Külək imkan verəndə Bakı çimərlikləri istirahətə gələnlər, günəş vannası qəbul edənlər, üzmək, əylənmək istəyənlərlə dolu olur. Ancaq istirahət edərkən şəxsi əşyalara diqqət yetirmək lazımdır, çünki çimərliklərdə oğurluq geniş yayılıb. Təbii ki, xoş istirahətdən sonra “paltarsız” qalmamaq üçün qiymətli əşyaları harada gizlətmək barədə əvvəlcədən düşünmək daha yaxşıdır. Çünki, cibgirlər və oğrular çimərliklərə potensial “yem mənbəyi” kimi baxırlar. Polis hər il çimərliklərdə oğurluq hadisələri ilə bağlı onlarla məlumat alır. Amma zərərçəkənlərin ümumiyyətlə, hamısının polisə müraciət edib-etmədiyi məlum deyil. Oğrular adətən şəxsi əşyaları, pulları və ya ağıllı cihazları oğurlayırlar. Bir qayda olaraq, oğurluğun qurbanları çimərlikdə əşyalarını unudan və ya nəzarətsiz qoyan insanlardır.
Dünya çimərlikləri də sığortalanmayıb
Bəs insanlar əşyalarının oğruların şikarına çevrilməməsi üçün nə etməlidirlər? Tərtəmiz firuzəyi suları, qızılı qumları ilə dünya turistlərini cəlb edən İtaliya çimərlikləri də oğrulardan sığortalanmayıb. Bu ölkədə turistlərə və yerli sakinlərə əsasən ödənişli çimərliklərdə çimməyi məsləhət görürlər. Çünki ətrafda xeyli miqrant vurnuxur… Estoniyanın rəsmi çimərliklərində adətən xilasedicilər olur. Lakin onların səlahiyyətlərinə oğruları izləmək və saxlamaq daxil deyil. Xilasedicilər şəxsə irad bildirə və lazım gələrsə, polis patrulu çağıra bilərlər. Çimərliyə gələnlər oğrunu özləri görsələr, polisə müraciət etməlidirlər. Ölkədə oğurluğa qarşı profilaktik tədbir olaraq suya davamlı çantalardan istifadə edirlər ki, onlara həm pul, həm də telefon qoymaq olur. Əgər heç bir seçim yoxdursa, tətilə gələnlər qoruyucu çantada əşyaları özləri ilə suya apara bilirlər. Məsələn, qadjetlər üçün xüsusi qoruyucu örtüklər bilək və ya boyun nahiyəsinə yapışdırılır. Satışda qumda basdırmaq üçün əlverişli olan seyflər də var. Avtomobili ilə çimərliyə gələnlərə əşyalarını maşının içərisində görünməyən yerdə saxlamaq məsləhət görülür. Əşyaları saxlamaq üçün ağlagəlməz yerlərdən istifadə edənlər də az deyil. Məsələn, telefonu uşağın nahar yeməyinin qutusuna, pulu isə köhnə günəş kremi şüşəsinə qoyanlar, bəzi qiymətli əşyaları körpə bezində gizlədənlər də var. Təcrübəli insanlar ən qiymətli əşyaları qoruyucu çantaya qoyduqdan sonra sadəcə basdırırlar. “Çantanı basdırın, üstünə çimərlik dəsmalı, flip-flop və ya başqa bir şey qoyun. Heç kim qiymətli bir şey axtarmaq üçün sahili qazmayacaq. Yaxşı olar ki, “dəfn” yerini bir sıra digər tanınma işarələri ilə – sütun, skamya, kabin, daş və s. ilə işarələyin”, – deyə Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları məsləhət görürlər.
“Gözəgörünməz” olmaq məsləhət görülür
Çimərlikdə oğurluqdan qorunmağın başqa bir profilaktik üsulu “gözəgörünməz” olmaqdır. Yəni, çimərlik oğruları bir insanın xarici görünüşünə baxır və nə qədər varlı olduğunu – riskə getməyin onlar üçün sərfəli olub- olmadığını qiymətləndirirlər. Brend markaların paltarları və ayaqqabıları, bahalı zinət əşyaları və aksesuarları olan insanlar özlərinə diqqət çəkirlər.
“İnsanlar ehtiyatlarını saxlamalıdırlar”
Təhlükəsizlik üzrə ekspert Elmar Nurullayev çimərliklərdə oğurluq hallarının olduğunu təsdiqləyir: “İnsanlar çimərliyə gəlir və öz qiymətli əşyalarını – mobil telefonunu, pul qabını və s. nəzarətsiz qoyurlar. Bu zaman təbii ki, oğurluq halları baş verir. Xidmət olan çimərliklərdə istirahətə gələnlər qiymətli əşyalarını təhvil verirlər”.
Ekspert məsləhət görür ki, insanlar özləri ehtiyatlarını saxlamalıdırlar. Onlar qiymətli əşyalarını nəqliyyat vasitələrinin içərisinə, görünməyən yerə qoya bilərlər ki, diqqəti cəlb eləməsin: “Oğurluğu qarşısına məqsəd qoyan adamlar nəzarətsiz əşyaları oğurlamaq fürsətini əldən verməyəcəklər. Burada əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Təbii ki, həmin ərazilərdə xidmətdə olan polislərin, xilasedicilərin diqqətini çəkəndə tədbir görürlər. Yaxşı olar ki, vətəndaşlar şübhələndikləri şəxsləri görəndə vaxtında məlumat versinlər. Bu, nisbətən vəziyyətin qarşısının alınmasına kömək edər”.
“Bir daha vətəndaşlarımızdan xahiş edirik ki…”
Daxili İşlər Nazirliyinin (DİN ) polislərin çimərliklərdə gücləndirilmiş iş rejiminə keçməsi ilə bağlı məlumatı da, təbii ki, baş verən analoji hadisələrin qarşısını almağa və insanların təhlükəsizliyinə yönəlib. “Vətəndaşlarımızın təhlükəsizliyinin, onların rahat istirahətinin təmin edilməsi daxili işlər orqanları əməkdaşlarının daim diqqət mərkəzindədir”, – deyə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov sualımıza cavab olaraq bildirdi: “Həftə sonu vətəndaşlarımızın çimərlik zonaları istiqamətinə kütləvi hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində xidmət aparırlar. Təəssüf ki, bəzən vətəndaşlarımız çimərlik zonalarında şəxsi əşyalarını – pul, bank kartları və mobil telefonlarını nəzarətsiz qoyurlar. Ümumiyyətlə, oğurluq hadisələri ilə bağlı daxil olan müraciətlərlə əlaqədar dərhal müvafiq araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılır”.
DİN rəsmisi vətəndaşlara səslənərək onları ayıq-sayıq olmağa çağırdı: “Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, istirahət zonalarında pul və qiymətli əşyalarını nəzarətsiz saxlamasınlar, hansısa neqativ halla üzləşsələr dərhal ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər”.
Təranə Məhərrəmova