erken nikah

Şadlıq evlərinin sahibləri erkən nikaha görə cəzalandırılacaqmı?

Baxış sayı: 698

“Azərbaycanda qanunvericilikdə erkən nikaha məcbur etmə halı varsa cinayət məsuliyyəti yaranır. Erkən evliliklərə şərait yaradan şəxsləri hər hansı cəza gözləmir”. Bunu  Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova bildirir.

Qeyd edək ki, bu günlərdə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə erkən nikaha daxil olan qızların toyu üçün restoran icarəyə verən şəxslərin cərimələnməsini tələb edib.

K.Ağazadə bildirib ki, erkən yaşda nikaha daxil olan qızlara toy etməyə şərait yaradan restoran sahibləri də cəzalandırılmalıdır.

T. İbrahimova isə deyir ki, qanunda iaşə obyektlərinin bu məsələyə görə hüquqi məsuliyyəti nəzərdə tutulmayıb. Onun sözlərinə görə, qanunvericiliklə yalnız nikaha məcbur etməyə görə məsuliyyət öz əksini tapıb.

“Cinayət Məcəlləsinin 176-1 maddəsində qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı bənd göstərilib. 176-1.1 maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etmə – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə -üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

O, həmçinin qeyd edir ki, əgər bir şəxs nikah yaşına çatmayan şəxslə cinsi münasibətdə olubsa, cinsi münasibətdə olan şəxsə cinayət işi açılır.

Xatıraladaq ki, bu günlərdə Bakı kəndlərinin birində 16 yaşlı qızın toy mərasiminin fevralın 28-də toyunun olacağı barədə məlumat yayılıb. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yaxın bir qohumun məlumatı əsasında növbəti erkən nikahın qarşısı alınıb:

“Toy 28 fevralda Bakı kəndlərinin birində baş tutacaqdı. Amma mərasim qızın 18 yaşı tamam olana qədər təxirə salındı. Ata yalan məlumat verərək diqqəti yayındırmaq istəsə də, bu cəhdi alınmadı, öz qızının gələcəyini düşünməyən ata ikinci dəfə qanun pozuntusu etmiş oldu. Məlumatı təqdim edən və onun araşdırılmasına köməklik göstərən Azərbaycan Uşaqlar Birliyinin sədrinə, operativ olaraq qarşısının alınmasını təmin edən Sabunçu Rayon İcra Hakimiyyətinə fakta həssaslıqla yanaşan hər kəsə təşəkkür edirik”.

Kəmalə Ağazadə isə deyir ki, bu, erkən nikahla bağlı nə birinci, nədə ki, sonuncu haldır. Odur ki, birlik sədri erkən nikaha şərait yaradanların da qanunla məsuliyyətə cəlb olunmasını təklif edir.

K.Ağazadə bildirir ki, restoranlar biznes qurumu olduğundan, məsələnin sosial tərəfi onları düşündürmür.

“Amma artıq el şənliklərinin keçirildiyi obyekt sahibləri də sosial məsuliyyət hiss etməlidirlər. “Oliqarx Palace” adlanan restoranda toy etməyə hazırlaşan qızın 17 yaşı tamam deyildi. Toy edən cütlüklərin şəxsiyyət vəsiqəsi, nikah sənədi tələb olunmalıdır. Hazırda qanunla restoran sahiblərinin belə bir məsuliyyəti yaranmır. Amma bu məsələ qanuna salınarsa, onlar da 17 yaşa çatmayan qızların toyunun baş tutmasına şərait yaratdıqları üçün hüquqi məsuliyyət daşıyarlar” – Kəmalə Ağazadə bildirib.

Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, erkən nikaha daxil olan qızların toyu üçün restoran sahiblərinin cəzalandırılması erkən nikahla mübarizə üsullarından biri ola bilər.

“Bu da metodlardan biridir. Bu toyun təşkilində kimin iştirakı varsa onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Erkən nikah faktı varsa, buna yolverilməsi məzbul hesab olunmur. Ona görə də, kimlər buna şərait yaradırsa, gələcəkdə qanunla onlar da məsuliyyət daşımalıdırlar” – deputat bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, ötən gün qarşısı alınan erkən nikah səbəbkarları, yəni valideynlər Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb, izahatları alınıb. Məlumatda qeyd olunur ki, azyaşlı və valideynlərinə eyni zamanda qarşı tərəf və onun valideynlərinə qanunvericiliyin tələbləri izah olunaraq onlara xəbərdarlıq olunub. Onlar əməllərindən peşman olduqlarını, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər.

Azyaşlı və onun ailəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rayon İcra Hakimiyyətinin həmçinin rayon polis şöbəsinin nəzarətində saxlanılmaqla peşə təhsilini davam etdirəcək.

Məlumat üçün bildirək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova komitənin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə bildirib ki, 2023-cü il ərzində erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün isə istisna hallarda 17 yaş müəyyən olunub. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.

 

Züıfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir