EVlilik-bosanma

Genofondumuz risklə üz-üzə – rəqəmlərin arxasındakı ŞOK təhlükə

Baxış sayı: 465

Azərbaycan əhalisinin sayı cari ilin əvvəlindən 16 376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-i vəziyyətinə 10 197 146 nəfərə çatıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Lakin ilin ilk 5 ayında Azərbaycanda 17 448 nikah, 8 795 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə qədər azalıb. 5 ayda Azərbaycanda boşananların sayının azalması yəqin ki, ən əvvəl nikahların azalması ilə bağlıdır. Başqa yandan, evlənənlər azalırsa, demək, əhalinin qocalması (gənclərin azalması) tendensiyası da güclənir.

Bəs ölkədə ailə quranların sayı niyə azalır? Azalmada iqtisadi amillərin, internetin (zəmanə amili), psixoloji faktorların rolu nə qədərdir. Qısası, quru rəqəmlərin arxasındakı gerçək nədən ibarətdir və çıxış yolu nədir? Ailə mühəndisləri nə təklif edir? Axı əhali sayı, demoqrafik inkişaf hər şeydən öncə genofond, milli təhlükəsizlik məsələsidir. 

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Sosioloq Üzeyir Şəfiyev qeyd edir ki, ölkədə bütövlükdə gənclərin sayı azalmağa başlayıb ki, bu da nikahların sayına mühüm təsir göstərir: “Bəli, Statistika Komitəsinin verdiyi məlumatdan da görürük ki, ölkədə nikahların sayı azalır, boşanmaların sayı isə artır və bunun da bir çox səbəbləri var. Nikahlar niyə azalır?

Öncə qeyd edim ki, Azərbaycanda, ümumiyyətlə, gənclərin sayında azalma var. Məsələn, əgər 10 il əvvəl ölkə əhalisinin 28-30 faizi gənclər təşkil edirdisə, indi 20-21 faiz civarındadır. Yəni gənclərin sayı əhalinin digər təbəqələrinə nisbətən azalıb. Beləliklə, əgər gənclərin sayı azalıbsa, demək, nikahların sayına təsir edəcək.

İkinci məqam ondan ibarətdir ki, ali təhsil almaq və digər məqsədlərlə bağlı gənclərin xaricə axını artıb. Bu amil də ölkədəki gənclərin sayına mühüm təsir göstərir.

Digər məqam isə ondan ibarətdir ki, həm qızlar, həm də oğlanlar arasında evlilik yaşı getdikcə artır. Bu gün gənclər əvvəlcə təhsil almaq, karyera qurmaq, mənzil-məişət şəraitini yaxşılaşdırmaq, daha sonra ailə həyatı qurmaq istəyirlər. Bu da qızlar arasında nikah yaşını 23-24, oğlanlar arasında isə 30-35 yaşa gətirib, çıxarır.

Ümumiyyətlə, son vaxtlar təkcə Azərbaycanda deyil, qlobal miqyasda da evlilik yaşı artmaqdadır. Hətta bəzi ölkələrdə “subaylıq sindromu” adlanan anlayış da var. Çin, Yaponiya və s. kimi ölkələrdə insanlar daha çox virtual həyat yaşayırlar. Hətta belə ölkələrdə bu səbəbdən demoqrafik böhran proqnozlaşdırılır. Hələ ki bu bizim ölkədə tendensiya formasını almayıb. 

Lakin müasir, qlobal dünyada insanlar daha eqosentrik, narsist həyat yaşayır, öz komfortlarını düşünürlər. Hətta it-pişik götürüb saxlayırlar, amma ailə qurub, uşaq sahibi olmaq istəmirlər. Bu o deməkdir ki, biz gənclərə ailələrdə, orta və ali məktəblərdə ailə dəyərlərini düzgün aşılaya bilmirik. Bu istiqamətdə də işlər görmək lazımdır. Hesab edirəm ki, bununla bağlı orta və ali məktəblərdə xüsusi fənlər olsa, yaxşı olar”.

Sosioloqa görə, problemdən çıxış yolu olaraq ilk öncə gənclərin mənzil-məişət şəraiti yaxşılaşdırılmalı, məşğuliyyət məsələsi təmin olunmalıdır: “Bununla bağlı gənclər arasında çox ciddi problemlər var. Çox yaxşı olardı ki, bunun qarşısını almaq üçün gənclər, gənc ailələr üçün sosial dəstək layihələri həyata keçirilsin. Bununla bağlı artıq qardaş Türkiyədə təcrübə var. Belə ki, orada gənclər, gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün xüsusi fond yaradılıb, hansı ki, ölkə gəlirlərinin bir hissəsi bu fonda daxil olur və buradan gənclərə, gənc ailələrə faizsiz kreditlər verilir. Hətta həmin krediti 4 il sonra hissə-hissə, güzəştli şərtlərlə ödəmək imkanı var. Bu da demoqrafik təbii artımı dəstəkləmək üçün çox uğurlu layihədir. Ölkəmizdə də bu cür layihə tətbiq oluna bilər”.

Sosioloqun fikrincə, regionlardakı gəncləri də daim nəzərdə saxlamaq lazımdır: “Xatırladım ki, əvvəllər təbii artım regionlarda daha çox olurdu. Amma müşahidə edirik ki, indi regionlarda gənclər daha çox paytaxta və digər böyük şəhərlərə axın edir, nəticədə kəndlər boş qalıb və bu da təbii artıma, nikah sayına təsir göstərir. Ona görə də çalışmaq lazımdır kəndlə şəhər arasında fərq azaldılsın, məşğulluq məsələləri həll olunsun, mənzil-məişət şəraitləri yaxşılaşdırılması üçün onlara torpaq sahələri verilsin. Bunları da həyata keçirmək üçün güzəştli ipoteka şərtləri olmalıdır ki, gənclər regionlarda qalsınlar, orada ailə qursunlar. Gənc oğlanlar paytaxta axın edir, qızlar isə kənddə qalır, qocalırlar. Hesab edirəm ki, bu məsələ ətrafında ciddi düşünməliyik”.

Sosioloq son vaxtlar klassik Azərbaycan dəyərlərinə kənardan basqılar, təsirlər olduğunu da vurğulayıb: “Bu gün klassik Azərbaycan dəyərlərinə xarici layihələr, televiziya verilişləri, sosial şəbəkələr səviyyəsində təsirlər, təzyiqlər var. Efirlərdə sanki boşanmış ailələr, subaylıq təbliğ olunur. Halbuki nümunəvi ailələr efirlərə çıxarılmalı, həmin ailələr, ailələrini qoruyub saxlayan, dəyərlərə hörmətlə yanaşan ağsaqqallar, ağbirçəklər gənclərə nümunə göstərilməlidir”.

Ekspert axır vaxtlar ölkədə boşanma sayının artmasından da danışıb: “Boşanmaların müxtəlif səbəbləri var. Burada maddi-iqtisadi, psixoloji və digər səbəblər ola bilir. Əsas səbəblərdən də biri budur ki, insanlar qlobal cəmiyyətə inteqrasiya etməyə başlayandan oradan tərzləri götürməyə başladı ki, bu da düşüncələrdə dəyişmələr yaratdı. Belə ki, əvvəllər Azərbaycanda həm qadınlar, həm də kişilər üçün boşanma böyük bir travma, hətta faciə kimi qarşılanırdısa, indi həm kişi, həm də qadınlar üçün tolerant olub. Bu isə yaxşı perspektiv vəd etmir.

Əvvəllər həm də boşanmalar ona görə az idi ki, qadınlar iqtisadi fəal, müstəqilliyə malik deyildilər, kişilərdən asılı idilər, patriaxal cəmiyyətdə yaşayırdılar. Lakin indi iqtisadi fəal kütləyə çevrildikdən sonra əvvəlki ağır şərtlərlə yaşamaq istəmir, dərhal boşanma qərarı verirlər. Hesab edirəm ki, biz klassik Azərbaycan ailəsinə qayıtmalı, onun dəyərlərini qorumalıyıq”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir