korpe

Beşikdə və ya ayaqda yellənərək yatızdırılan uşaqlarda beyin qanaması riski var?

Baxış sayı: 3. 708
Yellənərək daha tez yuxuya gedən uşaqlar isə buna vərdiş edir və daimi olaraq yellənərək yatmaq istəyir. Amma valideynlər bunun bəzən uşaqları təhlükəyə atdığının fərqində belə olmurlar.Türkiyəli həkimlər son illər tez-tez valideynlərə belə yatızdırılma metodunun uşaqlarda beyin qanaması kimi ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıqlar edir. Məhz bu səbəbdən yellənmədən yatızdırılma uşaq inkişafı baxımından müsbət hesab olunur. Maraqlı haldır ki, yelləmə yolu ilə yatızdırılan uşaqları yelləmədən necə yatızdırılması haqqında məlumat verməyən həkimlər qəti şəkildə valideynlərə “yelləmək ölüm gətirir” deyirlər. Həkimlər iddia edirlər ki, hələ bərkiməyən boyun sümükləri, əzələlər sürətli yellənmə zamanı zədələnir və beyin qanama riskini artırır. Eyni zamanda daimi olaraq belə yatızdırılan uşaqlarda sarsılmış uşaq sindromu yaranır. Bu sindromlu uşaqlar qətiyyən özləri yuxuya getmir və yellənmək üçün mübarizə aparırlar.

 İki uşaq anası Lamiyə Ramazanova hər iki uşağını ayaqda yelləyərək yatızdırdığını deyir. Yellənmədən rahat yatmayan uşaqlar 3 yaşa kimi bu cür yuxuya gedib. Hazırda isə uşaqlar tam sağlam formada yataqda yatmağa öyrəşiblər: “Nənələrimiz də uşaqları belə yatızdırıb. Heç birimizin beyni qanamayıb. Ümumiyyətlə, beyin qanaması olan uşaqlar haqqında da heç nə eşitməmişik. Bəzən deyirlər ki, uşağı ayaqda yelləmə. Heç kim başa düşmür ki, uşağı kefimizdən yelləmirik. Yellənərək yatan uşaqlar mənim fikrimcə, daha tez və rahat yatır”.

Pediatr Xatirə İsayeva da yellənmə yolu ilə yatızdırılan uşaqlarda beyin qanama riskinin olduğunu deyir. Onun sözlərinə görə, bu qanama yelləmənin sürətindən asılıdır. Xəfif yellətmə heç bir qanama riskini yaratmaz: “Uşaqlar yelləndiyi zman daha rahat yuxuya gedirlər. Bu yuxu onların yuxu ehtiyacları qarşılığında yaranmır. Yellətmə bir növ gipnozlaşdırma kimidir. Yellənən zaman körpənin bədəni yellənir, lakin gözləri stabil nöqtəyə zillənir. Bu halda beyində uyuşma gedir və uşaq sərsəmləyərək yuxuya gedir. Yəni, bu, yuxudan yaranan yatmaq deyil”.

Həkim bu baxımdan uşağın yellənərək yatızdırılmasını məsləhət görmür. Dediyinə görə, çünki bir müddət sonra uşaq yuxusu gəldiyi üçün öz xoşuna yatmaq hissini itirəcək və ona elə gələcək ki, yatmaq üçün mütləq yellənmək lazımdır. Onun sözlərinə görə, bu cür uşaqları sonradan yatağa öyrəşdirmək də olduqca çətin olur. Həmsöhbətimiz ayaqda və ya beşikdə yelləmə üsulundansa uşağı qucaqda yelləyərək yatırtmağı daha məqsədəuyğun sayır. “Bu zaman ana uşağı yavaş yellədir və o daha rahat yuxuya gedir”.

X.İsayeva bir məqama da aydınlıq gətirib. Onun sözlərinə görə, bəzən elə olur ki, uşaq öz yerində deyil, ana-atasının yerində yatmağa meylli olur. Çünki belə vaxtlar körpənin köməksiz vaxtlarıdır. O, hər an yanında doğma iyini duymaq istəyir. “Amma belə hallarda belə yatandan sonra uşağı aparıb öz yerinə qoymaq lazımdır. Birincisi, elə mikroblar ola bilər ki, körpə onu tez qapsın. İkincisi, yuxulu vaxtı valideynlərdən hansısa çevrilən zaman bilmədən körpə onun altında qala bilər. Ona görə də elə hər baxımdan uşağın öz yerində yatması məsləhətdir”.

  Psixoloq Gülər Rzayeva da hesab edir ki, uşaqları ayaqda yelləmək onlarda vərdiş yarada bilir. Yaranan vərdişi isə tərgitmək olduqca çətindir. Bəzən hətta 10 yaşına qədər ayaqda yellənərək yatmaq istəyən uşaqlar olur. Bu səbəbdən hələ vərdişin yeni yaarndığı ərəfədən onları düzgün istiqamətləndirmək lazımdır: “Heç yuxuya getməsə belə yellənmək uşaqlar üçün zövqvericidir. Bu səbəbdən qətiyyən uşaqlara bu hissi yaşatmamaq lazımdır. Uşağı yanına bir oyuncaq qoyub yatandan yatana o oyuncağı ona vermək, yatan zaman əlini tutmağa vərdiş etdirmək lazımdır. Bu, elə bir vərdiş olmalıdır ki, illər keçsə belə valideyn o vərdişi uşaqda tərgitmək kimi bir təlaşa düşməsin. Bu cür təlaş uşaqları da psixoloji zədələmiş olur. Onlarda yaranan güvəni artıq böyümüsən deyib əlindən almaq düzgün deyil. Odur ki, körpəlikdən uşaqlar elə böyüdülməlidir ki, vərdişlərindən özü istədiyi an əl çəksin. Ayaqda yellənmək isə uşaqların özxoşuna əl çəkməyəcəkləri vərdişlərdəndir. Bu səbəbdən onları yellənmək yerinə musiqi, oyuncaq və s. daha rahat üsullarla yatırtmaq məsləhətlidir”.

Günay RAMİZQIZI



2 şərh “Beşikdə və ya ayaqda yellənərək yatızdırılan uşaqlarda beyin qanaması riski var?

  1. efsane

    salam qizimin iyunda 2 yasi olacaq qucaqimdan yere qoyuram ele bil ayaqina mismar batir dehset cixirir divanda oturur yere dusur yene ayaqin qaldirir qisqirir onu butun muddet ellemir retki halda bilmey isdiyirdim neden ola biler

    Cavabla
  2. Anar

    Bu bos sohbeti iler di analarimiz usaqi ayaqda yatizdirib hesad olmuyub indi gic gic. Danisilar bu hekimler

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir