Artıq bir aydır ki, tədris ili başlayıb, onunla bərabər bütün valideynlərin qayğıları da başlamış oldu. Uşaqların dərs cədvəli, ev tapşırığı, repetitor tapşırıqları – hamısı üçün valideyn nəzarəti vacibdir. Məktəbli uşağı olan valideynlərin əksəriyyəti uşaqların ev tapşırığının çoxluğundan şikayətlənir.
Valideyn: “Uşağın yazmaqdan beli əyilir”
Ötən illərdə bu məsələ ilə bağlı çox yazmışıq, təhsil sisteminin uşaqları çox yükləməsindən bəhs etmişik. Bu məsələ ilə bağlı şikayətlənən valideynlərə sözlərini deməyə imkan da yaratmışıq. Valideynlər dərslərin çoxluğundan da şikayətlənirdi, yaşa uyğun olmadığından da.
Bu fikirdə olan valideynlər çoxdur, hamısı da uşağın dərs yükünün altında əzilməsindən şikayətlənir. Uşaqlar öz həyatını yaşamır, uşaqlıqlarından doymurlar. Məktəbli uşaqların əksəriyyəti yorğun, valideynlər isə stressli olur. Səbəbi də dərs yükünün çoxluğudur. Hər axşam evlərdə eyni problem var – bu tapşırığı kim edəcək? Əlində qələm, stol arxasında mürgüləyən uşaqlara baxanda, əslində, onların nə qədər böyük yük altında çırpındıqlarını görməmək mümkün deyil. Valideyn işə qarışanda isə məlum olur ki ev tapşırığı çox olmasından əlavə həmçinin uşaqların bilik səviyyəsinə və yaşına uyğun olmadığı məlum olur. Repetitorlar burda yada düşür…
İlboyu dərs oxusa da…
Pedaqoq Qənirə Məmmədova deyir ki, 1-ci sinif şagirdi olan nəvəsi də dərslərdən şikayətlənir: “Haqqı var, axı bir neçə ay qabaq o hələ bağçada idi, məktəb dərsləri ona çox ağır gəlir. Oxuma-yazma həvəsi indi təlaşla əvəz olunub, dərsə hazır olmasa gündəliyinə “2” qoyula biləcəyindən qorxur. Əslində, məsuliyyət hiss eləməsi yaxşıdır, amma dərs çoxluğu onları yorur. Müəllimlik də burada heç nə yoxdur, mən də müəlliməm və bizə verilən proqram belədir, tədris planına riayət etməliyik. Dərsdən əlavə testlər də verilir, yeni sistemlə uşaqların imtahan edilməsi də bu testlər vasitəsi ilə aparılır”.
Əslində, bu problemin yaranmasının bir səbəbi də Azərbaycanın təhsil sistemindəki əsas problemlərdən biri olan siniflərdəki şagird sayının çoxluğudur. Müəllim hər uşaqla fərdi qaydada işləyə bilmədiyi üçün tapşırıqların əksəriyyəti evə verilir. Hər gün tapşırıqdan əlavə xüsusi testlər də həll edilməlidir, bunun üçün hər şagirddən ayda 2 manat pul tələb edilir, o pul uşaqların hər fəndən imtahan edilməsi üçün fərdi testlərin və evə venrilən dərsdənkənar vəsaitin çapına xərclənir.
Pedaqoq: “Bizdən çox şey asılıdır”
Pedaqoq Təranə Şirinova deyir ki, bu işdə müəllim yaradıcılığı vacibdir: “Ədalət deyilən bir şey var, mən bunu qorumağa çalışıram. Tutaq ki, uşaq summativi edir, neçə sual düz yazırsa mən ora iki bal da əlavə edirəm və ya iki balı oradan silirəm. Yəni bir bal davamiyyət, bir bal da gündəlik fəaliyyət. Uşaq gündəlik dərsdə fəal olmayıbsa bir bal cavabını silirəm, və ya yaxşıdırsa əlavə edirəm. Testin altında elə qeydiyyat aparıram. Desələr ki, bu qanunsuzdur, uşağın cavabında dəyişiklik edəcəm. Axı belə etməsəm ədalətsilik olur. Müəllim özü balansı qoruya bilər, axı o bilir şagirdinin nəyə qadir olduğunu. Tutaq ki, sistemimizdə çatışmazlıq var, bəs müəllimin vicdanına nə olub? Müəllimdən bu məsələdə çox şey asılıdır.”
Uşaqların dərs yükünün ağır olması fikri ilə razılaşan pedaqoq Sədaqət Heydərova deyir ki, dərslər uşaqların yaşına uyğun çəkidə deryil: “Məktəbdə 6-7 saat dərsdə oturan məktəbli, ən azı 6-7 saat da evdə dərs hazırlamalı olur. Nəticədə şagird artıq dərəcədə yorulur. Bu yorğunluq təbii olaraq onu dərsdən uzaqlaşdırır, dərs yükünün ağırlığı şagirdin “gözünü qorxudur”. Praktik olaraq sutka ərzində şagirdin dincəlməyə, oynamağa, gəzməyə zamanı olmur. Üstəlik, keçilən dərslər şagirdin yaşına və dünyagörüşünə uyğun deyil. Məsələn bir dəfə Avropada yaşayan bir tanışım dedi ki, sizin məktəblərdə 4-cü sinif şagirdinə keçdiyiniz dərslər burada 8-9-cu sinifdə keçirilir”.
Pedaqoq deyir ki, şagirdə çox bilik deyil, mümkün qədər az və zəruri bilgiləri vermək lazımdır: “Son illər təhsilimizin acınacaqlı durumu göz önündədir. Nəticələr göstərir ki, şagirdlərin dərs yükünü artırdıqca mənimsəmənin keyfiyyəti aşağı düşür. Diplomluların sayı artsa da, savadlıların sayı azalır. Ümumiyyətlə, təhsilimizin gəldiyi son vəziyyət bu sahədə atılan addımların, tətbiq edilən sistemlərin uğurlu olmadığından xəbər verir. Və bütün bunlar zəruri edir ki, təhsilimizdə əsaslı dəyişikliklər və islahatlar aparılmalıdır”.
Valideynlər uşağın əvəzinə yazır…
Müəllimə ev tapşırığı yükünün çox olmasından da danışdı. Dediyinə görə, uşaqların ev tapşırığını tam etməməsi onların özünə güvən hissini zəiflədir: “Tutaq ki, 1-ci sinifdə oxuyan uşaq üçün evə 3 səhifə tapşırıq verdim. Uşaq onun 2 səhifəsini edib və valideyn haqlı olaraq 3 səhifə tapşırığın o yaşda uşaq üçün çox olduğunu düşünür və yarısını yazdırmır. Sabah uşaq bütün sinif yoldaşlarının ev tapşırığının hamısını etdiyini görəndə özündə günahkarlıq hiss edəcək. O biri uşaqların valideynləri də, əslində, siz düşündüyünüzü düşünür, uşağa bu tapşırığın çox olduğunu hesab edir və tapşırığın yarısını özü yazır, bir az uşaq xətti ilə. Müəllimi aldada biləcəyini düşünür, amma illərin pedaqoqu kimi bunu həmin dəqiqə anlayırıq, amma başa düşürük ki, uşaqlar yorulduğu üçün valideyn kömək edib. Bizim üçün də bu vəziyyət normal deyil, amma plan necədirsə elə işləmək məcburiyyətindəyik”.
Pedaqoq deyir ki, uşaqların dərsini valideynlər etməklə ona yaxşılıq əvəzinə zərər edir: “Qoyun 3 səhifənin 2-sini yazsın, 1-i qalsın, amma özü yazsın. Sabah sinifdə o biri uşaqlar “mən tapşırığın hamısını etmişəm” deyəndə övladınız utana bilər, bunu da ona başa salın, deyin ki, müəllim özü bilir ev tapşırığını kim özü edib, kim valideyn köməyi ilə edib. Beləcə onun özünə güvənmək hissini geri qaytara biləcəksiniz. Zamanla o 3 səhifəni sevərək həll edəcək. Siz heç bir halda onu məcbur etməyin, belə olsa dərslərə ikrah yarada bilərsiniz”.
Ev tapşırığını nə vaxt etməli?
Bir çox valideynin fikrini qarışdıran bir problem də ev tapşırığının hansı saatda edilməsidir. Pedaqoqlar bunun üçün ayrıca saat təyin etməyi doğru hesab etmir. Çünki uşaqlar 1-ci və 2-ci nöbədə oxumasından asılı olaraq fərqli saatlarda oyun oynamaq istəyirlər. Məktəbdən gələr-gəlməz uşağı ev tapşırıqlarını etməyə məcbur etmək də doğru deyil. Tapşırıq vaxtını təyin etməyi uşağın öhdəsinə buraxmaq daha doğrudur. Bu zaman məktəbli öz bioloji saatına uyğun olaraq vaxt seçir. O oyun oynamaq istəyəndə oynayır, dərs hazırlamaq vaxtı gələndə isə məsuliyyətin öz üzərində olduğunu xatırlayır.
Uşaq dərsini hazırlayanda evdə lazımı mühit yaradılmalıdır. Evin digər sakinləri cəlbedici, maraqlı məşğuliyyət seçməməlidir, əks təqdirsə uşağın fikri dərsində deyil, onlarda olacaq. Mümkünsə sakitliyi qorumalı, fikrinin cəmləmək üçün ona imkan yaradılmalıdır.
Uşağın yanında şikayətlənməyin
Doğrudur, təhsil sistemini dəyişə bilməsək də, uşaqlarımızı yönləndirə bilərik. Uşaqların təhsil həyatı yorğun keçirsə evdə bu yorğunluğu çıxarmaq üçün onunla oyunlar oynamaq lazımdır. Bunlar kompyuter, telefonda oynanan oyunlar deyil, ənənəvi şahmat, futbol, basketbol kimi oyunlardır. Şəkil çəkmək ruhu dincəldir, uşaqlar dərsdən yorulanda şəkil çəkməsinə, oyun oynamasına şərait yaradın ki, zehinləri dincəlsin. Uşaqlar dərs yükünün altında duz yükünün altında əzilən kimi əzilməsinlər.
Dərslərin çoxluğundan şikayətlənirsinizsə bunu uşağın yanında etməyin, müəllimlə əlaqə saxlayın. Uşaq sizin dilinizdən də dərsin çox olduğunu eşitsə daha az dərslə kifayətlənəcək, bu isə sinifdə yaşıdlarından geri qalması deməkdir. Axı sistem ümumimidir və bütün uşaqlar eyni tədris planına görə oxuyur. Kimsə az, kimsə çox oxuyanda bu qiymətlərdə özünü göstərir.
Uşağın məktəbi, müəllimi və dərslərini sevməsi üçün valideynin üzərinə də böyük məsuliyyət düşür. Uşağa məktəbin önəmini, təhsilin vacibliyini və müəllimin rolunu, habelə bu gün etdiyi dərslərin gələcək həyatında və işində necə köməyinə yetəcəyini başa salın.
Lalə Mehralı