AILE

Cəmiyyətin əsasını sağlam ailə təşkil edir – TƏHLİL

Baxış sayı: 551

Tarixən Azərbaycan xalqı adət-ənənələrinə böyük dəyər verib və onu nəsildən-nəsilə ötürüb. Bu dəyərlərə rəğbətinin nəticəsidir ki, xalqımız dünya xalqları arasında ən seçilən və hörmət göstərilən xalqlardandır. Təəssüflər olsun ki, müasir dövrün yenilikləri bir çox hallarda gənclərimizin düşüncəsində yanlışlıq fikirlər formalaşdırır. Xüsusilə də, insan haqları, qadın azadlığı, gender bərabərliyi kimi məsələlərdə yetişməkdə olan gənc nəsil arasında fərqli, cəmiyyətimiz üçün arzuolunmaz tendensiyalar yaradır. Məlumdur ki, dünyagörüşü, həyata baxışı, dərin müşahidə qabiliyyəti olan müdrik ağsaqqallar həmişə mizan-tərəzini saxlayar, mərhəmətli, rəhmli olardılar, bir əlində qılınc, bir əlində qalxan tutar, bir əllərində od, bir əllərində su olardı. Dəyərli əsərlərdən də öyrənmişik ki, elin ağsaqqalı səliqə-sahmanlı olar, ağır oturar, ağır durar, fikrinin aydınlığı, dərin düşüncəsi ilə seçilərdi. Müdrik ağsaqqallar elin yol göstərəni, adətən-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin daşıyıcısı, qoruyucusu olardılar. Belə ixtiyarların həyat təcrübəsi zəngindir, onlar öz əməlləri, uzaqgörənlikləri ilə sayılıb-seçilirlər. Bu şərəfli vəzifə əsasən, nəsildən, əsildən-kökdən gəlir. Evin böyüyü, yəni ata, ilk növbədə, ailədaxili qanunları tənzimləyən və ailəni həyatın müxtəlif çətinliklərindən qorumaqla idarə edə bilən şəxsdir. O öz ədaləti və iradəsi ilə ailədə böyüməkdə olan övladları, xüsusilə, oğul üçün nümunəvi olan və onun gələcək həyatında meyar rolunu oynaya bilən Azərbaycan kişisi, ana isə namuslu qadın, ləyaqətli həyat yoldaşı, qayğıkeş, mərhəmətli ana, xanım-xatın, ailəcanlı, ismətli, yeri gələndə mərd və döyüşkən olmağı bacaran Azərbaycan xanımıdır. Ailənin digər üzvləri olan övladlar isə ata- ananın sözündən çıxmamaq, onların haqqını ömrün vəfası bitənə qədər uca tutmaq, ailə dəyərlərinə qarşı gəlməmək, nəticə etibarilə valideynlərinin fəxrinə çevrilməklə əsl azərbaycanlı ailəsini təşkil edirlər ki, bu nüanslar Azərbaycan xalqının milli dəyərlərində geniş şəkildə yaşamaqdadır. Böyüyə hörmət, kiçiyə dəyər verib, ona yol göstərmək cəmiyyətimizin başlıca keyfiyyətlərindəndir.

aile

Azərbaycan cəmiyyətində ailə təməlinə böyük dəyər verilir

Azərbaycan cəmiyyətində ailənin dövlətin tərəqqisində oynadığı rol böyükdür. Bunu sosioloqlar da təsdiqləyirlər. Onlar insanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında xalqın milli-mənəvi keyfiyyətlərinin gələcək nəsillərə ötürülməsində ailəni alt qurum hesab edirlər. Türk dünyasında isə sağlam əxlaqa malik əksəriyyət arasında evlənmə xoşbəxtlik qaynağı kimi qəbul olunur. Türk təfəkküründəki fitri və təbii əsaslara malik ailə nizamı ərlə arvad arasındakı rabitənin bir çox incə nöqtələrini önə çəkmişdir. Eləcə də ailə həyatının davamlı qanunlarının əsası qoyulmuşdur. Türk təfəkkürünün daim diqqət mərkəzində olan əsas məsələlərindən biri bu ocağı isitmək və möhkəmləndirməkdir. Belə ki, ailə rabitələrini zəiflədə bilən hər bir amillə ciddi mübarizə aparılmışdır. Ər-arvadlıq vəzifələrinin yerinə yetirilməsi və ailədə əxlaqi dəyərlərə diqqət bu cəmiyyətdə əsas şərtlərdən sayılmışdır. Bu yolla ailə quran tərəflər Allaha yaxınlaşır, onların bəndəlik məqamı yüksəlir. Bu səbəbdən türk dünyagörüşündə ailə müqəddəslik dairəsinə daxildir və ilahi bir məfhum daşıyır. Belə bir yanaşma ailə təməlini soyuqluq və süstlükdən qoruyan, onu daha da sarsılmaz edən ciddi amildir. Ailə-nikah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır. Nikah ailənin hüquqi əsasıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan müqavilədir. İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmçinin, böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailənin əsası cəmiyyət tərəfindən bu və ya digər formada müəyyən edilmiş kişi ilə qadın arasında nikah ittifaqıdır. Nikah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailəyə kiçik sosial qrup kimi də baxmaq olar. Ailənin mahiyyəti onun quruluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur. Milli dəyərlərimizin təməlini ailə dəyərləri təşkil edir. Məlum məsələdir ki, hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir. Azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür. Yəni, ailə üzvləri böyüdükcə, digər millətlərdən fərqli olaraq, fərdlər ailədən uzaqlaşmır, əksinə, daim əlaqələrini genişləndirir. Həmçinin, ailədə hər bir fərdin öz yeri və üzərinə düşən öhdəlikləri vardır. Azərbaycanlı psixologiyasında ailə müqəddəsdir; o, gücü, birliyi, iradəni təmsil edir ki, milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlə rastlaşırıq. Başqa sözlə, Azərbaycan ailəsinin dəyər verdiyi keyfiyyətlər zaman keçdikcə əhatələnmiş, qanuniləşmiş və bugünkü milli dəyərlərimizi meydana gətirmişdir. Milli dəyərlərimizi ailə fərdlərinin ayrı-ayrılıqda Azərbaycan ailəsindəki yerini və vəzifələrini qısa şərh etməklə belə səciyyələndirə bilərik. Hər bir xalqın milli dəyərləri onun milli mənəviyyat göstəricisidir. Bu mənəviyyatın qaynaqlandığı mənbə isə milli tarix və onun gerçəklikləri, milli mədəniyyət, milli adət və ənənələrdir. Mədəni-mənəvi kökümüzə qayıdış yolunda, milli mənəviyyatımızın təkcə forma baxımından deyil, həm də məzmun baxımından bərqərar olması uğrunda aparılan mübarizədə mətbuatın, televiziyanın rolu olduqca böyükdür. Qəzet və telekanallar yalnız məqalə və veriliş yayımı ilə kifayətlənməməli, paralel olaraq bu məqalə və verilişlərdə milli dəyərlərin təbliği və qorunmasına xidmət etməlidir. Bütün siyasi, ictimai, mədəni, ədəbi proseslər, o cümlədən yayım prosesləri daim inkişafda və yenilənməkdədir. İstənilən inkişafın bazasında isə mütləq ümumbəşəri və qlobal elementlər dalğası hökm sürməyə can atır. Bu dalğanın törətdiyi fəsadlar isə istənilən prosesi milli kökündən, milli adət-ənənəsindən, milli mənəviyyatından uzaq sala bilər. Məhz buna görə də kütləvi auditoriyası olan qəzet və televiziya, mütləq mənada, ümummilli ahəng üstündə köklənməli, yaradıcı güc, işlək qüvvə, jurnalist bazası daha çox milli dəyərlər kontekstində yüklənməlidir.

aile

Ailə müqəddəsdir

Əksər hallarda qeyd olunur ki, ailə dövlət içində kiçik dövlətdir. Kiçik dövlətin özünəməxsus qaydaları, qanunları olur. Bu baxımdan, tarix boyu Azərbaycanda ailə müqəddəs hesab olunub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin başlıca vəzifəsi ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, onun problemlərinin minimuma endirilməsi, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılmasıdır. Hər il may ayının 15-i dünyada təntənə ilə qeyd olunan və insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltmək məqsədi daşıyan Beynəlxalq Ailə Günü münasibətilə respublikamızda da silsilə tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu əlamətdar günlə bağlı təşkil etdiyi “Ailə bayramı”nda nümunəvi ailələrin seçilməsi, respublikanın müxtəlif bölgələrində mərasimlərin keçirilməsi artıq xoş ənənəyə çevrilib. Bu gün bizim vətənə, əcdadlarımızın bizə miras qoyduğu dəyərlərə olan sevgimiz, hörmətimiz buradan qaynaqlanır. Tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayan və xalqımızın gələcək nəsillərə bəxş etdiyi ailə institutu aşınmaqdadır. Qurulan ailə milli-mənəvi, dini-əxlaqi faktorlara söykənməlidir. Ona görə də ailə quran hər bir gənc tam şəkildə bir-birini tanıdıqdan sonra ailə qurmalıdır. Yəni, tələsmək sonrakı mərhələdə peşmançılıq yarada bilər. Digər tərəfdən, gənclər ailə qurmamışdan əvvəl fikirləşməli, götür-qoy etməlidir ki, o, evlənməyə hazırdırmı. Nəzərə almaq lazımdır ki, ailə millətimizin gələcək fərdinin formalaşdığı bir mühitdir. İnsanın real şəxsiyyəti ən bariz şəkildə ailədə formalaşır. Uşağa davranış qaydalarını mənimsədən, sosiallaşmasını təmin edən ilk məktəb də ailədir. Çünki ailənin quruluşu, təməl prinsipləri və fəaliyyəti cəmiyyətin fəaliyyəti ilə bir bütünlük təşkil edir. Tarixdə əbədi izlər buraxmış böyük millətlərin ən üstün keyfiyyətləri sağlam bir ailə quruluşuna malik olmalarıdır. Ailədə hər kəs fərqli bir şəxsdir. Ancaq onları qan bağlılığı, ailə dəyərləri bir arada tutur. Bir millət olaraq qarşılaşdığımız bu problemlərdən bizləri qurtaracaq çox yollar göstərilir. Amma fikrimcə, çağımızda bu problemin həll yolu istər millət olaraq, istərsə də ailə olaraq milli-mənəvi, dini-əxlaqi dəyərlərimizə sahib çıxmaqla olacaq. Ailə dəyərlərini ən yaxşı şəkildə qoruyan və inkişaf etdirən dövlət və millətlər uzunömürlü olmuşlar. Ailələr nə qədər xoşbəxt olsalar, millətimiz və dövlətimiz də o qədər güclü olar. Ata oğul üçün ən ideal örnək, qız üçünsə əks cinsin ən yaxşısı təmsilçisidir. Amma bəzən görürük ki, uşaqlara qarşı çox diqqətsizlik olur, onlara biganə münasibət bəslənir. Uşaqlar valideynlərin sevinci, fərəhi, ailələrinin istiliyini daha da artıran ümidləridir. Uşaqları tənbeh etməklə tərbiyələndirmək deyil, onları sözlə, müəyyən məsləhətlərlə, sevgi ilə tərbiyələndirmək olar. Valideynlər uşaqlara nə qədər sevgi ilə yanaşsalar, uşaqlar öz fikirlərini onlara daha açıq şəkildə deyər, valideynlərini özlərinə dost və sirdaş bilərlər. Ana və ata uşaqlarının dostu olmalıdır. Uşaqlar məktəbdə, həyətdə üzləşdikləri arzuolunmaz problemləri rəfiqəsinə və ya dostuna deyil məhz valideynləri ilə müzakirə etməlidir. Bu da valideynlə uşaqlar arasında dərin dostluq əlaqələri yaradar, inam və etimadı möhkəmləndirər. Uşağı təhdid etmək, ona yersiz halda qışqırmaq yolverilməzdir. Belə hal uşaq da ümidsizlik yaradar, ruhdan düşər ki, bu da ailədə başqa problemlərə, hətta faciəyə gətirib çıxara bilir. Ailə özündə ictimai əlaqələrin bütün sistemlərini – nikah və qohumluq, hüquqi və siyasi, iqtisadi, etnik, psixoloji və emosional – birləşdirir. Məhz bu amilin sayəsində ailə sosial birliyin ilkin elementi olduğu üçün şəxsiyyət-cəmiyyət münasibətlərinin vasitəçisi qismində çıxış edir. Ailə yeni doğulmuş körpənin sosial normalar və əlaqələr haqqında təsəvvürünün formalaşmasını da həyata keçirir. Ailə, həmçinin, sosial irs qanununun da yaşamasına təsir göstərən ən güclü institutdur. Qurulacaq ailə milli-mənəvi, dini-əxlaqi faktorlara söykənməlidir. Bəli, bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməli və necə bir insanla ailə həyatı quracağını müəyyənləşdirməlidir. Kiçik dövlət sayılan ailə insanlar arasında birinci ictimai formadır. Mənəvi emosional hisslər əsasında birləşmiş, insanların ümumi maraqlarını ifadə edən bu kiçik institut eyni zamanda güclü dövlətin, millətin təməlini təşkil edir. Ailənin gücü və mahiyyəti onun sosial birlik, kiçik sosial qrup kimi xarakterizə edilməsi ilə bağlıdır. İnsanın real şəxsiyyəti ən bariz şəkildə ailədə formalaşır. Uşağa davranış qaydalarını mənimsədən, sosiallaşmasını təmin edən ilk məktəb də ailədir. Çünki ailənin quruluşu, təməl prinsipləri və fəaliyyəti cəmiyyətin fəaliyyəti ilə bir bütünlük təşkil edir. Tarixdə əbədi izlər buraxmış böyük millətlərin ən üstün keyfiyyətləri sağlam bir ailə quruluşuna malik olmalarıdır. Ailədə hər kəs fərqli bir şəxsdir. Ancaq onları qan bağlılığı, ailə dəyərləri bir arada tutur. Bir millət olaraq qarşılaşdığımız bu problemlərdən bizləri qurtaracaq çox yollar göstərilir. Ailələr nə qədər xoşbəxt olsalar, millətimiz və dövlətimiz də o qədər güclü olar. Ata oğul üçün ən ideal örnək, qız üçünsə əks cinsin ən yaxşısı təmsilçisidir. Amma bəzən görürük ki, uşaqlara qarşı çox diqqətsizlik olur, onlara biganə münasibət bəslənir. Uşağı təhdid etmək, ona yersiz halda qışqırmaq, günahlandırmaq kimi neqativ hallar yolverilməzdir. Bu, uşaqların sinirinə, əlbəttə, öz mənfi təsirini göstərir. Uşaqlar sevildiklərini biləndə, hiss edəndə ki valideynləri onları necə böyük bir məhəbbətlə sevir, onda bunu gələcəkdə öz ailəsində də tətbiq edir. Əks halda isə bu, ailədə başqa problemlərə, hətta faciəyə gətirib çıxara bilir. Bu kimi halları nəzərə almaqla gələcəyinizi, başlıcası isə cəmiyyətimizin inkişafına təkan ola biləcək sağlam, nümunəvi ailə institutu yaratmaq olar.

 

İ.ƏLİYEV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir