2

Günəşin təbəssümü

Baxış sayı: 1. 258

Həyat, insana Uca Yaradan tərəfindən bəxş olunan, onun özünü dərk etməsi və kamilləşdirməsi üçün misilsiz bir fürsətdir. Əslində, insanın yaradılma səbəbi ruhunu öz istəyi və seçimi ilə ilahi rəngə, Allah nuruna boyanmasını bacarmasıdır. İnsan sevgisi, anlayışı, qayğısı, mərhəməti, qəlbləri şad etməsi, fədakarlığı, həmdəm olması, başqaları ilə həmrəyliyi və dəstəyi ilə ruhunu ilahi nura boyaya bilər. Bir mənəvi hədisdə buyurlur ki, “İnsanlar Allah-taalanın ailəsidir və Allah yanında ən sevimli kəslər Allahın ailəsinə faydalı olan,onun sevinc və xoşbəxtliyini təmin edən şəxslərdir.”

Amma insanların arasında da, Allah-taalanın xüsusi diqqət ayırdığı və sahibləndiyi şəxslər mövcuddur. Onların zirvəsində isə, Allah, Vətən, və pak amal uğrunda öz canlarını fəda edənlər, Allah dərgahındakı ən ali məqamlardan biri olan müqəddəs şəhidlik məqamına ucalan şəxslərin ailələridir. Əslində, gülləyə sipər olan təkcə şəhiddeyil, onun ailəsinin, əzizlərinin yaralı könlüdür. Buna görədir ki, şəhidlik ən ali fədakarlıqdır! Əgər övladlarımızın başına sığal çəkə biliriksə, bundan məhrum olan əllərə borcluyuq. Elə bu səbəblə də, qiyamət günü, ən ağır haqlardan biri də şəhidin boynumuzdakı olan haqqıdır!

Bunun üçün də, şəhid ailələri ilə öz qəmini fərdi və ictimai davranışlarla göstərmək, onlarla birgə göz yaşı tökmək, qayğısına qalmaq, kədər və qüssəsini üzündən silmək ilahi həmrəyliyin və məhəbbətin qayda-qanunlarından sayılır. Bu bizim həm dini, həm vətənpərvərlik borcumuzdur. Bunu ən gözəl şəkildə bacaran və qısa müddət ərzində böyük naliyyətlərə imza atan, şəhid ailələrinin üzünə günəş təbəssümü qonduran bir xanım barəsində, şəhid ailələrinə yardım apararkən avtoqəzada həyatını itirən Turan Məmmədli haqda danışmaq istərdim. Amma öz təbirlərimlə deyil, həmdəmi olduğu dəyərli şəhid ailələrindən bir neçəsinin sözlərilə onu sizə tanıtmaq istərdim. Bunun üçün də, hörmətli şəhid ailələrinə müraciət edib onların ürək sözlərini bir yerə toplayaraq sizə təqdim edirəm:

Şəhid Tofiq Kərimovun həyat yoldaşı Süsən xanımın ürək sözlərini dinlədiyimiz zaman,təsirlənməmək mümkün deyildi: “Turan xanımın hansı gözəlliyindən danışım bilmirəm. Axı o, bütün gözəllikləri özündə cəmləmiş bir insan idi. Nəvazişlərindənmi deyim, yoxsa fədakarlıqlarındamı? Qəm-qüssəmizi öz qayğısı ilə dağıdan bir insan idi Turanım. O, mənim dərd ortağım idi. Burada təkcə bir xatirəsinə işarə edirəm:

1

Şəhid Tofiq Kərimovun həyat yoldaşı Süsən xanımla birgə

Evdə özüməqapalı qaldığım günlər idi. Min bir üsulla mənə zəng edib Xəzər Süleymanovun poeziya gecəsinə apardı. Həqiqətən də həmin gecə Turanla birgə olmaq mənim həyatındakı ən gözəl gecələrdən biri idi. Oradan çıxıb, Yaşıl teatrdan üzü bulvara doğru yola düşdük. Bir xeyli dərdləşərək bir-birimizə qoşulub ağladıq.

Elə həmişə harasa tələsirdi Turanım. Bəlkə də, 32 illik ömrünə daha çox gözəlliklər sığışdıra bilmək üçün çalışırdı. Hər kəsə qayğı göstərməyə səy göstərirdi. Məncə onu başqalarından fərqləndirən cəhəti başqalarının dərdinə qarşı empatiya qurmaq bacarığı və işlərini yarım qoymaması idi.

Özümüzü  onun yanında sevilmiş və qayğı görmüş kimi hiss edirdik. Bizə səmimiyyətini tam aydınlığı ilə hiss etdirirdi. Gözəl məsləhətləri onun yüksək analiz qabiliyyətindən və diqqətindən qaynaqlanırsı. Mən onun haqda çox danışa bilərəm, bəlkə də söyləsəm bir kitab olar.

Elə vəfatından dörd gün öncə, anidən onun üçün möhkəm darıxdım. Mesaj yazaraq görüşmək istədiyimi bildirdim. Bazar günü görüşəcəkdim, amma… son görüşünə getdim, dəfn etməyə. Özümə gələ bilmirəm, onun üçün darıxıram. Onun yoxluğunu qəbul edə bilmirəm. Amma bir gün mütləq görüşəcəyimizi bilirəm. Görüşənədək, səni heç bir zaman unutmayacam…”

2

Şəhid Camal İsmayılovun övladları ilə birgə

Şəhid Camal İsmayılovun yoldaşı Fatimə xanımın ürək sözlərini eşitmək istədik, o da, qəhər dolu sözlərini belə başladı: Turan mənə bir bacı kimi idi. Müharibədən sonra tez-tez görüşümə gələrdi. Birlikdə dərdləşər, alış-verişə belə birgə gedərdik. Çox vaxt bir süfrədə əyləşib nahar edərdik. Onun qayğıkeşliyi, sevgi və şəfqəti mənə dərdimi unutdurardı. Yanımda məni başa düşən, arxa-dayaq olan birinin olduğunu hiss edərdim. Daim deyərdik, filan işi Turan xanıma deyək, onunla məsləhətləşək…”

Şəhid Camal İsmayılovun qızı Əsnad İsmayılova gözlərini yerdən ayırmayaraq qüssə dolu baxışlarını yerdən ayırmayaraq dedi:Mən Turan müəlliməni 10 yaşında tanıdım. O, mənə müəllimədən çox bir dost idi. Qızları ilə də məni tanış etmişdi. Onlarla daim xoş zamanlar keçirərdik. Onu tanıdığım bu 3 il ərzində özümü daim xoş əhval-ruhiyyədə və dəyər görmüş kimi hiss edirdim. Amma heyif ki, bütün bunlar sona çatdı… Onu torpağa tapşırdıq…”

Şəhid Camal İsmayılovun xalası və qaynanası Cəvahir xanım Talıbova dərindən ah çəkərək, onun haqqında bunları söylədi:Turan mənə qızım kimi idi. Mənim Camalım şəhid olduqdan 4 ay sonra onun oğlu, Alparslanım dünyaya gəldi. Turan hər dəfə ona oyuncaqlar alardı, dizini yerə qoyub onunla uşaq kimi oynayardı. Onun yoxluğu sözün həqiqi mənasında bizə çox ağırdır. Hamımız onun üçün darıxırıq…”

3

Cavahir xanımla birgə

Cəvahir xanım sözlərinin ardınca dolmuş gözlərindən yaşı silərək davam etdi: Onun xatirəsinə bu şeiri qələmə almışam:

Şəhid balaların basdın bağrına,

Heç nəə baxmadan baxdın doğruna,

Səsinə səs verdi sənin çağrına,

Vətənin sevərlər qoşdu, Turanım.

 

Fatimə, Xədicə, Əsmət, Əsnadın,

Sənin ölümünlə yıxıldı inan,

Sənsiz böyüyəcək Camal Alparslan,

Belə vəfasızmı oldun Turanım?

 

Etdiyin əməllər yaşadar səni,

Qəlblərə qərq etdin ələmi, qəmi,

Bir də görünərmi qərq olan gəmi,

Getdiyin limanlar dondu Turanım.

 

Sən bir mələk idin libası insan,

Zatən çox yaşamaz sənintək olan,

Sən bu yer üzündə yaxşılıq, ehsan,

Adında, sanında qaldın Turanım.

 

Mənə “ana” deyən dilinə qurban,

Evində sənsizdir ayeyi-Quran,

Adını həsrətlə anıram hər an,

Ağzımda dilim də yandı Turanım.

(Şer ixtisarla verilib)

 

Şəhid Vüsal Allahyarovun qızları ilə birgə

5

Şəhid Vüsal Allahyarovun həyat yoldaşı Aysel xanım olduqca kədərli idi. O, Turan Məmmədlinin xidmətləri haqda danışaraq, dedi:“Biz Turan xanımla 2020-ci ildə tanış olmuşduq. Dekabr ayı idi, mənə zəng edərək görüş təşkil etdi. O qədər gözəl xatirələrimiz olub ki… Daim qayğısını üzərimizdə hiss edərdik. Üzərimizdə haqqı çoxdur. Hər iki-üç gündə bir dəfə hal-əhvalımızı soruşardı. Damışıb söhbətləşərdik. İşdən yorğun-arğın gələrdi, saat 22:00, yaxud 23:00-da evə dönərdi. Hər həftənin çərşənbə və şənbə günləri qızlarıma, Fatimə və Rəhiməyə Quran öyrədərdi.  Uşaqlar onu çox sevirdi. İndi də inana bilmirik… Çox mədəni və çox kübar xanım idi. Bu qədər dəyərli şəhid ailələri ilə maraqlandığı halda, heç bir zaman öz problemlərindən kimsəyə söhbət açmazdı. Qızım Rəhimənin bir sağlıq problemi yaranmışdı. Mən çox həyəcan keçirtdim. Bakıda gəzmədiyimiz yer qalmadı. Turan xanım qızımın da analizlərin cavablarını Türkiyəyə göndərdi. Bizə bu sahədə lazımı köməyi etdi. Mən nə zaman ona müraciət etmişəmsə, həmişə mənə dəstək olub. Sonuncu dəfə mənə Şəhid yoldaşıma müraciətlə məktub yazmağımı xahiş etmişdi, onu film şəklində canlandıracaqdı Kamal bəyin vasitəsilə.

Onun səsi sanki şəfalı idi. O qədər insana aramlıq və hüzur bağışlayırdı ki… Nümunəvi insan idi. Xoş halına pak yaşadı, pak dünyasını dəyişdi. Mən inanıram ki, onun şəhidlərimiz qədər savabı vardır. O, öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdi. İki gözəl və ağıllı qızı qaldı… Allah məkanın cənnət etsin Turan bacının…”

6

Şəhid Ağaliyev Müzəffərin oğlu ilə birgə

Şəhid Ağaliyev Müzəffərin həyat yoldaşı Aygün xanım baxışlarındakı qəm-kədəri bu sözlərlə ifadə etdi: Yoldaşım qəhramanlıqla Vətən uğrunda şəhid olduqdan sonra mən anladım ki, bu dünyada hər zamanın, yəni xoş günün və dar günün özünəməxsus insanları olur. Bizim ən dar günümüzdə Əmanət – şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsi yanımızda oldu. Bu layihənin icraçı direktoru olan Turan Məmmədli şəhid ailələrinə öz qayğı və nəvazişini əsirgəməyən insanlardan idi. Onunla tanış olmaq qürurverici idi. Çünki o, elə bir insan idi ki, hər bir dərdimizə doğması kimi yanaşırdı. O, çox mehriban, gülərüz, səmimi insan idi. Nur simalı bacım mənim… Heç unutmaram, karantin dövrü idi. Dərslər internet üzərindən keçirilirdi. Amma bizim evdə internet olmadığı üçün uşaqlar təhsildən kənarda qalmışdılar. Bunu Turan xanıma söylədik. O, tezliklə evimizə internetin gəlişini təşkil etdi. Uşaqlar çox sevindilər və dərslərinə davam etdilər.

Turan Məmmədli bizimlə mütəmadi əlaqə saxlayardı. Övladlarımın sevimlisi idi. Ad günləri və bayramlarda bizə gələr, hədiyyələr gətirərdi. Bir-birimizə “bacı” deyərək müraciət edərdik. O, sözün əsl mənasında mənim üçün həqiqətən bir bacı idi. Bir söz var, “insanlıq deyilmir, əçəldə göstərilir”, Turan bacım əsl dost, əsl bacı, əsl insan idi. Ölümü şəhid ailələri üçün çox ağır oldu. O, sanki bir mələk idi. Bu üç ildə onu Allah bizə göndərmişdi. Qəlbimizə aramlıq bəxş edirdi. Onu heç bir zaman unutmayacayıq. Allah məkanın cənnət etsin.”

4

Şəhid Mirzə Axundovun yoldaşı Sübnaz xanımla birgə

Şəhid Mirzə Axundovun həyat yoldaşı Sübnaz xanım müsahibə boyunca göz yaşlarını tuta bilmirdi, davamlı doluxsunur və kövrəlirdi:“2021-ci ildə Əmanət – şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsiçərçivəsində, Turan xanım, Sərxan Bağırlı və Turan Hüseynov bizə gəlmişdilər. Mən onunla bu görüşdə tanış oldum. Mənim böyük oğlumdan soruşdular ki, sənin arzun nədir? Dedi: Türkiyədə təhsil almaq. Hər üçü ona dəstək oldular və hal-hazırda oğlum Türkiyədə üçüncü kursda təhsil alır. İkinci oğlum Ağasəlim Axundazadənin Türkiyədə burslu təhsil almsına isə Turan xanımın köməyi ilə nail olduq. Ona Türkiyədə yurd (yataqxana) təşkil edilməsində və ödənişinin ödənilməsində bir sıra xeyriyyəçi şəxslərin köməyini cəlb etməyə vasitəçi oldu. Turan xanım mənim qızım Zərifəyə çox vaxt ayırır, hədiyyələr alırdı. Sonuncu dəfə noyabrın 26-sı bizim evdə olmuşdu. Daim bizimlə maraqlanır, qayğı göstərirdi. Onun mənimlə və övladlarımla çoxlu xoş xatirələri və zəhmətləri olub. Bizim evdə olanda mən və övladlarım onun getməsini istəmirdik. Ona bağlanmışdıq. Avtoqəzanın olduğunu və Turan xanımın vəfatənı eşitdikdə, çox sarsıldıq. Qızım Zərifə atasının şəklini götürüb dedi: “Ata, mən bundan sonra day heç kimi çox istəməyəcəm! Səni çox sevdim, itirdim… Səndən sonra Turan xanımı çox istəyirdim, o da məni qoyub getdi… Mən daha heç kimi çox istəməyəcəm.”

Mən onun haqda çox danışa bilərəm. Amma danışmaq mümkün deyil, mənə çox çətindir. O, bir cənnət mələyi idi. Allah onun ruhunu şad etsin…”

Sonda bunu söyləmək istərdim ki, mən 10 ildən çoxdur ki, tanıyırdım Turan xanımı. Vətənpərvərliyi, insanlığı, əzmini, mənəviyyat, qayğı və sevgi dolu olduğunu çox gözəl bilirdim. Amma bu müsahibələri dinlədiyim zaman, onun incə qəlbində necə də böyük bir sevgi və mərhəmət yaşadığının bir daha şahidi oldum. Allah sənə rəhmət etsin gözəl bacım, nur içində yat!

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir