Aqresiya əxlaqi və etik normaları pozan və başqalarına mənəvi və ya fiziki zərər verə bilən bir insanların “birdəfəlik” hərəkətidir. Aqressivliyin zaman keçdikcə vərdiş halına gəlməsi təhlükə doğura bilir.
Aqressiv valideynlər demək olar ki, həmişə uşaqlarına qəzəblənirlər. Bir qayda olaraq, onların qəzəbi uşaq itaətsizliyinin nəticəsi deyil. Çox güman ki, onlar evliliklərindən, işlərindən, bütün bəşər övladlarından narazıdırlar.Bəzi uşaqlar bu münasibəti çox qeyri-adi qəbul edirlər. Düşünürlər ki, ana və ya ata öz sevgisini elə bu şəkildə də ifadə edə bilər. Belə valideynlər unudurlar ki, bu uşağı gələcəkdə nevrotik, üsyankar böyüməsinə ən kədərlisi aqressiyaları vərdiş halına keçməsinə şərait yaradırlar. Belə ailələrdə böyüyən aqressiv uşaqlar valideynlərlə yanaşı tərbiyəçilər, müəllimlər və ətraf mühit üçün də problemə çevrilmək ehtimalları böyük olur. Uşaqların aqressiv davranışı diqqəti cəlb etməyin özünəməxsus bir üsuludu. Belə bir uşaq sevgiyə və məhəbbətə, anlayışa və qəbula ehtiyacı olduğunu “işarələyir”. Aqressiyasının köməyi ilə daxili narahatlıq hiss etdiyini, rədd edildiyini və unudulduğunu açıq şəkildə ortaya qoyur. Valideynlər tərəfindən laqeydlik və qəddarlıq valideyn-uşaq münasibətlərində problemləri kəskinləşdirir. Bunun nəticəsi olaraq uşaq onu sevmədiklərinə inanır. Mövcud vəziyyəti dəyişdirmək və valideynlərin sevgisini “qazanmaq” üçün uşaqlar aqressiv davranış da daxil olmaqla hər hansı bir şəkildə diqqəti cəlb etməyə çalışırlar. Digər uşaqlara elə gəlir ki, valideynləri bilərəkdən onları alçaltmaq, psixikalarını məhv etmək istəyirlər, buna görə də özlərinə qapılırlar və ya əqli qeyri-sabit olurlar. İtaətə gəlincə uşağın aqresiyasına cavab olaraq fiziki üsullardan istifadə edən valideynlərinə etiraz əlaməti olaraq uşaqlar üsyan etməyə başlayırlar. Övladlarını alçaltmağa vərdiş edən valideynlər döyülmüş və qorxmuş uşağın üsyankar etiraz hərəkətləri ilə qarşılaşanda sarsılır.
Çox vaxt bu uşaqlar aqressivliyini qiymətləndirə bilmirlər, davranışın bu formasının bəzi mənfi nəticələrə səbəb olduğunu fərq etmirlər. Bəzən də İnamsız, utancaq, küskün, öz fikrini ifadə edə bilməkdə çətinlik çəkirlər, düşünürlər ki, deyəsən bütün dünya onların əleyhinədir.
Uşağınıza mənfi duyğuları ifadə etməsini qadağan edə bilməzsiniz. Hər hansı bir duyğuların normal olduğunu vurğulayın. Uşaqla danışın, onu narahat edən şeyləri soruşun. Uşağın özünə hörmətini artırın, tərifləyin, ləyaqətini vurğulayın, tənqidi azaldın. Bərabər bir mövqedən ünsiyyət qurmağa çalışın. Sözlərinizin əməldən ayrılmadığından əmin olun.
Cəzalar və mənfi emosiyaların ifadə olunmasına qoyulan qadağa uşağın aqressiv davranışını gücləndirə və problemlərini daha da artıra bilər. Bu davranışın səbəbini axtarın. Müxtəlif yaş mərhələlərində olan valideynlərin çoxu, gec-tez aqressiv uşaq davranışı ilə qarşılaşırlar. Və belə məqamlarda yadda saxlamaları lazım olan əsas şey – bu problemi həll etmək yalnız övladına sevgi, qayğı, hörmət sayəsində mümkündür və lazımdır.
Yeganə İskəndərova