efzeleddin R

Yaşlanmış intihar, yaxud intiharın yaşı -3-CÜ YAZI

Baxış sayı: 723

Daha öncə inthar haqda olan iki məqaləmizdə, yəni “İntihar, yaxud saralmamış yarpaq budaqdan qopmaz” və “İntihar, sevilməyən ölüm, yaxud sevilməyənin ölümü” başlıqlı yazılarımızda, intihara səbəb olan amillərdən, psixoloji, sosialoji və bialoji faktorlardan söz açdıq. Hazırkı məqalədə isə müxtəlif yaş hədlərində baş verən intiharların xüsusi səbəblərini və onu tətikləyən amilləri qısa şəkildə gözdən keçirmək istəyirik.

İlk öncə bu məsələyə aydınlıq gətirmək istərdim ki, intihar üçün xüsusi yaş həddi yoxdur. Bu, intihar edən fərdin psixoloji, sosioloji və bioloji amillərdən qaynaqlanan tətikləyici səbəblərinə bağlı olan bir məsələdir. Bəzən insanlar elə düşünürlər ki, yaş həddi kiçik olduğu zaman intihar riski yoxdur. Bir halda ki, belə deyildir. Təəssüflər olsun ki, uşaqların intihar etməsi ilə əlaqədar kifayət qədər beynəlxalq ölçü mövcuddur. Uşaqlar intiharı böyüklərdən fərqli şəkildə qavrayırlar. Onlar buna boş, keçici bir hadisə kimi baxırlar. Onları ölümə itələyən ən əhəmiyyətli səbəb, valideynlərindən gözlədikləri diqqəti görməmələridir. Burada, xüsusilə ana əsas rol oynayır. Çünki uşağın həyata baxışı demək olar ki, anada xülasələşib. O, övladının enerji mənbəyidir. Buna səbəb uşağın anadan aldığı sevgi və dəyər hisləridir. Anadan gələn bu duyğular və bağlılıqlar sağlam və yetərincə “vitaminli”, yəni keyfiyyətli olmalıdır. Əgər ana həddindən artıq bədbin və depressiyaya düşmüşdürsə, uşaq da anasındakı depressiyasını qavrayaraq öz ruh halını onunla eyniləşdirir. Diqqət olunması məqam budur ki, böyüklərdən fərqli olaraq uşaqlar, bu ağrılı-acılı emosional vəziyyətdən xilas olmaqda özünü aciz və çarəsiz görürlər. Elə bunun nəticəsində də, sonda intihara əl atırlar. Həqiqətən də, bu çox acınacaqlı və ürək ağrıdan bir ruh halıdır. Valideynlər diqqətli olmalı, yaşadıqları problemləri uşaqları üzərində test etməməlidir. Ailə cütlüklərin eqolarının, yaxud psixoloji gərginliklərinin laboratoriyası deyildir. Ailədə uşaq böyüyürsə, orada diqqətli olmaq lazımdır.

Unutmaq olmaz ki, müasir zamanda böyüyən uşaqla daha geniş məlumat sahəsinə malik olduqları üçün ətraflarında baş verənlərdən daha tez və dərin təsirlənə bilir, ağır travmalar və yaralar ala bilirlər. İndiki vaxtda uşaqlar da böyüklər kimi öz gələcəkləri üçün narahatdırlar. Valideynlərinin ayrılma qorxusu, bir-birilərini, yaxud onu sevməmələri, onlardan birindən məhrum olaraq “yarım qalma” təhlükəsi və sair kimi amillər onları hədsiz dərəcədə təşvişə salır. Burada uşağın valideynlərinin problemlərini həll edə vilməməsi və özünü ganahlandırması da, ağır fəsadlarla nəticələnir.

Btün bunlardan daha pisi, uşaqların valideynləri tərəfindən istənməmə, sevilməmə, yük olma kimi təlqinlərə məruz qalmasıdır. Həmçinin, mükəməlliyyətçi  valideynlərinin təzyiqinə məruz qalaraq, bacarıqsızlıq sindromuna hələ erkən yaşlarda tanış olmaları anormaldır. Uğurlu ailələrin övladlarının uğurlu olmasını arzulaması, buna görə də, ata-ana tərəfindən uşağa şərtləndirilmiş sevgi verməsi, məsələn, “sinifdə birinci olsan səni sevəcəyəm, yoxsa sən dəyərsiz və sevilməyə layiq deyilsən” məzmunlu sözdə yox, rəftar və davranışdakı yanlış addımlar uşaqlarda qorxu və təşviş yaradır. Bəzi valideynlərin belə məsələlərə adi baxması, sonunda istənməyən nəticələrə gətirib çıxarır.

İntiharla bağlı araşdırmalarda belə nəticəyə gəlinib ki, intiharla ailə içindəki münaqişələr (valideynlərin davamlı mübahisəsi, fiziki şiddət və sair), uşağa qarşı ciddi və əsaslı diqqətsizlik, onunla kobud və pis rəftar, təhqirlər, həddindən artıq aqressiya və fizki şiddət göstərmək, zorlama kimi hadisələr arasında sıx əlaqənin olması inkar olunmaz bir həqiqətdir. Bir sözlə, bunları uşaq intiharlarını artıran ən mühüm risk faktorları adlandıra bilərik.

Demək olar ki, ən yüksək intihar nisbəti yeniyetmə dövrlərində baş verir. Yeniyetməlik dövrü fərdin özü ilə son dərəcə maraqlandığı və özünə əhəmiyyət verdiyi bir dövrdür. Bu yaş dövründə onun müxtəlif ifrat qayğı, narahatlıq və qorxuları vardır. Yeniyetməlik dövründə ölümə olan marağın ən bariz nümunəsini intihar hadisələrində görürük. Dünyada, intihar, yeniyetməlik dövründə yol qəzalarından sonra ən əhəmiyyətli ikinci ölüm səbəbidir.

Yeniyetmə intiharlarının ən bariz səbəblərindən biri uşaqlıqdan başlayaraq ailədə ona qarşı sevginin olmamasıdır. Bu böyümə zamanı təzyiq, təhqir və alçaldılma, rədd edilmə, bəyənilməmə və bu kimi amillər onu depressiyaya və dəyərsizliyə yönləndirir. Yeniyetmələr zamanla bu vəziyyəti qəbul edə bilmir və həll yolunu intihar etməklə görür.

Ailə daxilində yaşanan mənfiliklər yeniyetmənin psixi sağlamlığına əhəmiyyətli dərəcədə təsir edir. Unutmayın ki, yeniyetmələr hər nə qədər müstəqil və yetkin kimi görünsə də, əslində ailəyə və onun təmin edəcəyi duyğu və dəyər hislərinə ehtiyacları vardır. Sizə uzaqdan heç bir şeyə ehtiyacları yoxmuş kimi görünə bilərlər, amma vəziyyət əksinədir. Bu yaş həddində onların sevgi və qayğıya daha çox ehtiyacları vardır. Valideynləri və sair yaxın çevrələri tərəfindən sevilmək, təqdir və təşviq olunmaq istəyirlər. Bu yaş dövründə, onlara xüsusilə də, ailəsinin təmin etdiyi təhlükəsizlik hissi lazımdır. Ailə bu funksiyaları yerinə yetirməsə, onun yeniyrtmə üçün əsas faydası aradan qalxmış olacaqdır. Deməli, sağlam ailə mühitinin pozulması yetkinlik və gənclik dövründə intihar davranışı ilə sıx bağlıdır. Əziz valideynlər, yetkinlik yaşına çatmış övladlarınıza daha çox diqqət ayırıb, onlara öz məntiqi və duyğusal sevginizi göstərəklə bunun qarşısını ala bilərsiniz.

Bundan əlavə, ailədə ata və ya ananın qəfil ölümü, yeniyetmənin nəzərində hər şeyin tamamilə alt-üst olması, böyük böhranlar yarada bilər. Bu da, intihara gətirib çıxarar. Depressiya intihar riski ən yüksək olan psixi pozğunluqlardan biridir. Bir valideynini, yaxud hər ikisini itirən yeniyetmələrə psixoloji xidmət, yaxud yaxınları tərəfindən xüsusi diqqət ayrılmalıdır.

Yeniyetmə dövrlərində macəra və xoşbəxtlik axtaran bəzi sadə qəlbli şəxslər, bəzən narkotik maddələrin aludəçisinə çevrilirlər. Valideynlər bu dövr ərzində belə məsələləri nəzərdə almalı və övladlarını nəzarətdə saxlamalı, onları bu sahədə maarifləndirməlidir. Narkotik maddələrin istifadəsi həm böyüklər, həm də gənclər arasında insanları intihara sövq edən ən ciddi amillərdən biridir.

Televiziyanın intiharlara təsiri çox güclüdür. Nakam eşq və sevgi macəraları ilə dolu olan bəzi filmlər, seriallardakı baş rolu ifa edən qəhrəmanların intiharı, özünü filmin təsirinə buraxan yeniyetmələrin gələcəkdə oxşar addımlar atmasına zəmin yaradır və onlara yanlış örnək olur. Sanki fədakarlıq və sədaqət kimi aşılanan intiharlar, yeniyetmələr üçün çox təhlükəlidir. Televiziyada intihar hadisələrini izləyən yeniyetmələr, bəzən özlərini oradakı qəhrəmanlarla eyniləşərək intihar edirlər.

ARDI VAR…

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir