Əgər cəmiyyətdə kollektiv şəkildə yaşayırıqsa bir-birimizə hörmət etməli, birgəyaşayış haqqında qaydalara əməl etməliyik. Bəlli etiket qaydaları var ki, ona əməl etmək hər vətəndaşın borcudur. Ümumiyyətlə, etiket qaydaları təməl olaraq ailədə öyrənilsə də, bəzi hallarda internetdən, insanları müşahidə etməklə, soruşmaqla, oxumaqla da mənimsənilə bilər. Yəni, ədəb qaydalarını öyrənməklə və tətbiq etməklə həm öz mədəni davranışımızı qorumuş, həm də cəmiyyətin nizamını qorumağa yardımçı oluruq. Etiket və ədəb qaydalarına riayət etmək, həyatın hər anında başqalarında müsbət fikir formalaşdırır və daha ciddi qəbul edilir.
Texnologiya nə qədər inkişaf edisə etsin, hər gün virtual ünsiyyət vasitələri təkmilləşsin, yenə də real ünsiyyətin verdiyi enerjini və səmimiyyəti heç nə əvəz eləmir. Bunun səbəbi isə virtual ünsiyyətdən fərqli olaraq real ünsiyyətin yalnız sözlərlə deyil, bədən dilinin köməyi ilə baş verməsidir. Çünki bəzən ünsiyyət zamanı tərəf müqabilimizin nə dediyini, nəyi demədiyini hərəkətləri və enerjisi sayəsində anlayırıq. Söhbət zamanı etiket qaydalarına əməl etməsi, nəzakətli və ya narahat olması məhz hərəkətləri ilə anlaşılır.
Üz-üzə ünsiyyətdə ən vacib etiket nitqimizi düzgün təşkil etməkdir. Nə tez-tez, nə də yavaş-yavaş danışılmalıdır. Danışıq sürətimizin normal olmasına və sözlərimizin tələffüz zamanı ağzımızdan düzgün çıxmasına diqqət yetirməyimiz bizim maraqlı həmsöhbət olmağımızla yanaşı, həm də, qarşı tərəfə dəyər verdiyimizin sübutudur. Həmçinin həmsöhbətimizlə ünsiyyət zamanı geyim və oturma tərzimiz də bizim ədəb normalarına nə qədər əməl etdiyimizin göstəricisidir.
Məşhur bir misal var, insan geyiminə görə qarşılanır, danışığına görə yola salınır. Bu eynilə dediyimiz vəziyyətdir. Geyimimiz bizim şəxsiyyət vəsiqəmizdir, o bizim ruhən və mənən necə insan olmağımız haqqında qarşı tərəfə mesaj verir. Kollektiv yaşayış qaydalarına əməl etməyin bir yolu da məhz geyim ilə əlaqəlidir. Bizim azadlığımız başqasının azadlığının başladığı yerdə bitir, ona görə də geyimimiz, danışığımız başqalarını narahat etməyəcək tərzdə olmalıdır.
İctimai yerlərdə nəzakət ən çox axtardığımız etiket qaydasıdır. Nəqliyyatda öz yerini başqasına vermək, yolda keçid üstünlüyünü digərinə ötürmək, səkidə gedərkən başqalarına mane olmamaq, piyadalara qarşı sürücü kimi diqqətli olmaq, köməyə ehtiyacı olana yardım etmək bizdən heç nə əskiltməz, əksinə ədəb qaydalarına əməl etməyimizə kömək edər. Başqasının telefonuna boylanmaq, mesajlarını oxumaq, böyüklərin ayaqüstə durduğu yerdə oturmaq ədəbli insanın işi deyil.
Biz təşəkkür etməyi bacarmırıq. Təəssüf ki, bu, belədir. Bizə yer verənə, yol verənə, kömək edənə minnətlə, onun borcu imiş kimi baxırıq. Təşəkkür etmək bizi alçaltmaz. əksinə, təşəkkürü bacaran insanlar müdrik insandır. Biz üzr istəməyi də bacarmırıq. Səhvini qəbul etmək böyüklükdür və təəssüf ki, bu böyüklüyü göstərə biləcək cəsarətdə çox az adam var.
Etiket qaydaları sosial həyatda müxtəlif vəziyyətlərdə riayət edilməli olan müfəssəl qaydalardır. Bu qaydalar həyatı asanlaşdırmağa və münasibətləri tənzimləməyə kömək edir. Yaşadığımız cəmiyyət hamımızındır və biz harada və necə davranmalı olduğumzu bəlli qaydalarla öyrənirik. Doğrudur, bir çox etiket qaydalarına əməl etməməyə görə heç bir hüquqi cəza və hüquqi öhdəlik yoxdur. Siz avtobus ya metroda öz yerinizi daha yaşlı və ya uşaqlı sərnişinə verməyə də bilərsiniz, bunun üçün sizə qanunla heç bir öhdəlik düşmür. Lakin etiket qaydalarına görə daha yaşlı sərnişin, uşaqlı qadın ayaqüstə çətinlik çəkirsə və siz daha gənc və enerjili olaraq oturursunuzsa doğru davranmırsınız. Bir çox hallarda cəmiyyətin bu cür hallarda göstərdiyi stiqma qanundan daha ağır olur. Unutmayın, etiket qaydalarına riayət etmək başqalarına hörmət etməkdir.
İctimai yerlərdə öskürərkən, asqırarkən ağzını bağlamayanlar, ucadan telefonla danışanlar, ən yüksək həddə musiqiyə qulaq asanlar, övladını səkinin kənarına çəkib tualet işini həll edənlər, küçədə dondurma yalayanlar, tum yeyib qabığını qarşıdan gələnin üzünə tüpürənlər, içdiyi suyun qutusunu yola atanlar etiket qaydalarına əməl edərsə yaşadığımız cəmiyyət daha mədəni bir cəmiyyət olmazmı?
Harada olmağından asılı olmayaraq bütün insanlar hörmətə layiqdirlər. Başqalarına hörmət göstərməklə öz mədəniyyətimizi nümayiş etdiririk əslində. “Zəhmət olmasa”, “təşəkkür edirəm”, “çox sağ olun”, “minnətdaram” kimi sözlərin sehrli olduğuna inanın, ən pis əhvalda olan insan belə ona sözlərlə göstərdiyiniz diqqətə görə sevinəcək. Beləliklə, həm öz mədəniyyətinizi qorumuş olacaqsınız, həm də qarşıdakına nə qədər dəyər verdiyinzi göstərəcəksiniz.
PS: 12 ya da 13 yaşım olardı, babamla Bakıya qonaq gəlmişdik. Avtobus dayanacağına yaxınlaşanda babam dayanacaqdakı insanlara ucadan salam verdi. Təəccüblə baxan da oldu, salamını alan da. Daha sonra avtobusa mindik, babam yenə minərkən bütün sərnişinlərə ucadan salam verdi. Bu dəfə salamını alan az oldu, insanlar tanımadığı birindən salam almağa ya çəkindilər, ya da təəccübləndikləri üçün salamı almağı unutdular. Aradan 20 ildən çox keçib və mən hələ də eyni vəziyyəti görürəm. Nisbətən yaşlı bir sərnişin ictimai nəqliyyata minəndə salam verir və bu dəfə salamını demək olar ki, alan olmur. Əksinə rişxənd edənlər, göz süzüb gülənlər çoxalıb. İctimai yerdə salamlaşmaq ən təbii etiket qaydasıdır və buna əməl etməyənlər əməl edənlərə rişxənd edirsə cəmiyyətdəki mənəvi-mədəni deqradasiyanı təxmin etmək çətin deyil. İllər ötür və getdikcə salam verən, salam alan, təşəkkür edən azalır və biz robotlaşmış gələcəyin astanasındayıq.
Lalə Mehralı