Lale Mehrali

“Copy-paste” gözəllik

Baxış sayı: 596

Gözəllik tarixən insanların əhəmiyyət verdiyi və hər coğrafiyada fərqli tabuları olan anlayış olub. Bir millətin ecazkar hesab etdiyi gözəllik kriteriyası başqa bir millətə absurd gəlib. Bir ölkədə qəlibə salınaraq böyüməsi dayandırılan ayaqlar gözəllik kriteriyası olub, digərində dodaqların, qulaqların, boğazların dəmir halqalara keçirilməsi. Bizim sevdiyimiz düz saçlar onlara bədbəxtlik əlaməti kimi görünüb, onların ağac budağına oxşayan hörükləri bizə ürküdücü gəlib.

Platona görə, gözəllik ilahi zəkanın dünyada əks olunmasıdır. İlahinin verdiyi gözəlliyi olanlar da bəyənmir daha özünü. Bilirsiniz nə qədər gözəl qız özünü əməliyyatla “urod” edir? Saysız-hesabsız. Spesifik görünüşü ürəkləri titrədən, saf gözəlliyi ilə əks-cinsi riqqətə gətirən qızlar yoxdur daha. 17-18 yaşadək enib tibbi prosedurlar, müdaxilələr.

Ölkədə demək olar ki, bütün qızlarda eyni burun var. Daha qövslü burnu olan da yoxdur, fındıq burunlular da. Burun dəlikləri qarşı küçədən görünən estetikli qızlar hər gün artır. Estetik həkimlər “copy-paste” üsulu ilə işləyir, hamıda eyni tip burun var. Nazik burnunun üstündə azacıq çıxıntısı olan qızlar da əməliyyata qaçır. Anlamır o çıxıntının simasına necə incəlik verdiyini, onu spesifik etdiyini.

Gözlər insanın anadangəlmə sahib olduğu ən dəyərli hədiyyəsidir. Üzümüzdə ən çox diqqət edilən, ən nəzərəçarpan orqanımızdır. Əhəmiyyətliliyi tək gözlərin rəngi, quruluşu deyil, gözün həyatımızdakı rolunun özü böyükdür. Biz nə edirik? Yaradanın ən mükəmməl hədiyyəsini bəyənməyib barmaq edirik. Ya tibbi müdaxilə ilə formasını dəyişirik, ya rəngini bəyənməyib linza qoyuruq. Bəzən lap ağını çıxarıb tibbi prosedurla göz rəngimizi qalıcı olaraq dəyişirik. Ya kor oluruq, ya da ömürlük peşman.

Çoxdandır ki, gözlər qəlbin aynası deyil. Gözlərinə baxdığımızın qəlbini görməyəli çox olub. Daha piyalə, ceyran gözlü qızlar da azalıb. Alagöz dediyimizin gözü sən demə qara imiş, xəbərimiz yoxdur. Dünən ala gözlərini görüb vurulduğu qızın gözlərini bu gün mavi görən gəncin çaşqınlığını bir təsəvvür edin. Gözlərin öz təbii formasını itirməsi də çoxdan olub, iplərlə dartılıb gicgaha bağlanmış badam gözlülər, tülkü gözlülər, bir-birinin eynisi olan qızlar çoxalır. Miyanə anlayışı ortadan yoxa çıxıb.

İnsan simasının ən nəzərə çarpan nöqtələrindən biri də dodaqlardır. “Qonçə dodaq”, “yarpaq dodaq” deyə vəsf edilib tarixən gözəllər. “Ağız nazik, dodaq nazik, dil nazik” deyən Vaqif indiki şar dodaqları görsə nə cür təsvir qoşardı, kim bilir. Dolğu ilə şişirdilən dodaqlar daha aşıq Ələsgərin təbirincə desək “kip” durmur, o qədər müdaxilə edilir ki dodaqlar örtülmür, örtülmüş vəziyyətdə belə ağızda dişlər görünür. Alt dodaq çənəyə doğru, üst dodaq buruna doğru yola çıxıb. Daha nazik dodaqların gözəllik anlayışında yeri yoxdur, sıxışdırıb çıxardılar.

Çənəyə, almacıq sümüyünə də müdaxilə edildiyini biləndə mat qaldım. Çənə sümüyünü yonub üçbucaq görüntü verirlər. Ağız içindən kəsib xüsusi cihazla girib çənəni rəndələyirlər. Daha incə görünürmüş deyilənə görə. Almacıq sümüyü hiss edilməyən üzlərdə onu da qabardırlar, ya ətrafını rəndələyib sümüyü daha kəskinləşdirirlər, ya da dolğu ilə qabarıqlaşdırırlar. Ölkə dolub Malefisenta görünüşlü qadınlarla.

Geniş alın gözəllik etalonu idi bir zamanlar. Gözlərin gözəlliyinin ortaya çıxması, üzün daha aydın görünməsi üçün alnı kiçik qızlar hətta saç diblərindən saçları seyrəkləşdirir, alın nahiyəsini böyüdürdü. İndi geniş alnı olanlar kiçiltmək məqsədi ilə saç əkdirir alnına. Təbii qaşlarını bəyənməyib nümayişə qalxmış tük effekti etdirənlər də az deyil.

Gözəllik anlayışı sərhəd tanımır, hətta sərhədləri, hüdudları yıxır desək daha doğru olar. İnsan əlindəkilərlə qane olmur, həmişə yenisini, fərqlisini, dahasını, növbətisini istəyir. Gözəllik uğrunda gedən bu mübarizədən qazanclı çıxan hələ ki, estetik həkimlərdir. Bazar onlara işləyir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir