İşləyən anaların ən böyük narahatlığı övladını əmanət edə biləcəyi yaxşı bir dayə, ya da etibarlı bağça tapa bilməkdir. Axı uşağın inkişafında və tərbiyəsində bunun böyük rolu var. Optimist, nikbin və şəxsi həyatında problem olmayan tərbiyəçi və dayələrin tərbiyə etdiyi uşaqlar da rahat uşaqlıq keçirir. Amma bu, onlara anasının yoxluğunu unutdurmur, əksinə, uşaqlığını dayə ilə keçirən uşaqlarda böyük bir anasızlıq problemi yaranır.
İşləyən ana nə etsin?
İndi orta statistik bir vətəndaş üçün maddi problem olmadan, rahat həyat yaşamaq haradasa mümkün deyil, ailənin yalnız bir üzvünün işləməsi bütün ailənin maddi təminatına yetmir, qadın da ailəsi üçün əlini daşın altına qoymalı olur. Amma ailədəki azyaşlı körpəni əmanət etməyə kimsəsi olmadığı üçün bəzən bu mümkün olmur. Axı gənclərin əksəriyyəti evləndikdən sonra ailə böyüklərindan ayrı yaşamağı seçir, bu da körpələrin nənə-babadan ayrı böyüməsinə səbəb olur. Çox valideyn uşağı bağçalara əmanət etmək də istəmir, çünki kollektiv şəraitdə uşağın daha çox xəstələndiyini, baxımsız qaldığını düşünür. Bu vaxt dayə yada düşür. “Ya bəxt” deyib, seçilən dayələr ya uşağa ikinci ana olur, ya da “dayə uşağa işgəncə verir” başlığı ilə qəzet manşetlərinə düşür.
Uşaq üçün dayə tapılır, bu, bir az çətin olsa da mümkünsüz deyil. Amma dayə tapıldıqdan sonra ana-atanı narahat edən problem hələ də var – “uşağa necə baxacaq?” , “nəvaziş göstərəcəkmi?” kimi suallar yaranır. Çox valideyn evə nəzarət üçün kamera da qoyur. Uşağını əmanət edəcəyi qadının onunla necə davranmasını bu kamera ilə nəzarətda saxlayır. Həm bizim ölkəmizdə, həm digər ölkələrdə dayə işgəncəsinə məruz qalan uşaqlarla bağlı kifayət qədər xəbər yayılır, bu xəbərlərdən birinin hədəfi olmamaq üçün mümkün qədər diqqətli olmaq lazımdır.
Uşaqlar bağçalardan niyə uzaqlaşırlar?
Müasirləşən, adətlər, sürətlə dəyişən ənənələr bu yöndə də öz təsirini göstərməkdədir. Evdə dayəyə ehtiyac duyulması bəzən ananın işləmək istəməsindən, bəzən isə uşağa baxmağın yorucu olmasından şikayətlənməsi səbəbindən olur. Bağçalara uşaq əmanət edilməməsinin səbəbi kimi körpələrin tez-tez xəstələnməsi əsas gətirilir.
Lakin bağçanın uşaqların psixi inkişafında əvəzsiz rolu var. Pediatr Rüstəm Həsənov deyir ki, bağça və dayə tərbiyəsi arasındakı fərq olduqca böyükdür: “Valideynləri qınamaq olmur, immun sistemi zəif olan uşaqlar doğrudan da tez-tez xəstələnirlər. Burada bağçalarda uşağa düzgün qulluğun olmamasının da böyük əhəmiyyəti var. Bu saat istənilən qrupa girsək, kifayət qədər xəstə uşaq görəcəyik. Analar bunu işləri ilə əlaqələndirirlər. Yəni evdə qoya bilmirlər. Amma bağça xəstə uşağı qəbul etməməlidir. Çünki xəstə uşaq sağlamı da yoluxdurur. Dayə sağlamlıq baxımından daha sərfəlidir. Amma dayə tərbiyəsi görən uşaqlarda eqoizm qaçılmaz olur. Kollektivdə isə uşaq davraniş qaydalarını, rejimlə yatmağı, yeməyi, müxtəlif oyunlarla məşğul olmağı daha tez mənimsəyir. Xüsusilə, bayram tədbirləri uşağın yaddaşında uzun müddət qalır. Bütün bunlar uşağın intellektual, həm də fiziki inkişafını stimullaşdırır”.
Pediatr deyir ki, bağça mütləqdir, amma uşağın sağlamlığı ziyan görür: “Dayə nəzarətində olan uşaqlar sağlam olur, amma intellektual inkişafi bağçadakılardan fərqlidir. Bir məsələ də çox vacibdir: özəl bağçalarda şərait daha yaxşıdır, amma hamı üçün əlçatan deyil. Ümumiyyətlə, məktəbəqədər tərbiyə konseptual yanaşma tələb edir. Təmtəraqli görünüşü olan bağçaları tikmək işin cüzi bir hissəsidir. Orda tərbiyə almaq üçün valideynlərə normal şərait yaradılmalıdır. Təəssüf ki, bu məsələ bizdə həll olunmamış qalır və belə getsə, heç vaxt həll olunmayacaq”.
Dayə neçə seçilməli?
İşləyən anaların uşaqları, adətən, günün çox yarısını dayə ilə keçirir. Bu prosesdə dayənin üzərinə çox iş görür. Uşağa ananın yoxluğunu hiss etdirməmək, tərbiyəsində qüsura yol verməmək üçün dayənin ən az ana qədər şəfqətli, diqqətli olması vacibdir.
Dayənin şəxsi həyatı, keçmiş həyatı, iş təcrübəsi, işinə diqqəti, aldığı maaşa qane-olub olmaması – bütün bu faktorlar onun körpəyə necə davranmasına təsir göstərir. Buna görə də dayə seçəndə bu məsələlər də diqqətdə saxlanmalıdır. Azərbaycanda dayəlik xidməti Dövlət Məşğulluq Xidməti vasitəsi ilə həyata keçirilmir. Valideynlər daha çox özəl işədüzəltmə xidmətlərinin köməyindən yararlanaraq dayə seçirlər. Amma təəssüf ki, bu vasitə ilə işə gğötürən dayələrin nə sağlamlıq vəziyyətləri, nə ruhi-psixoloji durumları yoxlanılmır.
Psixoloq Arzu Cavadova deyir ki, valideyn evə gələr-gəlməz dayədən günün xronologiyasını tələb etməlidir: “Övladı nə yeyib, nə içib, hansı oyunları oynayıb, neçə dəfə yuyunub, nə haqqında suallar verib, gəzməyə çıxıbmı, televizora nə qədər baxıb, hansı cizgi filmlərini izləyib – bütün bunları soruşmaq lazımdır. Bundan başqa iş yerindən gün ərzində bir neçə dəfə dayəyə zəng edib uşağı soruşmaq lazımdır, uşaq danışa biləcək yaşdadırsa onunla da danışmaq lazımdır”
Bizə dayə lazımdırmı?
İşləyərək uşaqlarını böyüdən analar, uşaqlarını dayəyə əmanət etmənin həyatlarında ən çətin qərarlardan biri olduğunu deyirlər. Bəzi analar məcburiyyətdən, bəziləri könüllü olaraq övladını dayəyə etibar edir. İşə getməyə məcbur olan, övladını tək böyüdən analarımız da az deyil. Lakin “qonşudan qalma geri” prinsipi üçün bu addımı atanlar da çoxdur.
Psixoloqlar məsləhət görür ki, uşağın ən azı 3 yaşına qədər ona tərbiyəni valideyn versin. Bu, həm uşağın psixologiyası, həm özünə güvəni, həm də əhval-ruhiyyəsi üçün vacibdir. Körpələr qidalanma, çimdirilmə, geyinmə və təmizliyi ilə bağlı vacib anlarda analarını yanında görmək istəyir. Onların ilk 3 ildə ana qayğısına daha çox ehtiyacı var.
Kişidən dayə olarmı?
Dayəlik mövzusundan yazmışkən bir vacib məqama da toxunmaq istədik. Bu, uşaqların cinsinə görə dayə tərbiyəsi alması məsələsidir. Qeyd edək ki, indi bir qayda olaraq bütün dayələr qadınlardan olur. Bu, təbiidir, bir çox qadın uşağa baxmanın, ehtiyaclarının, nəzarətin ən xırda incəliklərinə qədər bilir. Amma bir məsələ də var ki, oğlan uşaqlarının tərbiyəsində ataların daha böyük rol oynaması faktı danılmazdır.
Kişilərin dayəlik etməsi məsələsi keçmiş SSRİ dövründə daha çox aktual idi, oğlan uşaqlarının inkişafında, həyatı qavramasında onların rolu böyük qiymətləndirilirdi. İndi ataların axşamadək işdə olduğunu və uşaqların ata tərbiyəsi almadan böyüdüyünü inkar etmək olmur. Kim bilir, bəlkə də yalnız qadın tərbiyəsi alan, dayədən, anadan həyatı öyrənən, daha sonra məktəbdə yalnız qadın müəllimləri görən oğlan uşaqlarının xaraktercə bir qədər zəif olması da bu vəziyyətin nəticəsidir?
Lalə Mehralı