Nermine  Abbasova

Bayram günlərində necə qidalanmalı? – HƏKİM YANAŞMASI

Baxış sayı: 529

Novruz bayramında süfrəmiz bol, dadlı və kalorili təamlarla dolu olduğundan, bayramda qidalanma çox zaman problemlərə də yol açır. Bayram günləri yaxınlaşdıqca bu mövzu da aktuallaşır və əksər insanları “bayramda necə qidalanmalı” sualı düşündürür.

novruz bayrami

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, bayram günlərində, ilk növbədə, qidalanmanın optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu, toxluğa səbəb olaraq normadan artıq qida qəbulunun da qarşısını alır. Həmçinin yeməklərin və digər qidaların istifadəsi balanslaşdırılmalıdır. Qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi vacib şərtdir. Həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır.

novruz

Həkim bildirir ki, bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran təzə tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzm olunmasını asanlaşdırır. Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. İstehlak olunan qidanın miqdarı da vacib amildir. Mütəxəssis bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmir. Bu zaman onların hər biri 2 xörək qaşığından artıq olmamalıdır.

Nərminə Abbasova onu da qeyd edir ki, düzgün qidalanmanın vacib şərtlərindən biri asta-asta yeməkdir. Çünki doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Asta-asta qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur ki, bu da həddindən artıq yeməyin qarşısını alır. Yeməklərin ardınca yüksək kalorili şirniyyatların yeyilməsi orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki karbohidrat, yağ və şəkərə görə yüksək kaloriyə malik qidalardır. Unutmayın ki, həmin şirniyyatlarla bərabər təzə meyvələrin və çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır. Bu da artıq çəkinin yaranmasına və piylənməyə aparıb çıxarır. Belə ki, qlükoza qan dövranına daxil olur və fizioloji proseslərin həyata keçirilməsi üçün istehlak olunur. Həddindən artıq qlükoza insulinin təsiri ilə qlikogen əmələ gətirir və bu da sonradan qaraciyərdə yağ toplanmasına səbəb olur.

novruz sufresi

Həkimin sözlərinə görə, bayram ərəfəsində düzgün və balanslı səhər yeməyi də sağlam qidalanmanın əsas amillərindəndir. Faydalı səhər yeməyi bədənə gümrahlıq verir, həzm sisteminin funksiyasına müsbət təsir göstərir, tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır. Bayram ərəfəsində düzgün və balanslı qidalanmaq qədər fiziki aktivliyi də yüksəltmək vacib və faydalıdır.

Nərminə xanım bayram ərəfəsində spirtli içkilər içməməyi tövsiyə edir. “Əgər kimsə içəcəksə bu da gündəlik və vərdiş edilən dozanı aşmamaq şərti ilə olmalıdır. Qida qəbulu zamanı yeməkləri qarışdırmayın. Fərqli qidalar arasında ən azı 30-40 dəqiqə arasında fasilə olmalıdır. Qida allergiyası olan insanlar un məhsullarından uzaq durmalıdırlar”, – N. Abbasova vurğulayır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir