screenshot_6

Varlıların xərçəngə tutulmaq riski daha çoxdur – ARAŞDIRMA

Baxış sayı: 372

Yeni araşdırmalar göstərir ki, varlı insanlar maddi durumu daha zəif olanlara nisbətən genetik olaraq daha yüksək xərçəng riskinə malikdirlər.

Finlandiyanın Helsinki Universitetində aparılan araşdırmada sosial-iqtisadi vəziyyətlə xəstəliklər arasındakı əlaqə araşdırılıb.

Tədqiqatlar göstərib ki, maddi vəziyyəti yaxşı olan insanlar döş, prostat və digər xərçəng növləri üçün yüksək genetik risk altındadırlar.

Mütəxəssislərin fikrincə, əksinə, daha az imkanlı insanlar genetik olaraq diabet və artrit, həmçinin depressiya, alkoqolizm və ağciyər xərçənginə daha çox həssasdırlar.

Universitetin Finlandiya Molekulyar Tibb İnstitutundan (FIMM) tədqiqat rəhbəri Dr. Fiona Haqenbikin komandası 35-80 yaş arası təxminən 280 000 finlinin genomik, sosial-iqtisadi vəziyyəti və sağlamlığı ilə bağlı məlumatları toplayıb.

Əvvəlki araşdırmalar da tədqiqatçıların bu dəfə tapdıqlarına oxşar bəzi fərqlərin olduğunu göstərmişdi. Bununla belə, bu, yüksək gəlirli ölkələrdə yayılmış 19 xəstəlik arasındakı əlaqəni araşdıran ilk tədqiqat kimi təqdim edilib.

“Klinik riskin proqnozlaşdırılması modellərinin əksəriyyəti bioloji cins və yaş kimi əsas demoqrafik məlumatları ehtiva edir. Genetik məlumatların səhiyyəyə daxil edilməsində belə kontekstin də vacib olduğunu dərk etmək mühüm addımdır. İndi göstərə bilərik ki, xəstəlik riskinin genetik proqnozu həm də fərdin sosial-iqtisadi fonundan asılıdır. Yəni genetik məlumatımız həyatımız boyu dəyişməsə də, genetikanın xəstəlik riskinə təsiri biz yaşlandıqca və ya həyat şərtlərimiz dəyişdikcə dəyişir”, – deyə Fiona Haqenbik vurğulayıb.

Tədqiqatçılar bu konteksdə aşağı gəlirli ölkələrdə də araşdırmaların aparılmalı olduğunu bildiriblər.

Tədqiqatın nəticələri Almaniyanın Berlin şəhərində baş tutan Avropa İnsan Genetika Cəmiyyətinin illik konfransında təqdim olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir