ses

Səslərə qarşı həssassınızsa…

Baxış sayı: 455

Səsdən nifrət etmək kimi bilinən bu xəstəlik 2001-ci ildə Pavel Jastreboff tərəfindən aşkar edilmişdir. Mütəxəssislər bildirirlər ki, öskürək, xoruldamaq, yemək yemək, saqqız çeynəmək, nəfəs almaq, diş fırçalamaq, dırnaq kəsmək, asqırmaq, gülmək, əsnəmək, danışmaq və.s kimi gündəlik həyatda sıx-sıx qarşılaşılan səslərdən narahat olan, hətta əsəbləşən insanların narahatlığı “misofoniya” olaraq adlandırılır. Bu xəstəliyin səbəbi tam olaraq bilinməsə də, nevroloji ve psixoloji bir pozuntu olaraq düşünülür. Xəstələr ətraf mühitdəki səslərdən o qədər narahat olurlar ki, bir müddət sonra həyatdan uzaqlaşmağa və yalnızlaşmağa başlayırlar.

Psixoloqlar bildirirlər ki, “misofoniya” xəstələri yalnız yüksək və aritmik səslərə qarşı deyil, bəzən aşağı tonda olan səslərə qarşı da həssas ola bilirlər. Ümumiyyətlə, “misofoniya” xəstəliyini sosial narahatlıq da adlandırırlar. Belə ki, belə xəstələr bu növ səslərə qarşı bəzən şiddətli aqressiv davranışlar da göstərə bilirlər.

Onlar, həmçinin tum, cips ve ya popkorn yeyərkən ortaya çıxan səslərdən əsəbləşirlər, uşaq ağlama səsinə qarşı dözümsüz olurlar, evdə, işdə və ya məktəbdə ayağın ritmik bir şəkildə yerə və ya hansısa bir əşyaya vurulmasından narahat olurlar, gündüz ətrafdan gələn səslər, məsələn maşın siqnalı səsi onlarda gərginliyə səbəb olur.

Səslərdən narahat olmamaları üçün psixoloqlar evdən çıxmamağı və sosiallaşmaqdan uzaq durmağı tövsiyə edirlər.

Bu  və buna oxşar narahatlıqlar hər kəsdə ola bilər, amma “misofoniya” xəstələri ətrafdakı səslərə qarşı aşırı reaksiya verirlər.

Psixoloqlar bildirirlər ki, insanın sosial funksionallığını və həyat keyfiyyətini pozan bir xəstəlik olan “misofoniya” yeniyetməlik yaşlarında başlasa da, tam diaqnozun qoyulması 30-lu yaşlara qədər davam edə bilir. İnsanlar səslərdən yaranan narahatçılığı xəstəlik olaraq görmədikləri üçün müalicəyə getmirlər və özləri öhtəsindən gəlməyə çalışırlar.

Bu xəstəlik üçün dəqiq bir müalicə metodu olmasa da araşdırmalar davam edir. “Misofoniya”nın müalicəsi üçün xəstəliyə səbəb olan vəziyyətlər və insanın sahib olduğu və yaşadığı narahatlıqlar araşdırılmalıdır. Əvvəlcə xəstənin səslərə həssas münasibətinin səbəbləri araşdırılmalı və şəxsin qavrayış probleminin aradan qaldırılması üçün lazımi təlqinlər verilməlidir. Psixoloji dəstək almayan xəstələr ailə və yaxınları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Psixoloqların məsləhətinə görə, insanı səsə deyil, hadisələrə yönəltməyə imkan verən müalicə sayəsində xəstəliyi aradan qaldırmaq mümkündür. Məsələn, yemək zamanı ortaya çıxan çəngəl-bıçaq səslərinə deyil, yeməyin dadına diqqət yetirməyi təklif etmək insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur.

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir