mekteb

Məktəb çantalarını necə seçməli?

Baxış sayı: 438

Yeni dərs ilinin başlanmasına az qalıb və təbiidir ki, böyük həvəslə övladımızı məktəbə hazırlayırıq. Amma bir çoxumuz məktəb ləvazimatlarının seçimində o qədər də geniş məlumata malik deyilik. Məktəbli çantaları bu seçimdə ən çox diqqət ayrılmalı məsələdir. Düzdür, bir çox valideyn övladının israrla tələb etdiyi çantanı alır, onun övladının səhhətinə vurduğu ciddi zərərlərə rəğmən…

Məktəb çantaları uşaqların yük və ağırlıqla tanış olmağının ilk mərhələsi hesab edilir. Düzdür, çantaların ağırlığı uşaqların yaşına və siniflərinə görə dəyişir, amma çantaları alarkən düzgün seçim etsək, ağırlığı belə bərabər paylamış ola bilərik və bununla da uşaqları gərəksiz yükdən xilas etmiş olarıq.

Türkiyədə aparılan araşdırmalara görə, bel-onurğa ağrıları ilə həkimə müraciət edən məktəblilərin 70 faizində bu problemin yaranmasına məktəb çantaları səbəb olduğu aşkarlanıb. Mütəxəssislər xəbərdarlıq edir ki, ağır məktəb çantaları uşaqlarda ağır bel-onurğa problemlərinə, “skolyoz” adlandırılan xəstəliyə səbəb olur. Pediatr Ümidə Zeynalova deyir ki, skolyoz xəstəliyi insan onurğasının “C” şəklini alması deməkdir. Bu xəstəliyin başlanğıcı isə məhz kiçik yaşda onurğanın zədə almasıdır.

Müsahibimiz bildirir ki, çantalar kürəkdə və çiyinlərdə ağrıya səbəb olmayacaq ağırlıqda olmalıdır, eyni zamanda məktəb çantaları ağırlığı bütün bel nahiyəsinə bərabər paylamalıdır. Yeri gəlmişkən, məlumat üçün qeyd edək ki, Amerikada 2014-cu ildə 14 mindən çox uşaq məktəb çantalarının verdiyi zərərlər ucbatından həkimə müraciət edib. Həkimlər uşaqların bel ağrılarından, onurğa əyriliklərindən şikayət etməsinə səbəbin məhz məktəb çantalarının olmasını bildiriblər.

mektebli

Mütəxəssislər məsləhət görür ki, məktəbli çantasının geniş və dəstəkli çiyin asqıları, bel kəmərinin olması vacibdir. Çantanın ağırlığı omba və ya bel kəməri bölgəsinə düşməlidir ki, onurğaya zərər verməsin. Valideynlər təkərli çantalar da ala bilərlər, bu ilk siniflər üçün daha rahatdır. Amma israrla kürəkdən asılma çanta istəyən uşaqlara çantanı elə seçmək lazımdır ki, ağırlıq çanta içərisində uyğun paylansın, çiyin asqıları rahat olsun, hər iki çiyindən asmaq üçün iki asqılı çanta olsun. Eyni zamanda görünüşcə daha portativ, amma içi geniş çanta daha məqsədəuyğundur.

Elə çanta seçilməlidir ki, içərisi dolu olduğu halda 8 yaşınadək olan uşaqlar üçün bu ağırlıq 2 kilo, 8-12 yaşındakı uşaqlar ən çox 4 kilo, 12-15 yaş arası uşaqlar isə 5 kilo təşkil etməlidir. Bir vacib məsələni də qeyd etmək lazımdır ki, uşaqların psixologiyasını korlayan şəkillər əks olunmuş kimyəvi qatqılı çantalar yerinə sadə, birrəng parçadan tikilmiş çantalara üstünlük vermək daha düzgündür.

Maraqlıdır, qeyri-standart çanta övladımıza hansı zərərlər verə bilər? Əvvəla bel ağrısı yarada bilər. Xüsusilə çantanın asqılarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə səbəb olur. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq zorlanma olur və ağrı meydana gəlir, diqqət edilməzdə irəlidə önəmli bel ağrıları meydana gələr.

Qeyri-standart çantanın verdiyi zərərlər arasında kürək ağrısıa var. Çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə əzələlər çətinlik çəkəcək. Xüsusilə boyun bir tərəfə əyiləcək. Birtərəfli daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolyoz ) kimi duruş pozğunluqlarına səbəb ola bilər. Çiyin ağrısı da nəticələrdən biridir. Çantadakı çiyin asqıları geniş və yumşaq olması çiyin üzərində yükün bərabər paylanmasına kömək edər, dar və sərt çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq.

mektebli

Normal olmayan çanta əl və qollarda ağrı yarada bilər. Çantanın çiyin asqılarının incə, ensiz, uzun və çantanın ağır olması sinirlərə edilən ən pis təzyiq olacaq. Bunun da nəticəsində əl və qola gedən sinirlər də zədə alacaq. Boyun – baş ağrısıda çox rastlanan narahatlıqlardan biridir. Ağır çanta daşıma, yaxud da ağır çantanın tək tərəfli daşınması durumunda boyun əzələlərində gərginlik, peysərdə ağrı və damar dartılmaları, baş ağrısı olacaq. Ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pillə qalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir