Bəlkə də ən çox adəti, ənənəsi olan xalqıq, kim bilir. Hər şey barədə bir adətimiz var, hər gün barədə ənənəmiz var. Bu bəzən yaxşıdır, milli kimliyimizi unutmamaq, soy-kökümüzə bağlı qala bilmək üçün. Lakin bir çox hallarda bir çox adəti transformasiya edib bərbad hala salırıq. Biz hər şeyi şoulaşdırmaqdan zövq alırıq sanki. Evlənmirik, əgər o toyda azı 300 adam yoxdursa. Xına etmirik, əgər xınayaxdı xidməti göstərən dəstə gəlmirsə. Qızımızı ərə vermirik, əgər brilliant zinət dəsti alınmayıbsa. Ailə qurmuruq, əgər ailə böyükləri ilə eyni evdə yaşayacağıqsa.
Oğlanlarımızı doğulanda istəyimizə görə həkim sünnət edir, amma biz 4-5 yaşında təzədən toy çaldırıb sünnət mərasimi təşkil edirik. Niyə? Pul yığmaq üçün, daha yaxşı maşın ala bilmək, daha yaxşı ev tikmək üçün. Uydurmuram, ürəyim belə istədi deyə belə yazmıram, elə beləcədir, tam həqiqətdir. Sünnət toyları xərcsiz toy hesab edilir, bütün xərcləri özü ödəyir, hələ ev sahibinə yaxşı xeyir də qalır. Bu toyu etmək üçün hərənin bir məqsədi var.
Biri kənddəki evini satmaq istəyir, axı hamı Bakıya yellənir, Bakının küləyinə uçur, onun nəyi əskikdir? O niyə kənddə palçıq ayaqlasın ki? Bakıya köçmək lazımdır. Necə? Sünnət toyu eləməklə. Oğlunun ətkəsmə mərasimini 1 aylıq olanda etdirib, amma toy çaldırmayıb. 200 nəfərlik yemək tədarükü görüb 400-500 dəvətnaməni yazır, toy mağarı qurulur, vur çatlasın, çal oynasın, dadar-doymaz süfrə ilə sünnət toyu edir. Gələn qonaqlar ac gedir, nə vecinə? Əsas odur siyahı üzrə pul yığılıb. Evini satıb o pulu da üstünə qoyub Bakının itölən bir kəndindən ev alacaq, rayondakı qohumlarına da “Bakıda yaşayıram” acığını verə biləcək. Bakının kəndindən mərkəzinə gələcəyi yol öz kəndindən qonşu kəndə gedəcəyi yoldan 3-4 dəfə uzaqdır halbuki.
Rayon camaatı dad edir, imdad deyir sünnət toylarının çoxluğundan. 3 qızı olanı da sünnət toyuna çağırırlar, 4 oğlu olub sünnət toyu çaldırmayanı da, oğulsuz-qızsız olanı da. Rayonda, kənddə yaşayan insanlar abrından çağırılan yeri ar eləmirlər. Pulu yoxdur, borc tapıb gedirlər, borc tapa bilməyən aylıq ərzağına ayırdığı pulu götürüb gedir o toya nəmər salır, 1 ay korluq çəkir. Bağ-bostanındakı məhsulunu satıb qışa azuqə almaq istəyənlər o sünnət toyuna getməli olur, o azuqə pulunu da o toya nəmər salır. Toy bir deyil, iki deyil. Ayda 4-5 toya gedirlər. Bəs azuqə? Eybi yoxdur, eldən ayıbdır, çağırıb, getməlidir. Qışda ac qalsa da olar, amma o toya çağıranla küçədə üz-üzə gələndə tənə ilə baxacaq deyə gedir.
Kənd camaatı çox işləyir. Bütün günü, arı kimi. Günün istisində əkin sahələrində, bağlarda, bostanlarda, istixanalarda olurlar. O zəhmətin qabağında məhsulları qəpik-quruşa satılır, qazancları mayadan artmır. İlboyu tər tökürlər, il sonu qazandıqlarını özlərinə xərcləməyə qıymırlar. Son 2 həftədə onlarla həmkəndlimlə söhbətləşdim. Ah-uf edir çoxu, neçə yeri ağırıyır. Soruşdum, nə vaxt özünə pul xərcləmisən, nə vaxt bir kurorta göndəriş alıb getmisən deyə. Heç biri getməyib, heç biri qıymayıb. Kimin dizi tutulur axşamlar, kimin beli. Boynunun arxasında yumurta boyda şiş var, qolu quruyur, həkimə getmək istəmir ki, pul çıxar. O pulu məmnuniyyətlə gedib kiminsə oğlunun cinsiyyət orqanının ətkəsmə mərasimindəki qalın dəftərə yazdırır.
Evinin tavanı başına uçur, külək, yağış evin içində qol qaldırıb oynayır, amma onu təmir etmir məhsuldan gələn qazanc ilə. Əvəzində dəvətnamələri dəyərləndirir, “buna 50, buna 30, buna 70 manat nəmər atmalıyam” deyə. Hamı özünü başqasına borclu hesab edir. Niyə? Çünki o da zamanında onu çağırıb toyuna, ya da gələcəkdə çağıracaq. Pulu atıblar ortaya, lotereya oyunu oynayırlar. O pul heç kimdə durmur, ayaq açıb yeriyir qapı-qapı. Hər gün bir evdə sünnət toyudur çünki. Toy insanın şad günüdür, əziz günüdür. O toyda iştirak edənlər üçün də elə olmalıdır. Dəvətnaməni görən ürəkdən “Allah mübarək eləsin” deməlidir, nəinki toya salacağı pulu necə tapacağını düşünməlidir.
İnsanın cinsiyyət üzvünə hər hansı bir tibbi müdaxilə normaldır, amma bunu toy kimi qeyd etmək normal deyil. Bu məntiqlə prostat əməliyyatı da toy edilə bilər, bu məntiqlə qızların menstrual tsiklinin başlanğıc dövrü də toyla qeyd edilməlidir. Axı bunların arasında elə də əhəmiyyətli fərq yoxdur. İddia edilə bilər ki, uşağın müsəlman olması qeyd edilir. Absurddur. Xristian uşağını vəftiz edəndə, kilsədə toysuz sadə bir mərasimlə müqəddəs suya salanda toy edir? Taxud da toysuz vəftiz edir deyə o uşaq dindən çıxmış sayılır? Axı o da eyni mahiyyət daşıyan mərasimdir, bizim uşaqlar sünnət ediləndə müsəlman olursa onlar da vəftiz ediləndə xristian olur.
Əslində qohum nikahlara tətbiq olunacaq qadağadan birini də sünnət toylarına tətbiq etmək lazımdır. Sünnət toyu xərcsiz toy kimi məşhurlaşdığı üçün oğlu olan hər kəs qazanclı çıxmaq üçün bu toyu etməyə çalışır. Heç bir yerdən gəliri olmayan, Günü 15-20 manata kartof sahələrində fəhləlik edən insanlar özünü məcbur hesab edir o toya gedib pul salmağa. Rayon camaatını artmağa-artırmağa qoymayan da budur. Toy edən çox adam çağırmağa çalışır, amma sonrasını – o toylara bir-bir gedib borc ödəmək ehtimalını fikirləşmir. Üstəlik də dəvətnamələrdən gileylənən hamı deyinir, söylənir, amma hamısı da dəm-dəsgahla sünnət toyu edir, 300-400 adam çağırır.
Bir az yuxarıda oğlu olan hər kəsin sünnət toyu etməyindən yazdım, indi nəql edəcəyim hadisə isə heç bişmiş toyuğun başına gəlməyib ki, bu toya gedənlərin başına gəlib. Hadisə vaqe olur Bakıdakı nazirliklərin birində. Nazirlikdə işləyən bir nəfər bir gün iş yoldaşlarına dəvətnamə paylayır ki, sizi oğlumun sünnət toyuna dəvət edirəm. Gün gəlir yetişir, iş yoldaşları yığılır sünnət toyu keçirilən restorana, məlum olur ki, toyda yalnız iş yoldaşları iştirak edir. Toy sahibi bu məclisin yalnız iş yoldaşları üçün təşkil edildiyini, qohumlar üçün başqa məclis olduğunu deyir. Xülasə, çalıb-oxumaq, sağlıqlar və nəmərlərin müşaiyəti ilə sünnət toyu baş tutur. Məclisin axırında da qonaqlar atasından uşağı gətirməyini istəyir, görüb tanış olmaq üçün. Ata alır əlinə mikrofonu, başlayır söhbətə ki, mənim oğlumun ağır xəstəliyi var, anası ilə Moskvaya göndərmişəm müalicəyə, arzum-murazım vardı ki, ona sünnət toyu edim, ona görə uşaq xəstə də olsa etdim ki arzum gözümdə qalmasın.
Qonaqlar xeyli mütəəssir olurlar, 100 manat nəmər salmaq istəyən 200 salır, 200 salmaq istəyən fikrini dəyişib 300 atır qutuya. Beləcə şad-xürrəm sünnət toyu yekunlaşır. Ata toydan sonra maşınını təzələyir, həm də olduqca baha qiyməti olan yenisi ilə. Güzəranında xeyli irəliləyiş olur. Bura qədər hər şey azərbaycansayağıdır, axı sünnət toyu edən hər kəs bu toyu bu məqsədlə edir. Kimi maşınını, kimi evini yeniləmək üçün. Məsələnin maraqlı tərəfi bundan sonrasıdır. Sən demə bu sünnət toyunu edən kişinin ümumiyyətlə oğlu yoxmuş, 3 qız atası imiş. Bax belə duzlu-məzəli bir əhvalat.
Nəticə etibarilə, sünnət toyu gərəksizdir, lüzumsuzdur, ehtiyac xaricində bir mərasimdir, cinsiyyət orqanına edilən toydur. Müsəlman olmaq toysuz da mümkündür.
Lalə Mehralı