ariqlamaq

Sürətli arıqlama niyə tövsiyə edilmir?

Baxış sayı: 496

Artıq çəkidən xilas olmaq istəyənlərin ən böyük arzusu qısa müddətdə, sürətli şəkildə arıqlamaqdır. Çünki uzun müddət pəhriz saxlamağa, idmanla məşğul olmağa heç də hər kəs sona qədər davam gətirə bilmir. Mütəxəssislər sürətli çəki itirilməsini məsləhət görmürlər. Maraqlıdır, niyə? Ümumiyyətlə, sürətli çəki itirmək deyəndə nə nəzərdə tutulur?

Dietoloq Turxan Baratzadənin sözlərinə görə, bir ay ərzində çəkimizin 10 faizdən çoxunu itiririksə, deməli, sürətli arıqlama gedir: “80 kiloqram çəkisi olan biri 1-ci ay 8 kiloqram, 2-ci ay 7 kiloqram, 3-cü ay da təxminən bu qədər arıqlayırsa, bu, artıq həddindən artıq sürətli çəki itirilməsi deməkdir və normal sayılmır. Həftəyə bir kiloqram çəki vermək daha məsləhətli və sağlamdır”.

Uzun müddət yarıac gəzmək?

Son vaxtlar məşhur olan “su orucu”nda da insanlar sürətli çəki itirirlər. Bəs bu niyə məsləhət görülür? T.Baratzadə deyir ki, burada yanaşma fərqlidir: “Bəli, su orucunda da sürətli arıqlama baş verir. Bir-iki həftə ərzində çox miqdarda çəki vermək olur. Bunun isə bir yeniləmə, detoks olduğu düşünülməkdədir. Bir-iki həftə sonra artıq sən eyni formada çəki itirmirsən, qısa müddətlik prosesdir”.

T.Baratzadə bildirdi ki, çəkidən tez qurtulmaq üçün uzun müddət yarıac gəzmək həm bədən üçün stressdir, həm də makro və mikro elementlərin yetərli alınmaması bir çox problemin yaranmasına səbəb olur. Bunlar başlıca olaraq ürək ritminin pozulması, aşağı qan təzyiqi, elektrolit balansının pozulması, orqan çatışmazlığı, anemiya, saç tökülməsi, tiroid tənbəlliyi, öd kisəsi daşı, yuxu pozğunluqları, depressiya və s.-dir.

 

“Hər orqanizm dözə bilmir”

Terapevt Məlahət Abbasova deyir ki, sürətli çəki itirməyə hər orqanizm dözə bilmir: “Çox tez arıqlayırlar deyə, birinci sevinirlər, amma sonra bədən gücdən düşür, halsızlıq, zəiflik yaranır, işgörmə qabiliyyətləri itir, heç nə etməyə gücləri qalmır. Bədənə yağlar, zülallar, karbohidratlar, – hamısı lazımdır. Sürətli çəki itirmək üçün orqanizmi, hüceyrələri ac saxlamaq olmaz. Onlar həyat uğrunda mübarizə aparırlar”.

M.Abbasovanın sözlərinə görə, orqanizmimizin zərər görməməsi üçün çəkini yavaş-yavaş itirməliyik: “Orqanizm o çəkini birdən almayıb. Yavaş-yavaş, qram-qram alıb. Siz onu sürətli şəkildə itirən zaman orqanizmə əziyyət vermiş olursunuz. Çünki bədənin də bir rejimi formalaşıb. Birdən-birə sürətli çəki itəndə, bədəndə böyük dəyişiklik gedir. Ona görə çəkini asta-asta, orqanizmi öyrəşdirə-öyrəşdirə atmaq lazımdır. Bədən buna alışmalıdır”.

 

Diyetdən kənara çıxan kimi…

Terapevt bildirdi ki, sürətli çəki itirmək bədənimiz üçün estetik cəhətdən də yaxşı deyil: “Hüceyrələr ac qalanda dəri solğunlaşır. Fikir versəniz, görərsiniz ki, sürətli çəki itirənlərin dəriləri solğun olur. Yavaş-yavaş və düzgün şəkildə arıqlayanlarda bunu görməzsiniz. Çünki sürətli çəki itirəndə bədən faydalı maddələri itirir. Birbaşa çəki itəndə dəridə sallanma və solğunluq yaranır. Çəkini ağılla itirəndə, dəri yavaş-yavaş yığılır”.

M.Abbasova qeyd etdi ki, sürətli çəki verən diyeta axtarmamalıyıq: “Fikir vermisinizsə, çox adam sürətli çəki verdirən diyetalar axtarır. Artıq çəkilərindən qısa zamanda qurtulmaq istəyirlər. Arıqlayırlar, ancaq həmin şəxslər diyetadan bir az kənara çıxan kimi həmin çəkidən də artıq çəki yığırlar. Çünki orqanizm sürətli çəki itirəndə hüceyrələrdə aclıq yaranır. Ani bir pəhrizi pozanda, çəkilərini birə beş artırırlar. Onun üçün artıq çəkini sürətli yox, ağılla itirmək lazımdır. Həkim məsləhəti ilə, hər kəsə fərdi yanaşma ilə olmalıdır. Çünki artıq çəkinin səbəbi heç də hər kəsdə eyni deyil”.

 

“Sonra arıqlamanın qarşısını ala bilmirdim”

Sürətli çəki verən Təranə Hüseynova sonra sağlamlıq problemi ilə rastlaşdığını deyir: “Rayonda yaşayırdım, həmişə çəkim qaydasında olub. Sonra evlənib Bakıya köçdüm. Kənddən şəhərə gəldim, istər-istəməz hərəkətlilik azaldı. Yavaş-yavaş çəkim artdı. Bir də ayıldım ki, 55 kiloqramdan 98 kiloqrama çatmışam. Bir dəfə də tanışlardan biri çəkimlə bağlı zarafat etdi, özümü pis hiss etdim. Dedim ki, arıqlayacam. Soyutma qidalar yedim, çörək, yağ, duz, şəkərdən imtina etdim. Üç ay olmamışdı, 20 kiloqram çəki atmışdım. Sonra arıqlamanın qarşısını ala bilmirdim. İştaham olmadı. Mədəm elə hala gəldi ki, yediyimi qusurdum. Qısası, sonradan həkimlərdə qaldım”.

Ləman Etibarova sürətli çəki itirdiyini, sonra onu elə sürətli şəkildə də geri qaytardığını bildirdi: “Çəkim çox idi. İdman etməklə və bir çox qidalardan imtina etməklə arıqladım. Arıqlayandan sonra normal həyata döndüm. Yenidən bir ay içərisində Beş kiloqramdan çox çəkim artdı. Üç ay tamam deyildi, 12 kiloqram artıq çəkim oldu. Əvvəlki qədər yemirdim, ancaq çəkim artırdı”.

Düzdür, sürətli şəkildə çəki itirib sağlamlığında heç bir problem olmayan nümunələr də ola bilər. Lakin sağlamlığımız elə məsələdir ki, az nümunələrə görə onu riskə atmamalıyıq.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir