zorakiliq

Kimin gücü kimə yetir? – ARAŞDIRMA

Baxış sayı: 479

Zorakılığa məruz qalma ilə bağlı ən son rəsmi statistika ötən ilə aiddir. 2022-ci ildə 475 qadın və 20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Ötən il Komitə uşaqlarla bağlı 81 müraciət alıb. Eyni zamanda ötən il 6 ahıl şəxs və 2 cinsi azlıq ailələrində onlara qarşı olan zorakılıqla bağlı Komitəyə müraciət edib. Müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər.

Ailədə zorakılıq bütün cəmiyyətlərin ortaq problemdir. Bu sahədə aparılan araşdırmalar dünyada hər dörd qadından birinin və hər altı kişidən birinin ailədə zorakılığa məruz qaldıqlarını göstərib. Zorakılıq özünü həm fiziki, həm mənəvi, həm də iqtisadi tərəfdən göstərir. Ailədaxili zorakılığa məruz qalanlar həyat yoldaşı (qadın və ya kişi) da olur, uşaqlar da, ailə böyükləri (nənə və ya baba) də, xüsusi qayğıya ehtiyacı olanlar (fiziki qüsurlu insanlar) da. Yəni, zorakılıq törədən qarşıdakının yaşına, statusuna baxmır.

 

Kim daha çox zorakılıq görür?

Nədənsə, ailədə zorakılıqdan söz düşəndə hamının gözünün özünə əri tərəfindən döyülmüş, üz-gözü göyərmiş, paltarları cırılmış qadın surəti gəlir. Bizim cəmiyyətdə kişilərin ailədə zorakılığa məruz qalmasına inanmırlar, daha dəqiq ifadə etsək əksəriyyət bunu mümkünsüz hesab edir. Bizim ölkəmizdə də zaman-zaman mətbuata, hüquq-mühavizə orqanlarına məlum olan zorakılıq hadisələri olur, amma etiraf etmək lazımdır ki, ölkəmizdə hər 100 zorakılıq halından yalnız bir neçəsi aşkara çıxır. Kişilərin zorakılıq gördüyü cəmiyyətlərdə isə çox vaxt fiziki qüsuru olan kişilər və qocalar bundan əziyyət çəkir. Bu o demək deyil ki, onlara fiziki güc tətbiq edilir, yox, sadəcə sözlə də zorakılıq olur, bu iş qabiliyyətini itirmiş və ya yaşlanmış kişilərin ən çox raslaşdığı durumdur.

Psixoloq Məlahət Həsənova deyir ki, ailədaxili zorakılığın səbəbləri ailə üzvləri arasında anlaşmazlıq, ailə üzvlərinin məsuliyyətsizliyi, fiziki və ruhi problemlər, şəxsiyyət pozğunluqları, maddi problemlər, aldatma-xəyanət etmə, spirt və narkotik asılılıq, depressiya və fərqli namus anlayışlarıdır.

Sosioloqlar isə hesab edir ki, ailədə zorakılığın artmasının səbəblərindən biri də savadsızlıqdır. Düzdür, bizdə savadsız qadınlar azdır, ali məktəb oxumayanların heç olmasa orta təhsili, kifayət qədər biliyi var. Təcrübədən keçmiş faktdır ki, dünyadan bir az xəbəri olan, haqqını-hüququnu bilən qadınlar özlərini əzdirmirlər. Heç olmasa, çətin durumda hara müraciət etmək lazım olduğunu bilirlər. Və ya əksinə, ailədə zorakılıq görən kişilər də var, kimisi valideynindən, kimisi də həyat yoldaşından. Zorakılıq tək fiziki basqı demək deyil, mənəvi zorakılıq da var və bu fiziki zorakılıqdan daha ağır nəticələr verir.

 

Zorakılığın 3 əsas səbəbi var

Psixoloqun sözlərinə görə birinci səbəb stress, əsəb yaradan işlərdən, genefondu dağıdan transgen qidalardan, eləcə də hər saniyə daha da korlanan ekologiyadan qaynaqlanır: “İnsanlar nə qədər ki, süni qida, genetik modifikasiya olunmuş məhsullar yeyəcəklər, ağır və stressli iş rejimi ilə çalışacaqlar elə belə də davam edəcək. Nəticə isə özünü ağır formada göstərir. İşdə, küçədə əsəbləri tarıma çəkilən kişi və ya qadın bütün hirsini evdəkilərin üstünə tökür, etiraz edən, səsini çıxaran olanda da zorakılıq tətbiq edir.

İkinci səbəb qeyri-düzgün yaşam, uyğunlaşmayan baxışlar, uyuşmazlıqlardır. Əgər kişi evləndiyi qadını sadəcə görüntü olaraq bəyənirsə bu sonralar böyük problemlərə səbəb olur. Uyğun gəlməyən xasiyyətlər ailəiçi münaqişələrin təməlində durur. Üçüncü səbəb ictimai təsirlərdir. Çoxları eşitmiş olar, bizim cəmiyyətdə kobud bir məsəl var, “qızını döyməyən, dizini döyər”. Onun müasir versiyası da var ki, qızını oğlunu sevməyən sonra dizini döyər, çünki o övladlar böyüyüb onlarla davranılan kimi davranacaqlar. Çünki ailədaxili zorakılığa məruz qalan hər bir uşaq gələcəkdə bunu öz övladına qarşı tətbiq edəcək deyir”.

Ailədaxili zorakılıq bir çox formada təzahür edə bilər, yumruq atma, təpikləmə, söyüş, hər hansı soyuq alətlə vurma, odlu silahlarla qorxutma və ya yaralama, zorla evləndirilmə, cinsi əlaqəyə məcbur etmə, evdə dustaq etmə və s. Bunlardan əlavə, ailə üzvlərinə qarşı səs ucaltmaq, başqalarının yanında hörmətdən salmaq, qürurunu qırmaq da zorakılıq sayılır. İqtisadi imkanların məhdudlaşdırılması, yəni maddi sıxıntıya salmaq da ailədaxili zorakılığın bir növü hesab edilir.

 

Kimin gücü kimə yetirsə…

Ailədaxili zorakılığın ən çox zərər çəkmiş hədəfi qadınlardır, onlar döyülürlər, söyülürlər, təhqir və təcavüz edilirlər, yaralanırlar və hətta öldürülürlər də. Qadının ailədəki zorakılığı dözməsinin bir çox səbəbi var, özünü gücsüz hesab edir, maddi cəhətdən asılıdır, cəmiyyətin qınağından qorxur. Bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması nadir hal olsa da rast gəlinəndir. Kişilər daha çox mənəvi zorakılığa məruz qalır. Kişilər daha çox həyat yoldaşlarının təhqiri, lağ etməsi, kobud davranması kimi mənəvi zorakılıq görürlər.

Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır. Ana-ata arasındakı mənəvi və fiziki basqının altında çox vaxt uşaqlar qalırlar. Valideynlər arasındakı anlaşmazlıqlardan, davalardan, zorakılıqdan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş, istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşaq istismarı deməkdir.

Ailədaxili zorakılıqda qocaların yeri narahatlıq yaradacaq qədər genişdir. Ölkəmizdəki qocalar evlərində olan yaşlıların sayından bu cür halların əslində nə qədər çox olduğunu təxmin etmək olar. Bəzən övladları valideynlərini qocalar evinə göndərmək istəmir, çünki ya cəmiyyətin qınağından qorxur, ya da qoca valideyninin təqaüdünü itirməkdən. Buna görə də valideynə özü baxır. Amma necə baxır, orasını çoxumuz təxmin edə bilirik.

Yaşlı və qocalara zorakılıq bir çox formada təzahür edir, bu fiziki zərər vermə də ola bilər, leqeydlik, maddi sıxıntı vermək, mal-mülkünə sahiblənmək, təhqir etmək, qürurunu sındırmaq kimi mənəvi zorakılıq da ola bilər. Ailədaxili zorakılıqdan əziyyət çəkənlərin sığına biləcəkləri yer olmalıdır. Hər hansı mərkəzlər, sığınma evləri. Ölkəmizdə qadınlar və uşaqlar üçün sığınacaqlar var, lakin imkanları məhduddur. Zorakılığa məruz qalan kişilər üçün ölkəmizdə sığınacaqlar yoxdur, ƏƏSMN-nin nəzdində sosial evlər var ki, ora da daha çox qalmağa yeri olmayan, küçədə yaşayan, ailəsi olmayan insanlar yerləşdirilir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir