Aysu Eliyeva

Bağlanma stilləri və münasibətlərə təsiri

Baxış sayı: 205

Bağlanma nəzəriyyəsi bir insanla digəri arasındakı emosional əlaqədən bəhs edir. Bağlanma stilləri fərdlərin uşaqlıq dövründə valideynləri və onların böyüməsində rolu olan digər insanlarla qurduqları bağlara əsaslanan münasibət qurma formalarıdır. Bu bağlanma stilləri yetkinlik dövründə romantik münasibətlərdə, dostluqlarda və digər sosial münasibətlərdə davranışlara təsir göstərir.

Uşaq sevgi və məhəbbət də daxil olmaqla, bütün ehtiyaclarının valideynləri tərəfindən qarşılanmadığı bir mühitdə böyüdükdə, başqalarına etibar etməkdə və möhkəm, sağlam münasibətlər qurmaqda çətinlik çəkə bilər.

 

Bağlanma stilləri 4 formada olur:

* Təhlükəsiz bağlanma (secure attachment)

* Təşvişli bağlanma (anxious attachment)

* Təşvişli-qaçınan bağlanma (anxious-avoidant attachment)

* Dağınıq bağlanma (disorganized attachment)

 

1) Təhlükəsiz bağlanma stili

Əgər uşaq böyüyərkən öz ehtiyaclarının qarşılanması üçün valideynlərinə güvənə bilirsə, çox güman ki, onda təhlükəsiz bağlanma stili inkişaf edəcək. Burada «ehtiyac» dedikdə, sadəcə əsas fizioloji ehtiyaclardan bəhs edilmir. Təhlükəsiz bağlanma sevgi, şəfqət, anlayış və güvən kimi bütün emosional ehtiyacların qarşılandığı bir mühitdə formalaşa bilər.

Bir sözlə, təhlükəsiz bağlanan insanlar emosional və fiziki baxımdan özlərini güvəndə hiss edərək böyüyürlər və buna görə də başqaları ilə sağlam münasibətlər qura bilirlər. Bu, bağlanma stilləri arasında ən sağlam formalardan biridir.

Təhlükəsiz bağlanma stilinə malik insanların xüsusiyyətləri:

Duyğularını idarə edə bilirlər.

Lazım olduqda emosional dəstək istəmək bacarığına malikdirlər.

Digər insanlarla güvənə əsaslanan münasibətlər qura bilirlər.

Hisslərini və ehtiyaclarını ifadə edə bilirlər.

Tək olduqları zaman özləri ilə keyfiyyətli vaxt keçirə bilirlər.

Çətinliklərin öhdəsindən gəlmək üçün öz strategiyalarını inkişaf etdirə bilirlər.

Münaqişələri idarə edə bilirlər.

Özünəinam və özünəhörmətlə bağlı problemləri nisbətən az yaşayırlar.

 

2) Təşvişli bağlanma stili

Əgər uşaq onun ehtiyaclarına hər zaman cavab verməyən valideynlər tərəfindən böyüdülürsə, bu, təşvişli bağlanma stilinin formalaşmasına səbəb ola bilər. Bəzən bütün ehtiyacları qarşılanan, bəzən isə ehtiyacları tamamilə nəzərə alınmayan uşaq çaşqınlıq içində qalır. Belə vəziyyətdə o, növbəti dəfə hansı münasibətlə qarşılaşacağını bilmədiyi üçün narahatlıq keçirə bilər. Bu uyğunsuzluq və qeyri-müəyyənlik narahatlığa, rədd edilmək və tərk olunmaq qorxusuna səbəb ola bilər.

Bundan əlavə, uşaq özünü təhlükədə hiss etdikdə və kifayət qədər müstəqillik qazana bilmədikdə, valideynlərindən həddindən artıq asılı ola və onlardan ayrılmaqda çətinlik çəkə bilər.

Təşvişli bağlanma stilinə malik insanların xüsusiyyətləri:

Şişirdilmiş davranışlarla diqqəti cəlb etməyə çalışırlar.

Həddindən artıq ərköyün davranışlarla laqeydlik arasında dəyişə bilərlər.

Asanlıqla hər şeydən sıxıla bilərlər.

Romantik münasibətlərdə daim qarşı tərəfin diqqətinə ehtiyac duyurlar.

Digər insanların onların hissləri ilə maraqlanmalı olduğunu düşünürlər.

Tənqidlərə qarşı çox həssas ola bilərlər.

Münasibətlərdə qarşı tərəfdən həddindən artıq asılı davrana və daim başqalarının təsdiqinə ehtiyac duya bilərlər.

Münasibətlərində qısqanclıq və güvənsizlik kimi problemlər yaşaya bilərlər.

Tərk edilməkdən və ya rədd olunmaqdan qorxduqları üçün özlərini olduqlarından fərqli göstərə bilərlər.

Tək qalmaq istəmirlər.

Özünəinamları və özünəhörmətləri aşağı ola bilər.

Özlərini dəyərsiz hesab etməyə meyilli ola bilərlər.

Beləliklə, təşvişli bağlanan insanlar münasibətlərdə daim özlərini təsdiqlətməyə çalışır və emosional asılılıq yaşaya bilirlər.

 

3) Qaçınan bağlanma stili

Əgər uşaq sərt və ya emosional baxımdan soyuq valideynlər tərəfindən böyüdülürsə, onda qaçınan bağlanma stili yarana bilər. Bu zaman fərd fiziki və emosional yaxınlıq qurmaqda çətinlik çəkə, buna görə də başqaları ilə uzunmüddətli münasibətlər yaratmaqda çətinlik yaşaya bilər.

Uşaq öz ehtiyaclarını və hisslərini ifadə etdikdə rədd edilirsə, onda qaçınan bağlanma stili formalaşa bilər. Valideyn uşağın ehtiyaclarını hiss edə bilmir və ya bu ehtiyacların fərqində olsa belə, onlara qarşı laqeyd qalır. Nəticədə uşaq valideyninin yanında olub-olmamasına qarşı laqeyd görünə bilər.

Bu uşaqlar uzun müddət tək qalır və kifayət qədər qayğı görmürlər. Ehtiyaclarına görə ailələri tərəfindən danlanan və cəzalandırılan uşaqlar zamanla hisslərini gizlətməyin və yalnız özlərinə güvənməyin daha doğru olduğunu düşünə bilərlər.

Qaçınan bağlanma stilinə malik insanların xüsusiyyətləri:

Həddindən artıq müstəqil olmağa meyilli olurlar.

Qayğı və dəstək almaq üçün başqa bir insana güvənməkdə çətinlik çəkirlər. Buna görə də özlərini başqalarına açmaya bilərlər.

Ətrafdakılar bu bağlanma stilinə malik insanların aralarında keçilməz divarlar yaratdığını hiss edə bilərlər.

Emosional və ya fiziki yaxınlıqdan qaçırlar.

İnsanlara güvənməkdə çətinlik çəkirlər.

Dərin romantik münasibətlər qurmaqda çətinlik yaşaya bilərlər.

Onlara yaxınlaşan insanları təhlükə kimi qəbul edə bilərlər.

Daha çox tək qalmağa üstünlük verirlər.

Bağlanma stilləri uşaqlıq dövründə formalaşan emosional təcrübələrimizin yetkinlik dövründə münasibətlərimizə necə təsir göstərə biləcəyini anlamağa kömək edir. Uşaqlıqda valideynlərimiz və ya bizə qayğı göstərən insanlarla qurduğumuz münasibətlər başqalarına güvənməyimizə, hisslərimizi ifadə etməyimizə, yaxınlıq qurmağımıza və özümüzü nə dərəcədə dəyərli hiss etməyimizə təsir göstərə bilər.

Lakin bağlanma stili insanın dəyişməz xüsusiyyəti və ya taleyi deyil. Keçmiş təcrübələrimiz bu günkü münasibətlərimizə təsir etsə də, özümüzü tanımaq, emosional ehtiyaclarımızı anlamaq, sağlam sərhədlər qurmaq və münasibətlərdə açıq ünsiyyətə üstünlük vermək vasitəsilə daha sağlam bağlar qurmağı öyrənə bilərik.

Əgər münasibətlərinizdə daim tərk edilmək qorxusu yaşayır, başqalarına güvənməkdə çətinlik çəkir və ya emosional yaxınlıqdan qaçırsınızsa, bu davranışların arxasında hansı ehtiyacların və keçmiş təcrübələrin dayandığını araşdırmaq faydalı ola bilər. Zərurət olduqda, psixoloq dəstəyi bu prosesi daha yaxşı anlamağa və dəyişikliklərə doğru addım atmağa kömək edə bilər.

Unutmayaq ki, sağlam münasibət qurmaq üçün keçmişimizin mükəmməl olması vacib deyil. Əsas olan özümüzü anlamaq, ehtiyaclarımızı qəbul etmək və həm özümüzə, həm də başqalarına qarşı daha şəfqətli olmağı öyrənməkdir.

Çünki sağlam bağlanma yalnız başqasına güvənmək deyil, eyni zamanda özünə güvənmək, sevilməyə layiq olduğunu hiss etmək və münasibətlərdə özünü təhlükəsiz şəkildə ifadə edə bilməkdir.

 

Psixoloq Aysu Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir