Məhərrəm ayından sonra yeni toy mövsümü başlamaq üzrədir. Toyun əsas atributlarından biri də dəbdəbəli bəy-gəlin maşınlarıdır. Maraqlıdır, yeni toy mövsümündə bir dövrlərin gəlirli biznesi hesab olunan bəy-gəlin maşınları bazarında vəziyyət necədir? Dəbdəbəli toyların azalması bu biznesə necə təsir edib?
“Gəlirlərimiz 60 faiz azalıb”
Bəy-gəlin maşını kirayəsi ilə məşğul olan Hidayət Əliyev bildirdi ki, pandemiyadan öncəki dövrlə müqayisədə gəlirləri 60 faizə yaxın azalıb. Həmsöhbətimizin sözlərinə görə, əvvəllər 1 ayda 15 toy sifarişi olurdusa, indi maksimum beş-altı sifariş alır: “Bazarda durğunluqdur. Toyların azalması bizim biznesə də mənfi təsir edib. Elə maşın var ki, aylarla sifariş edilmir. Sifarişlər maşınların modelindən asılıdır. Bu gün ən çox tələbat “Mercedes-Benz”in “S-class” və “Gelandevagen” modellərinədir. Digərlərinə tələbat azdır”.
“Əvvəllər bu sahəyə maraq çox idi”
Ümumiyyətlə, bəy-gəlin maşını biznesi bir dövrlərin ən gəlirli sahələrindən hesab olunurdu. Müsahibimiz deyir ki, artıq nə o gəlir var, nə də yatırım: “Tələbat azalıb, qiymətlər düşüb. Üstəlik, maşınların xərcləri də artıb. Benzin, ehtiyat hissələri, maşının öz qiyməti çox bahadır. Gələn gəliri maşının bəzəyinə, sürücüsünə, öz xərclərinə verdikdə, çox az qazanc qalır. İndi maşın xərcləri və qiyməti ilə müqayisədə əvvəllər 150 manata getdiyimiz sifarişi 250 manata getməliyik, amma 100 manata razılaşırıq. Əvvəllər bu sahəyə maraq çox idi. Hər kəs gəlir mənbəyi kimi baxırdı. İndi elə deyil. Hazırda bu biznesi lap əvvəldən quranlar əsas sifarişlərini götürür, çatdırmadıqda kiməsə ötürürlər. Bu da nadir hallarda olur”.
“Üç avtomobildən bir maşının qazancını götürürəm”
Şəhərdə sərgilənən maşınların azalmasına gəldikdə isə, həmsöhbətimiz deyir ki, səhərdən axşama qədər maşının yanında dayanıb sifariş gözləməyə dəymir: “Maşının yanında sifariş gözləyərkən hər gün on manat yeməyinə, maşının saxlanmasına pul ödəyirsən. Ay ərzində 300-350 manat xərcin çıxır. Bu da sərfəli deyil. Amma əvvəllər belə deyildi. Məsələn, mənim üç maşınım varsa, birinin gəlirini maşınların xərclərinə verir, iki maşından gələn gəliri qazanc götürürdüm. İndi üç avtomobildən, əvvəl bir maşından aldığım qazancı götürürəm”.
“Bu biznesə gələnlər uduzur”
H.Əliyevin sözlərinə görə, hazırda bu biznesə gələnlər uduzur: “Sırf bu biznesə görə maşın almaq sərfəli deyil. Çünki maşına çəkdiyin xərci çıxarmaq üçün indiki templə 15 il vaxt lazımdır. Amma əvvəllər maşını alırdın, üç-beş ilə xərclədiyin pulu çıxarırdın. İndi yüz minə aldığın “Gelandevagen”ə yüz manata sifariş götürürsən, iyirmi manat benzini, iyirmi manat bəzəyi, otuz manat sürücüyə verdikdə, qırx manat gəlir qalır. Aya on toya gedəndə 400 manat edir. 400 manatla bunu necə ödəmək olar? Məsələn, mən əvvəl aya min manat qazanırdımsa, indi 600 manat az qazanıram. Bu qədər fərq edir”.
“Bəy-gəlin maşını” bazarında qiymətlər…
H.Əliyev deyir ki, yeni model maşınlar daha çox sifariş olunur: “Sifarişlərin çoxluğu maşının ili, modeli, qiymətindən asılıdır. Məsələn, 2006-cı ilin “S klass”ları ay ərzində yeddi-səkkiz toya gedir, ili təzə olanlarda isə bu rəqəm 15-dir. Qiymətlər altmış-yetmiş manatdan başlayır, min manata qədər artır. Köhnə “S klass”lar 100 manata, yeni modelləri 200-220 manata icarəyə götürülür. “Crysler” 70-80 manata, “Rolls-Royce” isə 600-1000 manata gedir. Maşını sürücü yox, bəy sürərsə, kirayəsi 120 manat olan maşın 150 manata verilir. Ümumiyyətlə, bəy-gəlin maşını biznesinin ən qızğın dövrü məhərrəmlikdən, orucluqdan 1 ay öncə və 1 ay sonra olur. May ayında isə, maksimum 2-3 toy olur. Bu biznes sahibləri məhz saydığım dövrlərdə daha yaxşı qazanırlar”.
Retro maşınlara maraq artıb
Retro maşınların da sifarişləri dəbdədir. Həmsöhbətimiz deyir ki, hazırda bazarda “Volqa”lar var ki, kirayəsi 100-150 manat arasında dəyişir: “1960-ci illərin maşını olan “Qaz-21” bəzəyi, benzini, sürücüsü ilə birlikdə 120-150 manata başa gəlir. Retro maşınlardan ən bahalısı “Çayka”dır. “Çayka”nın kirayəsi 500 manatdır. Lakin o maşınları tapmaq çətindir. Bakıda 2-3 “Çayka” var. Onlar xarab olduqda ehtiyat hissələrini tapmaq çətin olduğu üçün bazardan çıxırlar”.
Toy biznesinin ən uğurlu və durğun dövrü
Bəy-gəlin maşını icarədarı Sahib Paşayev isə fərqli düşünür. Pandemiyadan öncə və sonra gəlirlərində heç bir fərq olmadığını deyir: “Toy biznesinin də gəlirli və durğun vaxtları olur. Yaz, yay və payız ayları toyun ən qızğın dövrləridir. Orucluq və məhərrəmlikdə toylar azalır, amma tam dayanmır. Qəbələ, Zaqatala, Qazax, Balakən, Tovuz bəzən də Gəncədə bu dövrdə də toylar olur. Qış ayları isə bu biznesin ən durğun dövrüdür. Amma ümumilikdə, qazancımızda ciddi dəyişiklik yoxdur”.
Bəy maşını özü sürərsə…
Qiymətlərə gəldikdə isə, icarədar deyir ki, qiymətlər məsafədən və maşının modelindən asılıdır: “Müəyyən bahalı maşınlar var ki, məsələn, “Rolls-Royce”, şəhər daxilində qısa məsafəyə 700 manat, uzaq məsafəyə 1500 manat, rayona getdikdə isə, təbii ki, kilometrə görə əlavə pullar alınır. Qiymətlər bəzək və şərtlərdən asılıdır. Məsələn, fotosessiyaya getmək, maşını gec saatlarda qaytarmaq əlavə puldur”.
Bu il toya maraq çoxdur
Həmsöhbətimiz deyir ki, hələ məhərrəm ayı mövsümü bitməmiş yeddi-səkkiz sifarişi var: “Çox maraqlıdır, bu il toya maraq çoxdur. Əvvəllər adətən, yeni mövsüm başlayandan bir-iki gün qabaq sifarişlər gəlirdi. Bir ay öncədən artıq yeddi-səkkiz sifarişimiz var”.
S.Paşayev də yeni gələnlər üçün bu biznesin hazırda əlverişli olmadığı fikrini təsdiqləyir: “Bəzi şirkətlər insanları şirnikləndirirlər ki, “Maşın al, sənə çoxlu toy sifarişi verəcəm”. İnsanlar da düşünür ki, qaz vurub, qazan dolduracaqlar. Təbii ki, toylar əvvəlki kimi deyil. Şirkət ancaq toya sifarişi çatdırmasa, digərlərinə müraciət edir. Heç kim öz çörəyini sənə verməz. Ona görə də biznesə yeni qoşulanlarda uğurlu alınmır. Amma bu işlə uzun illərdir məşğul olanlarda, bazarda oturuşanlarda qazanc orta hesabla eynidir”.
Aygün ƏZİZ