GEYIM

Qəhvəyinin 50 çaları 2024-ün trendi kimi

Baxış sayı: 569

Son vaxtlar qəhvəyi rəng moda arenasında əsas rənglərdən birinə çevrilib. Artıq yeni klassika titulunu alan qəhvəyi qarşıdakı bir neçə mövsümdə aktuallığını itirməyəcək.

Bunun üçün sadəcə 2024-cü ilin yaz-yay şoularına baxmaq kifayətdir. Kolleksiyalarında qəhvəyi rəngdən istifadə etməyən dizayner tapmaq çətindir. Keçən il moda arenasını tünd şokoladın zəngin çalarları idarə edirdisə, 2024-cü ildə dizaynerlər palitranı genişləndirmək qərarına gəliblər. İndi qəhvəyi rəngin bütün, xüsusilə açıq çalarları trenddədir: espressonu xatırladan tünd çalarlardan tutmuş, latteyə qədər…

Bir çox dizayner başdan ayağa qəhvə geyinməyi təklif edir. “Tibi” və ya “Schiaparelli” kimi moda evlərinin pərəstişkarları tamamilə bej dəstləri çox sevəcəklər. Klassik qara “total look” u əvəz etmək istəyənlər “Saint Laurent” və ya “Loewe” şoularından ilhamlana bilər. Müxtəlif qəhvəyi çalarların bir-biri ilə birləşmələri də çox təsiredici görünür. Yaxud da bej donunuz varsa, onu “Ferragamo”nun təklif etdiyi kimi, şokolad rəngli çanta ilə birləşdirə və ya “Acne Studios” kimi, qəhvəyi dəri plaşla uyğunlaşdıra bilərsiniz. Bu “təzadlar oyunu” obrazı daha mürəkkəb və maraqlı edəcək.

Müxtəlif materialları da sınaqdan keçirməkdən çəkinməyin. Məsələn, şəffaf ipək köynəyi daha kobud parçadan tikilən şalvar və ya yubka ilə birləşdirin. Ofis stilinə bir az gözəllik qatmaq üçün “Andreadamo” şousunda olduğu kimi, dəri jilet və şalvar ilə trikotaj “vodolozka” geyinmək kifayətdir. Müxtəlif materiallar obraza bəzək verəcək, hətta monoxromatik paltarı daha maraqlı göstərəcək.

Qəhvə çalarları yalnız dəbdəbəli deyil, həm də inanılmaz dərəcədə çoxyönlüdür. Qəhvəyi digər rənglərlə çox asanlıqla uyğunlaşacaq və bütün hallar üçün faydalı olacaq. Məsələn, şokolad rəngli köynək mavi cins şalvarla çox estetik görünür və ofis üçün ideal seçimdir. Ağ əlbisəni isə bej pencəklə geyinmək olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir