cipsi

Niyə çipsi yeməyək? – ARAŞDIRMA

Baxış sayı: 515

Bir çox insan üçün çipslərdən imtina etmək, demək olar ki, mümkün deyil. Əksəriyyət, çipslərin yağ, karbohidrat, natrium və təbii ki, kalorilərlə zəngin olduğunu bilir, amma onu qida rasionundan çıxara bilmir.

 

Dərinizi qocaldır

Demək olar ki, hər kəsin ləzzətli hesab etdiyi çipsilər ən zərərli qəlyanaltılar arasında yer alır. Çipsi yemək sizə kökəlməyə başa gələcək, xolestron və xərçənglə mükafatlandıracaq, dəridən dırnağadək bir çox əzanıza zərər verəcək. Çünki çipsilərin tərkibində çox miqdarda yağ, duz və çoxlu zərərli karbohidratlar var.

Orqanizm istehlak edilən artıq duzu neytrallaşdırmağa və aradan qaldırmağa çalışarkən o dəridəki hüceyrələrdən daha çox maye çəkir. Nəticədə maye çatışmazlığı səbəbindən dəriniz daha quru olur. Yağda qızardıldığı üçün çipsilər qocalma prosesini sürətləndirən və dərinin elastikliyini zəiflədən sərbəst radikallar buraxırlar. Bir çox işlənmiş qidalar kimi, kartof çipsilərində də diabet, insult və ürək-damar problemləri ilə əlaqəli trans yağlar var. Bu qeyri-sağlam yağlar dərinizi günəşin ultrabənövşəyi şüalarının zərərinə qarşı daha həssas edir.

 

Yeyirsinizsə artıq xəstələnmisiniz

Əgər çipsi yeməyi sevirsinizsə və hər gün yeyirsinizsə, həyatınız boyu qorxulu xəstəliklərə düçar olacağınıza zəmanət verilir. Saysız-hesabsız araşdırmalar nəticəsində alimlər, müntəzəm olaraq çipsi yeməyin yeddi təhlükəsini sübut ediblər. Çoxsaylı xəstəliklərə, xüsusilə demans və ya ürək problemlərinə səbəb olan kartof çipsləri həmçinin yüksək təzyiqə səbəb olur. Əgər çipsi yeməyi sevirsinizsə, bu sizə hər porsiyada olan yüksək natrium səviyyəsi sayəsində hipertoniya, yəni yüksək qan təzyiqi ilə yaşamağınız hesabına başa gələcək. Klivlend Klinikası və Harvard Tibb Məktəbinin məlumatına görə, bu qəlyanaltılarda olan duz, digər qida məhsulları ilə müqayisədə natrium səviyyənizə böyük ölçüdə təsir edir.

Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, işlənmiş qidalarda olan “akrilamid” adlı kimyəvi maddə kanserogen xüsusiyyətlərə malikdir və müxtəlif xərçəng növlərinə səbəb ola bilər. Çipsilərin tərkibində çoxlu xolesterin var və bu ciddi insult təhlükəsi yaradır. Sinqapur Milli Universitetinin məlumatına görə, çipsi sonsuzluğa səbəb olur. Harvard Tibb Məktəbinin araşdırmalarına görə də trans yağlar qadınlarda sonsuzluq riskini artırır.

 

Əsrin faciəsi-trans yağlar

Çipsilərin zərərli təsirləri təkcə fiziki sağlamlıqla məhdudlaşmır, tərkibinə əlavə edilmiş yüksək miqdarda trans yağlar sayəsində psixoloji sağlamlığınızı da riskə atırsınız. ABŞ Milli Tibb Kitabxanasında dərc edilən 2016-cı il araşdırmasına görə, trans yağların artan istehlakı depressiya şansının artmasına səbəb olur. Bundan əlavə, trans yağlar sonsuzluq, qaraciyər xəstəlikləri, xərçəng, Alzheimer və Parkinson kimi xəstəliklərə səbəb olur.

Çipsilərin tərkibində çox miqdarda duz, karbohidrat və yağ olduğuna görə onu yemək yağ içməklə eyniləşdirilir. Duza qarşı kampaniyaya başlayan Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz istehlakının 3 qramı keçəndə insult və infarkt riskinin iki dəfə artdığını bildirir. Hamilə qadınlar çipsi istehlak etdikdə, çipsin zərərli təsiri gələcək körpəyə də təsir edir. Körpələr ana bətnində olarkən də ciddi sağlamlıq problemləri ilə üzləşirlər.

Kartof qızartması və digər qızardılmış qidalarda bişmə temperaturu 120-dən çox olduqda, “akrilamid” adlı zərərli maddə əmələ gəlməyə başlayır. Mütəxəssislər həmçinin müəyyən ediblər ki, çipsilərin tərkibində kimya-plastik sənayesində istifadə edilən və siqaretin tərkibində xərçəngə səbəb olan təhlükəli kimyəvi maddə olan “akrilamid” var. Bu maddə uzun müddət istehlak edildikdə ateroskleroz, iltihablı xəstəliklər, piylənmə və xərçəng kimi xəstəliklərə səbəb olur. Çiplərin təhlükəli olmasının səbəblərindən biri də çipsilərin qızartma prosesində yüksək miqdarda yağ qəbul etməsi və buna görə də yüksək kalorili olmasıdır.

 

İldə 9 kilo yağ!

Hər bir çipsi paketində 25-33 qram arasında yağ var. Ürək üçün son dərəcə zərərli olan yağın miqdarı 20 qramı keçməməlidir. Araşdırmalara görə, cipsi yeyən uşaqlar ildə təxminən 9 kq yağ yığırlar. Ümumdünya Səhiyyə Təşkilatı və Amerika Qida və Dərman Administrasiyasına görə, bir yetkin insan gündə cəmi 6 qram duz və 65 qram yağ istehlak etməlidir. Yəni gündə iki paket çipsi yeyən uşaq üçün bu rəqəmlər təhlükəli həddə çatır.

Azərbaycanda satılan kartof çipslərinin paket məlumatlandırılmasında neçə faiz doymuş yağ, neçə faiz trans yağ olduğu göstərilmir. Britaniya Ürək Fondunun məlumatlarına görə, 100 qram kartof çipsindəki doymuş yağ nisbəti 10 qrama qədər, trans yağ nisbəti isə 3 qrama qədər ola bilər. Bu zaman 100 qram cips qəbul edən uşaq böyüklərin istehlak etməli olduğu qədər yağ istehlak edir. Təəccüblü deyil ki, çipsilər çoxlu boş kalori ehtiva edir və bu da onu miqdarından daha çox istehlak etməyə imkan verir. Yəni, çipsidən doymaq mümkün deyil.

Eyni zamanda çipsilərin tərkibindəki yağlar ümumiyyətlə “aterosklerotik” yağlar olduğundan trans yağlar damarların tıxanmasına səbəb olur. Ürəyi qidalandıran damarlar yağlarla tıxandığı üçün ürək normadan çox işləyir və infarkt riskini 2 dəfə artırır. ABŞ-ın Kaliforniya Universitetinin çipsilər üzərində apardığı başqa bir araşdırmaya görə, doymuş yağ istehlakı 20 qramı keçdikdə, piylənmə riskinin 80%, ürək xəstəlikləri riskinin isə 60% artdığı müşahidə edilib.

 

Tədqiqatlar acınacaqlı nəticələr açıqlayır

Yuxarıda qeyd etdiyimiz tədqiqat nəticələrinə görə, çipsilərin nə qədər zərərli olduğu daha yaxşı anlaşılır. Dünyanın ən böyük elmi-tədqiqat mərkəzlərinin, universitetlərinin araşdırması bu zərərin real olduğunu təsdiqləyir. Çiplərin zərərləri bunlarla məhdudlaşmır, onların insan sağlamlığına və orqanizminə zərərləri sırasına sağlam olmayan çəki artımı, yüksək natrium, yüksək qan şəkəri, mədə xəstəliklərini də əlavə etmək olar.

Kartof özü normal halda olduqca faydalı tərəvəzdir, tərkibində kalium və C vitamini var. Lakin trans yağlarda qızardılan kartof çipsilərin qida dəyəri qısa zamanda yox olur. Buna görə də qeyri-sağlam çəki artımına səbəb olur. Çipsilərdə yüksək miqdarda olan və Çin duzu kimi tanınan “monosodium” uşaqlarda çipsi asılılığına səbəb olur. Ən çox uşaqlarda rast gəlinsə də, böyüklərdə 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, yüksək təzyiq, piylənmə və daimi yuxululuğa da səbəb olur. Astma, epilepsiya tutmaları, yorğunluq, zəiflik, ağciyərlərdə sıxılma hissi və ürək döyüntüsü kimi nəticələrə səbəb ola bilər. Tərkibindəki yüksək natrium səbəbiylə qan təzyiqi, insult, ürək çatışmazlığı, koroner ürək xəstəliyi və böyrək xəstəliklərinə də səbəb olur.

Çips kimi yağlı, duzlu və işlənmiş qəlyanaltılar insanlarda mədə xəstəliklərinə də səbəb olur. Yüksək yağlı qida olduğu üçün mədə turşusunun ifrazını artıra bilər ki, bu da mədə yanması və ya qastritə səbəb ola bilər. Çipsilərdəki yüksək duz tərkibi natrium istehlakını artıra bilər. Həddindən artıq duz istehlakı bəzi insanlarda mədə şişməsi, su toplama və yüksək təzyiq kimi problemlərə səbəb ola bilər. Çipsilərin tərkibində işlənmiş taxıllar, süni dadlandırıcılar, rəngləndiricilər və konservantlar kimi bir sıra əlavələr olur. Bu əlavələr həzm problemlərinə və mədə narahatlığına səbəb ola bilər. Bəzi çipsilər buğda, arpa və ya çovdar kimi taxıllardan hazırlana bilər. Amma bu halda da qluten dözümsüzlüyü və ya çölyak xəstəliyi olan insanlar üçün qlüten istehlakı mədə narahatlığına, şişkinliyə, qaz problemlərinə və ishala səbəb olur.

Hər kəsin həzm sistemi fərqli olduğu üçün çipsilərin mədə narahatlığına səbəb olma dərəcəsi insandan insana dəyişə bilər. Bəzi insanlar çipsiləri asanlıqla istehlak edə bilsələr də, bəziləri mədə problemləri ilə üzləşə bilər. Həzm sisteminin sağlamlığını qorumaq üçün balanslaşdırılmış pəhriz yemək, təzə və təbii qidalar seçmək, işlənmiş qəlyanaltıları məhdudlaşdırmaq vacibdir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir