İşsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
Bunu Dövlət Məşğulluq Agentliyinin İşsizlikdən sığorta şöbəsinin müdiri Eldar Əliyev mövzu ilə bağlı açıqlamasında söylədi.
Eldar Əliyev saytımızın sorğusuna cavab olaraq diqqətə çatdırdı ki, Qanuna əsasən əmək münasibətlərinə aşağıdakı qeyd edilən əsaslarla xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər:
dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə;
işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
əmək müqaviləsinin müddəti qurtardıqda;
müəssisənin mülkiyyətçisi dəyişdikdə;
əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.
Qurum rəsmisi vurğuladı ki, bu əsaslardan biri ilə sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmalıdır. 5 iş günü ərzində vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, şəxsin işsiz kimi qeydiyyata alınması ilə bağlı qərar qəbul edir. Bundan sonra vətəndaşın sığorta ödənişi almaq üçün müraciətinə baxılır. 10 gün ərzində sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır və bu barədə müraciət etmiş şəxsə məlumat verilir.
Yaqut Ağaşahqızı