bagca

Məktəbəqədər təhsil harada olmalı?

Baxış sayı: 769

Uşaqlar məktəbə, məktəbəqədər təhsil qruplarında, yoxsa bağçalarda hazırlaşmalıdır?

Müəyyən yaşa çatdıqdan sonra balacalar üçün hər gün yeni əyləncə, yeni dostlar tapmaq istəyi yaranır. Bu, insanın təbiətindən irəli gəlir. Doğrudur, indi dövrün tələblərinə ayaq uydurmaq, ehtiyaclarımızı qarşılaya bilmək üçün daha çox işləməyə məcbur qalan valideynlər övladına yetərli zaman ayırmaqda da çətinlik çəkir. Həmçinin, bağçalarda tərbiyə və təlim peşəkar olduğu üçün uşaqları ora göndərmək daha yaxşı seçimdir.

 

Valideynlər hər baxçaya etibar etməməlidir?

Məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün ən məqsədəuyğun başlanğıcdır. Pedaqoqlar bildirir ki, övladlarımızın bu dövrdə necə təhsil alması, hansı təlimləri görməsi, hansı tərbiyədən keçməsi olduqca lazımlıdır. Ona görə də məktəbdən əvvəl təhsil alacağı bağçanı sevməsi, müəllimləri qəbul etməsi mühümdür.

Təhsil, təlim və tərbiyə doğum ilə başlayıb həyat boyu davam edən bir prosesdir. Övladlarımızın məktəbəqədər təhsilinə vaxtından əvvəl başlamaq da doğru deyil. Bağçaların əsas təyinatı uşağın ətraf aləmlə tanış etmək, ibtidai təhsilə dəstək üçün ilkin məlumat bazası yaratmaq, rəngləri, fiqurları tanıtmaq, normal ünsiyyət və etiket qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaqdır. Məhz bu üzdən UNICEF də məktəbəqədər təhsil müəssisələrini həyata ən yaxşı başlanğıc olaraq xarakterizə edir.

 

Bağça az, bağçalı çox

Azərbaycanda uşaq bağçaları. əsasən, 2 yaşından uşaq qəbuluna başlayırlar. Amma daha kiçik yaşda övladını bağçaya əmanət edən valideynlər də var. Onların sırasında çalışan, işi çox olan, səhhətində problem olan valideynlər də var. Bütün hallarda bağçalar uşaq tərbiyəsində əhəmiyyətli rol oynadığı üçün valideynlərin əksərən seçimi ora olur.

Azərbaycanda olan 1 844 məktəbəqədər təhsil müəssisəsinin 1 696 ədədi dövlət, 148 ədədi özəldir. 2022-ci ildə də özəl müəssisələrin sayında artım davam edib. Bir ildə özəl bağçaların sayı 11 ədəd artıb. Özəl məktəbəqədər təhsil müəssisələrinin daha çox hissəsi körpələr evidir. Körpələr evlərinin sayı 80, uşaq bağçalarının sayı isə 68-dir. Özəl məktəbəqədər təhsil müəssisələrinin 146-sı şəhər yerlərində, 2-i kənd yerlərində yaradılıb. Özəl müəssisələrdə uşaq sayı dövlət müəssisələri ilə müqayisədə xeyli azdır. Orta hesabla bir dövlət məktəbəqədər təhsil müəssisəsinə 66 uşaq düşdüyü halda, özəldə say 39-dur. Ümumilikdə ölkəmizdə bağçaya gedən uşaqların sayı 99 minə yaxındır. Uşaqlar 6 yaşınadək bağçalarda tam ödənişsiz formada tərbiyə olunurlar.

Azərbaycanda bağçalar səhərlər saat 7-də açılır. İşi tezdən başlayan valideynlər üçün bu imkan əlverişlidir. Saat 18-ə qədər tərbiyəçilərin və pedaqoqların nəzarətində olan uşaq gün ərzində normal qidalanma ilə təmin edilir. Amma bəzən allergik xəstəliyi olan, xüsusi qida rejimi olan uşaqlar üçün valideyn evdən bağçaya yemək aparır və uşağının bu yeməklə qidalanmasını istəyir. Nahardan sonra uşaqlar ən az bir saat yatır. Yuxudan əvvəl və oyandıqdan sonra da gündəlik proqrama uyğun tədris edilirlər.

 

Bağçanı necə seçməli?

Bağça seçərkən diqqət edilməsi vacib olan məsələlərin ən birincisi pedaqoq məsələsidir. Tədris müəssisəsinin maddi imkanı nə qədər yaxşı olursa olsun, tədris proqramı mükəmməl də olsa uşaqlarla bütün gün birlikdə olan, proqramı tətbiq edən müəllimdir. Bağça müəllimlərinin həm də uşağa ana şəfqəti ilə yanaşması onların uşaqlar tərəfindən daha tez qəbul edilməsi deməkdir.

İndi bağçalarda yer çatışmazlığına görə 15 nəfərlik qrupda 20-25 nəfər uşaq tərbiyə edilir. Bu da təbii olaraq müəllim üçün daha çox yük və əziyyət deməkdir. Belə olduqda zaman darlığından pedaqoq uşaqlara yetəri qədər diqqət ayıra bilmir. Pedaqoqlar məsləhət görür ki, baxçalarda 2-3 yaşlı körpələrin qrupunda hər 5 uşağa bir müəllim nəzarət etməlidir. Yəni 15 nəfərlik qrupun 3 pedaqoqu olmalıdır. 3-6 yaşlı uşaqlara nəzarət edən müəllimin öhdəsinə isə 12 uşaq vermək olar, amma köməkçi müəllimin olması şərti ilə.

Valideynlər övladını bağçaya qoymazdan öncə mütləq tədris müəssisəsi ilə yaxından tanış olmalı, şərtlərini öyrənməlidirlər. Bağça gigiyenik qaydalara cavab verməli, təhlükəsiz yerdə yerləşməli, otaqların və həyətin quruluşu uşağa zərər verməməli, oyuncaqlar keyfiyyətli olmalı, otaqda yıxılacaq stol, şkaf olmamalı, kəsici, deşici və iti əşyalar olmamalıdır. Normal idman zalı, oyun meydançası olmalıdır. Magistral yolda yerləşməməlidir. Yanğın təhlükəsizliyi və zəlzələyə davamı olmalıdır.

 

Online qəbul bizə nə qazandırdı?

Artıq bir neçə ildir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul online qaydada aparılır. Uşaqların qəbulunun elektron qaydada aparılması bq.edu.az  elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi 1 avqust 2023-cü il tarixindən başlayır. Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul isə il ərzində aparılır.

Təhsil müəssisəsinə qəbul növbəlilik prinsipi əsasında aparılır, lakin ilk növbədə, şəhid ailələrinin uşaqları, Qarabağ müharibəsi və Vətən Müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, tək və işləyən valideynlərin uşaqları, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, hərbi xidmətdə olan valideynlərin uşaqları, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, habelə qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Dövlət bağçalarına qəbul prosesi tamamilə ödənişsiz həyata keçirilir, qəbul və aylıq ödəniş məbləği tələb edilmir. Online qəbulun ən böyük faydası da məhz bu oldu. Birbaşa bağçaya müraciətlər zamanı müəyyən miqdarda (rayondan və yerləşmədən asılı olaraq 200-500 AZN) ödəniş müqabilində uşaqlar bağça ilə təmin olunurdular. Lakin online sistemlə qəbulda belə hallar yoxdur. Problem sadəcə prioritetlər üçün daha çox yer ayrılması, növbələrin uzun çəkməsidir. Bu da qeyd etdiyimiz kimi, bağçalardakı yer sayının uşaq sayına adekvat olmaması ilə bağlıdır.

 

5 yaşlıların məktəbəqədər təhsili, yoxsa bağçanın məktəbəqədər qrupu?

Məktəbəqədər tədris ocaqlarında müxtəlif təhsil proqramları var. Bunlar uşaqların yaşına və əqli inkişafına görə təyin edilir. 5 yaşlıların məktəblərdə yaradılmış məktəbəqədər qruplara cəlb edilməsini doğru hesab etməyən pedaqoqlar bunun uşaqları normadan artıq yüklənməsi kimi qiymətləndirirlər. Məktəbəqədər proqram hər uşağa görə fərdilik xüsusiyyətinə də malik olmalıdır. Zehni və əqli cəhətdən inkişaf etmiş bir uşaqla nisbətən sakit və gec qavrayan uşağın dərs proqramı eyni olmamalıdır. Bunu bilən bağça pedaqoqu belə uşaqla fərdi məşğul olur.

Ümumiyyətlə, insanların təlim və tərbiyəsinin əsası körpəlikdə qoyulur. Xüsusilə də bağçaların həyatımızdakı rolu danılmazdır. Buna görə də hər bir uşağın böyümə ərəfəsində yolunun bağça ilə kəsişməsi onun şansı kimi qiymətləndirilir. Bütün hallarda, kiçik ikən yolumuza işıq tutan əsl müəllimimizin olması hamımızın şansıdır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir