evlilik

Nikah agentliyi: “Bizə müraciət edən əksər qızlar evi, maşını, işi olan oğlan axtarır”

Baxış sayı: 3. 696

Bakıda evlənmək istəyən qadın və kişilərə öz köməyini təklif edən tanışlıq büroları- agentliklər fəaliyyət göstərir. Bu nikah agentliklərinin işinə cəmiyyətdə birmənalı münasibət yoxdur. Lap bu yaxınlaradək televiziyalarda efirə çıxan evlilik verilişləri kimi… Nikah agentliklərinin də fəaliyyətini qınayanlarla yanaşı, onu təqdir edənlər də az deyil.

Modern.az saytının əməkdaşı Bakıdakı nikah agentliklərindən birinin fəaliyyətilə maraqlananda, məlum olub ki, evlənmək üçün bura baş vuranları sayı heç də az deyil. Hətta əksinə, belələrinin sayı artmaqdadır. Ailə qurmaq istəyən tənha insanlar necə deyərlər, öz yarını tapmağın yolunu nikah agentliklərinə müraciət etməkdə görürlər.

Paytaxtda fəaliyyət göstərən “Orxideya” Nikah Agentliyinin icraçı direktoru Leyla Ağayeva sayt əməkdaşının suallarını cavablandırıb.

 “Orxideya” Nikah Agentliyi neçə ildir fəaliyyət göstərir?

– Bizim nigah agentliyi artıq 11 ildir fəaliyyət göstərir. Bu illər ərzində toylar da, tanışlıqlar da çox olub. Bura gələnlər bizim işimizi yüksək qiymətləndirirlər və yaxşı işlər gördüyümüzə görə çox sağ ol deyirlər. Ailə qurmaqda yardımçı olmaq çox savabdır və bu Allaha xoş gedir. İndi tanış olmaq üçün sosial şəbəkələr çoxdur. Amma bunun qarantiyası yoxdur. Sosial şəbəkələrdə insanlar bir-biri ilə söhbət edir, danışır, tanış olur. Buna baxmayaraq, camaat hamısı tənhadır. Tanışlıq sahələri geniş olsa da, indi hara baxırsan tənhalıqdır. Əvvəllər belə şey yox idi. Bu tənhalıq sırası cavanından tutmuş yaşlı insanına qədərdir. İnsanlar bilmir ki, harda tanış olsunlar. Azərbaycanda harda tanış olmaq olar? Barda olmaz, küçədə olmaz, işdə yox. Buna görə də camaat tənha qalır, valideynlər narahat olmağa başlayır. İndi azərbaycanlı oğlanların çoxu işləmək üçün xarici ölkələrə gedirlər. Amma evlənmək üçün öz qızlarımızı seçirlər. Hətta xaricdən bizə yazırlar ki, biz azərbaycanlı qızla evlənmək istəyirik. Daha sonra onlar şəxsiyyət vəsiqəsi, yaşadığı yerdən arayış gətirib bizə müraciət edirlər. Artıq bilirəm ki, burda yalan yoxdur, adam fikrində ciddidir. Agentliyə daha çox valideynlər müraciət edir. Ya oğluna qız axtarır, ya da qızına həyat yoldaşı. Xahiş edirlər ki, onlara kömək edək. Biz də üzərimizə düşən vəzifəni yerin yetirib onları tanış edirik.

Hər gün səhərdən axşama qədər burda oturub bizə müraciət edənlərlə danışırıq, görüşürük. Söhbət əsnasında şəxsi tanıyırıq, xasiyyəti haqqında məlumat verir, ailə quracağı adamın hansı meyarla sahib olmasından danışırıq. Onların tələblərini yazırıq. Əgər onların axtardığına uyğun müraciət edənlər varsa, şəxsləri tanış edirik. Tanış olan şəxslərə üç ay vaxt veririk. Bu müddət ərzində onlar danışırlar, görüşürlər və öz qərarlarını verirlər.

– Agentliyin funksiyası tanış etməklə bitmir yəqin ki. Tanışlıqdan sonra hansı mərhələ gəlir?

– Əlbəttə, tanışlıqdan sonra biz ailə quracaq şəxslərlə və onların valideynləri ilə mütəmadi əlaqə saxlayırıq. Demək olar ki, toya qədər onları kontrolda saxlayırıq. Toyu şəxslər özləri edir. Şadlıq sarayı tapmaqda yardım istəsələr, biz onlara bu işdə də köməklik göstəririk.

– Agentliyə müraciət edən insanların səmimiyyətinə, düzgünlüynə necə inanmaq olar?

– Əgər müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədini, yaşayış yerindən arayışını gətirirsə, deməli, onun fikri ciddidir. Bir də ki, mən onlarla söhbətlər edirəm, necə biri olduğunu görürəm. Həm də mənim müraciət edənin evinə, yaşadığı yerə gedib onu yoxlamağa ixtiyarım yoxdur. Bunu qərar vermiş şəxslər özləri edir.

Müraciət edənlərə həmişə deyirəm ki, agentliyin müqaviləsinə uyğun özlərini idarə etməyi bacarsınlar. Tanışlıq ofisdə olur. Əgər şəxslər bir-birini bəyənirsə, telefon əlaqəsi saxlayıb görüşürlər. Burda heç kim heç kəsi incitmir. Müqavilədə o da var ki, əgər tərəflərdən biri digərini bəyənmirsə, söhbət bununla da qurtarır. Bura gələnlər hamısı tərbiyəli, mədəni, özünə və qarşısındakına hörmət etməyi bacaran insanlardır.

Müraciət edən şəxslə agentlik arasında 2 illik müqavilə bağlanır. Bu müddət ərzində şəxsin istəklərinə uyğun adam olmursa, onunla yenidən müqavilə bağlayırıq.

– Müraciət edənlərin çoxu kişilər olur, yoxsa xanımlar?

– Çoxu qızlardır. Amma subay oğlanlar da az deyil. Doğrudur, bizim qızlar ərə getmək istəyirlər, amma o şəxslərə ki, mütləq onun evi, maşını, işi olsun. Biri gəlib demir ki, xasiyyəti yaxşı olsun, ürəyimə yatan olsun. Amma oğlanlar gəlib deyir ki, mənim evim var, valideynlərimlə birlikdə yaşayıram. Qızlar belə oğlanlara getmək istəmirlər, istəyirlər ki, ayrı evləri olsun. Beləcə, oğlanlar evlənmir qızlar da qalır tək. Çünki qızlar ərə getmək istəmir, yaxşı şərait istəyirlər. Həmişə bizə müraciət edən qızlara tövsiyə verirəm ki, öncə oğlanın xasiyyətinə bax. Bəlkə bu gün evi yoxdur, sabah olacaq.

– Agentliyinizin 10 yaşı var. Belə bir statistika varmı ki, 10 ildə nə qədər toy etmisiniz?

– Bunu hesablamamışıq. Amma deyə bilərəm ki, agentlik vasitəsi ilə tanış olub, ailə qurmuş kifayət qədər insanlar olub. Evlənmiş şəxslər sonradan bizə öz təşəkkürlərini bildirirlər. Hətta öz yaxınlarını evləndirmək üçün bizim agentliyə yönləndirirlər.

Yadıma maraqlı bir hadisə düşdü. Agentlik vasitəsi ilə tanış olub evlənmiş bir ailə var idi. Onlar 5 il bir yerdə yaşadılar, bir uşaqları da var idi. Elə oldu ki, sonradan boşandılar. Təsəvvür edirsiniz, onlar yenidən ailə həyatı qurmaq üçün bizə müraciət etmişdilər.

– Boşanma halları olanda sizə xəbər verirlərmi?

– Yox, belə hal olmur. Məgər kimisə tanış ediriksə, ömür boyu günahkarmı oluruq? Bu, gülməlidir. Evlənmisiniz, istəyirsiz birlikdə yaşayın, ya da boşanın. Onun mənə aidiyyəti yoxdur. Hətta mən tanış edəndə də qarantı vermirəm ki, siz evlənəcəksiniz. Yaxud deyə bilmərəm ki, siz ömür boyu bir yerdə yaşayacaqsınız. Bunu Allahdan başqa kim bilə bilər?!

– Tanışlıq üçün agentliyə gələnlər yerli, yoxsa xarici ölkə vətəndaşlarıdır?

– Müraciət edənlər Azərbaycan vətəndaşlarıdır. Bura pullu, pulsuz, varlı, kasıb, ziyalı, rayondan, şəhərdən olanlar, hətta xəstələr də üz tuturlar. Hətta bu yaxınlarda rayonda yaşayan bir müəllim belə bir agentliyin rayonda açılması üçün bizdən kömək istədi.

İndi bakılı oğlanlar gedir xarici ölkələrə, bakılı qızları qalır evdə. Rayon oğlanları gəlir Bakıya, rayon qızları qalır. Buna görə də evlənmək çox çətindir.

– Agentliyə üz tutanların hansı yaçdlarda olurlar?

– Müraciət edənlər 18 yaşından 77 yaşa qədər olan insanlardır. Bəzən 77 yaşında kişi gəlib deyir ki, “yoldaşım rəhmətə gedib, uşaqlar böyüyüb, nəvələrimin də toyunu etmişəm. Arıq təklikdən sıxılmışam, özümə qulaq yoldaşı axtarıram. Nə qədər tək qalacam?”.

– Dediniz ki, 77 yaşlı kişi gəlib evlənmək istəyir, bəs 77 yaşa uyğun qadın evlənmək üçün müraciət edirmi?

– Bəli, 60-65 yaşa qədər qadınlar evlənmək üçün müraciət edirlər. Kişi 80 yaşında da evlənmək istəyir. Çünki qadın həmişə kiməsə lazımdır. Nəvələrinə, uşaqlarına baxır, yuyub-yığışdırır, kiməsə kömək edir.

– Bu işdə psixoloq köməyinə ehtiyac varmı?

– Bəli, psixoloqa ehtiyac var və psixoloqsuz işləmək çox çətindir. Artıq mən özüm psixoloq olmuşam. Bu işdə ailəni bilən adam işləməlidir. Nisbətən yaşlı insan burda məsləhət verə bilər. Amma cavan qız və yaxud oğlan burda işləyə bilməz. Hazırda bütün funksiyanı öz üzərimə götürmüşəm. Gecə, gündüz, şənbə, bazar gələn telefon zənglərinə cavab verirəm. İstirahət üçün özüm bazar gününü ayırmışam. Buna baxmayaraq onda da telefon zənglərinə həmişə cavab verirəm.

– Leyla xanım, öz yaxın ətrafınız sizə müraciət edirmi?

– Əlbəttə, yaxınlarım, rəfiqələrimin uşaqları mənə müraciət edir. Hətta rəfiqələrim indidən mənə müraciət edir ki, “qızım artıq böyüyüb, universiteti bitirib”. Bəs özgələrlə işləyim, öz yaxınlarımla işləməyim? Bu düzgün deyil axı.

– Olubmu ki, ailəsindən xəbərsiz azərbaycanlı qızlar sizə müraciət etsin, sonra qərarından peşman olsun?

– Yox, qızlar heç vaxt tək gəlmir anaları ilə gəlir. Tək gəlsə də, məlumat alırıq onlardan, ev nömrəsini götürürük. Soruşuruq ki, ailədən kim bilir bizə müraciət etməyinizi, deyir ki, “anam bilir atam, qardaşım bilmir”.

Camaat müraciət etməyə utanır. Qız deyir ki, “məni görüb deyəcəklər ki, qız özünə ər axtarır”. Oğlan deyir ki, “deyəcəklər özü tapa bilmir ki, gedib ora müraciət edir”. Belə-belə fikirlər var insanlarda.

– Maraqlı müraciətlər olurmu?

 Əlbəttə, övladından xəbərsiz valideynlər, atası, anası üçün bizə müraciət edən övladlar, qızı üçün müraciət edən atalar, bacısı üçün müraciət edən qardaşlar da var.

– Tanınmış şəxslərdən necə, agentliyə üz tuturlarmı?

– Bəli, olub. Təbii ki, adını və kimliyini deməyəcəm. Hələ ki, o şəxs özünə uyğun adam tapmayıb. Çünki o şəxsin ətrafında kifayət qədər insanlar var. O, çox kaprizli insandır ki, bu vaxta qədər adam seçə bilmir.

Bizə vəkillər, həkimlər, biznesmenlər, ziyalı ailələr,  jurnalistlər müraciət edirlər. Hətta Moskvada yaşayan bir “KQB” işçisi də müraciət etmişdi. Türk vətəndaşları müraciət etsələr də, mən onları qəbul etmirəm. Çünki eşitmişəm ki, onlar etibarlı adam deyillər.

– Cəmiyyətdə televiziya proqramları, sosial şəbəkələr, eləcə də nigah agentlikləri vasitəsilə evlənməyə münasibət birmənalı deyil. Qəribə yanaşmalar var ki, mənim atam, babam bu cür evlənməyib. Bu cür yanaşmalara sizin münasibətiniz necədir?

– Bu fikirləri yox etmək üçün ətraflı danışmaq, bu işi təbliğ etmək lazımdır. Küçədə getdiyin insana yaxınlaşırsan bilmirsən ki, necə adamdır. Amma mən bilirəm ki, valideyni kimdir, yaşı neçədir, xasiyyəti necədir. Tanış edirəmsə, bunun qarantı mən özüməm. Bəlkə küçədə tanış olduğun insan evlidir, amma mən bizə müraciət edən şəxs haqqında hər məlumata sahib oluram. Bunun təbliğatını sizin kimi jurnalistlər etməlidir.

Xarici ölkələrdə milyonçular üçün nikah agentlikləri var. Orda qeydiyyata alınma burdakı kimi 10-100 manat yox, 5000 manatdır. Əlbəttə, milyonçular da öz ətrafından evlənəcəyi adamı seçmək istəyirlər.

İnsan nə qədər yaxşı işdə işləsə də, nə qədər pulu olsa da, əgər təkdirsə, deməli, xoşbəxtlik yoxdur.

Yeganə OQTAYQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir