamiləliyə hazır olmalıdır. Hamiləlik dövründə həkim nəzarəti mütləqdir. Həmçinin tələb olunan bütün analizlər verilməlidir. Sağlam ana sağlam uşaq dünyaya gətirəcək deyimi var. Amma bəzən sağlam ana xəstə uşaq dünyaya gətirir. Ona görə də qidalanmaya, yaşam tərzinə diqqət etməliyik. Uşağın xəstə olmasını təkcə anayla əlaqələndirmək düzgün deyil. Unutmamalıyıq ki, uşaq ana və atanın genlərini daşıyır. Uşaqların ölüm səbəblərinin bir hissəsi də hamiləlikdən əvvəlki yaşam tərzi ilə bağlıdır. Ona görə də zərərli vərdişlərdən, kimyəvi qidalardan uzaq durmaq lazımdır”.

 

Aysel




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir