ders

Autizim sindromlu uşaqların təhsil problemi

Baxış sayı: 451

Elm və Təhsil Nazirliyi övladı Autizm Spektr Pozuntusu (ASP) olan valideynin təhsil sistemində qarşılaşdığı şikayətlərə cavab verib.

Valideyn Pərviz Əzimov sosial şəbəkədəki hesabında oğlunun timsalında ASP-li uşaqların təhsilə cəlb olunması, onların inteqrasiyası üçün təhsil sistemində heç bir proqramın olmamasından şikayətlənib. Nazirik isə belə uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək səlahiyyətinin yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyasında olduğunu bildirib.

 

Nazirlik yenə yaxasını kənara çəkir

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu 21.1-ci bəndinə əsasən, uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərarın qəbul edilməsi yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyasının səlahiyyətindədir. Qeyd olunanları nəzərə alaraq şagirdin xüsusi təhsil ehtiyaclarının qiymətləndirilməsi məqsədi ilə yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına müraciət edilməlidir. Bu halda uşaq komissiyanın qərarına əsasən ehtiyacına uyğun olaraq xüsusi təhsilin təşkili formasına (inklüziv sinif, xüsusi sinif və ya evdə təhsil) yönləndiriləcəkdir. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyacları əsasında onun təhsil alacağı proqram psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə müəyyənləşir” – Elm və Təhsil Nazirliyi Sputnik Azərbaycan-ın valideyn Pərviz Əzimovun şikayəti əsasında verdiyi sorğunu belə cavablandırıb.

Nazirlik onu da qeyd edib ki, xüsusi şərait yaradılmadan ümumi təhsilə cəlb edilmiş şagirdlərin statistik məlumatı ETN-də yoxdur. Çünki bu qəbildən olan təhsilalanlar psixoloji-tibbi-pedaqoji komissiyanın iştirakı ilə xüsusi təhsil ehtiyacları müəyyənləşdirilməmiş şagirdlərdir.

 

İnklüziv məktəblər olsa da…

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli bildirir ki, ASP-li uşaqların təhsilə cəlb olunması ilə bağlı vəziyyət çox acınacaqlıdır. Ölkəmizdə üç inklüziv məktəb var. Davranış pozuntusu olan uşaqların həmin təhsil müəssisələrinə cəlb olunması nəzərdə tutulsa da, orada təhsil almaq ASP-li uşaqlara heç nə vermir.

“Bu gün autizm problemli uşaqlar yardımçı məktəblərə belə gedə bilmirlər. Bütün nevro-psixoloji sindromlu uşaqları bir məktəblərə yığıblar. Əslində daun sindromlu və digər nevro-psixoloji problemi olan uşaqların təhsil proqramı fərqli olmalıdır. Bizdə isə buna əhəmiyyət belə verən yoxdur. Uşaqlar inklüziv siniflərin olduğu məktəblərə cəlb olunsalar da, bu onlara heç nə vermir. Onların davranışlarında heç nə dəyişmir, məktəbdə heç nə öyrənmirlər. Uşaqlar məktəbə boş-boşuna gedib, oturub, gəlirlər. Bunu öz qızımın timsalında görmüşəm. Çünki, onlar üçün xüsusi təhsil proqramları və ixtisaslı kadrlar yoxdur” – ekspert bildirir.

Ç.Məmmədlinin sözlərinə görə, belə uşaqlar evdə təhsilə cəlb olunsa da, onlara evdə dərs deyəcək ixtisaslı müəllimlər yoxdur:

“Müəllim evə gəlsə də, ASP-li uşağa heç nə öyrətmir. Özləri onların əvəzinə yazaraq uşağın evdə təhsilə cəlb olunduğunu sənəd üzərində həyata keçirirlər. Türkiyə, Almaniya və Amerikada isə ASP-li uşaqların reablitasiyasına ciddi yanaşırlar. Orada bunun üçün ixtisaslaşmış dövlət məktəbləri var. Uşaqlar evdən avtomobillə götürülərək həmin ixtisaslaşmış məktəblərə, daha sonra isə inkluziv siniflərin olduğu məktəblərə aparılır. Uşağın 32 yaşı olsa belə proqramı mənimsəməsə, məktəbi bitirmiş sayılmır. Bizim məktəblərdə isə müəllim uşağın əvəzindən yazıb-pozub sinifdən-sinfə keçirir”.

 

Rəngli mərkəzlər autizmli uşaqlar üzərindən milyonlar qazanır

Ç.Məmmədli ASP-li uşaqlarla bağlı daha bir problemə də diqqət çəkərək bildirdi ki, Azərbaycanda ASP-li uşaqlar üçün çoxsaylı ödənişli rəngli mərkəzlər yaradılıb. Belə mərkəzlərdə bütün danışa bilməyən uşaqlara autizm diaqnozu qoyulur.

“Bu mərkəzlərin bir marağı var, o da pul qazanmaq. Çünki, bu mərkəzlər valideynlərin əlacsızlığından istifadə edib küllü məbləğdə pul qazanırlar. Bu gün Azərbaycanda autizmli uşaqlara dəqiq diaqnoz qoyulmur. Mən öz övladımın diaqnozunu Türkiyədə qoydurmuşam. Türkiyədə autizmli uşaqlara üç aya diaqnoz ancaq qoyulur. Bizim rəngli mərkəzlərdə isə uşaqla bir dəfə söhbətdən sonra ona autizm diaqnozu qoyurlar. Onların psixoloqlarının mütləq əksəriyyəti savadsız, təhsiliz şəxslərdir. Bu sahəyə dövlət nəzarəti olmadığından, onlar övladı nevro-psixoloji problemi olan valideynləri insafsızcasına “soymaqla” məşğuldurlar. Nə qədər valideyn uşağına bu diaqnoz qoyulduğuna görə intihar edib. Bizdə bütün danışa bilməyən uşaqlara autizm diaqnozu qoyulur. Bunun qarşısını almaq lazımdır” – Ç.Məmmədli deyib.

Həmsöhbətimiz onu da qeyd edib ki, Azərbaycanda ASP-li uşaqların rəsmi statistikası aparılmır. Ölkəmizdə belə uşaqların sayının 10 mindən çox olduğunu söyləyir.

 

İnklüziv təhsilə cəlb edilən şagirdlərin rəsmi statistikası

Məlumat üçün bildirək ki, ETN-nin bu günlərdə açıqladığı məlumata görə, 2023-2024-cü tədris ilində paytaxt üzrə 18 ümumi təhsil müəssisəsində (246, 220, 252 nömrəli məktəb-liseylər, 39, 84, 138, 202, 265, 300, 214, 25, 27, 177, 36, 163, 19, 181, 96 nömrəli tam orta məktəblər) inklüziv siniflər fəaliyyət göstərir. Hazırda ümumilikdə 18 təhsil müəssisəsində 150-yə yaxın sağlamlıq imkanı məhdud şagird inklüziv təhsilə cəlb edilib.

Qeyd olunub ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində müsbət nəticələr əldə olunub. Paytaxt üzrə 2015-2016-cı tədris ilində 2, 2016-2017-ci tədris ilində 4, 2021-2022-ci tədris ilində 5, 2022-2023-cü tədris ilində isə 9 ümumi təhsil müəssisəsində inklüziv təhsil sinifləri təşkil edilib.

Xatırladaq ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir