telebe yataqxanasi

Tələbəsiz qalmağa alışan universitet yataqxanaları

Baxış sayı: 364

“Qızım Bakıdakı universitetlərin birinə qəbul olub. Universitetə yataqxana üçün müraciət etdik. Onlar isə bizə yataqxanalarında məcburi köçkün ailələrinin yaşadığını bildirdilər. Kirayə ev axtarmaq məcburiyyətində qaldıq. Amma kirayə mənzil tapmaq da çətindir. Bakının ən ucqar rayonlarında təklif olunan evlərin belə qiymətləri əl yandırır”.

Bu fikirlər sosial şəbəkələrdə yazılan şikayətlərdəndir. Övladları universitetə daxil olan valideynlər nə kirayə mənzil tapa bilir, nə də yataqxana. Halbuki bir neçə ildir işğaldan azad olunmuş ərazilərimizə köç həyata keçirilir. Lakin şikayətlərdən də görünür ki, hələ də  yataqxanalar tələbələrin istifadəsinə tam şəkildə verilməyib.

Biz də sorğu keçirərək hansı universitetlərin yataqxanalarının tələbələrin istifadəsi üçün yararlı olub-olmadığını araşdırdıq.

 

“Tələbələrin 10-15 faizini yerləşdirə bilirik”

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən bildirildi ki, vaxtilə təhsil ocağının məcburi köçkünlər məskunlaşmış yataqxanasında hazırda qalan yoxdur. Çünki ora qəzalı, tam yararsız vəziyyətdədir: “Universitetimizin hər cür şəraitlə təmin olunmuş tələbə evi var. Bakı Dövlət Universiteti üçün yeni yataqxanaların tikilməsi ilə bağlı müzakirələr aparılır”.

Memarlıq və İnşaat Universitetinin Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayevin sözlərinə görə, bu ali təhsil müəssisəsinin yataqxana kompleksinin beş korpusunun dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız bir korpus universitetin tələbələrinin ixtiyarındadır: “Tələbələr bizə yataqxana üçün müraciət etdikdə yalnız 10-15 faizini yerləşdirə bilirik. Digərlərinə isə “yox” cavabı vermək məcburiyyətindəyik. Məcburi köçkünlərin məskunlaşdığı binalar təmirsiz formada istismarda olub. Hazırda orada yaşamaq mümkün deyil. Həmin binalar hələ tam boşaldılmayıb. Hər binada 5-6 nəfər məcburi köçkün yaşayır”.

 

“Sökülüb yenidən tikilməlidir”

Şöbə müdiri məcburi köçkünlər çıxarıldıqdan sonra universitetin planlarından da bəhs etdi: “Universitet olaraq həmin binaların boşaldılmasını istəyirik. Elm və Təhsil Nazirliyi də bu məsələni gündəmdə saxlayır. Həmin binaları təmirlə düzəltmək mümkün deyil, sökülüb yenidən tikilməlidir. Maliyyə mənbələri axtarırıq ki, bu yataqxanalar inşa edilərək yenidən tələbələrimizin ixtiyarına verilsin. Düşünürük ki, yaxın gələcəkdə hazırda həmin yataqxanalarda məskunlaşmış vətəndaşlarımız da doğma yurdlarına köçürüləcək”.

Azərbaycan Texniki Universitetindən bildirildi ki, AzTU-nun yataqxana binalarında 1988-1990-cı illərdən qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Son illərə qədər binalarda 124 ailə yaşayırdı: “Torpaqlarımız işğaldan azad edildikdən sonra 10 ailə doğma yurdlarına köçürülüb. Qalan 114 ailə hazırda da həmin yataqxanalarda yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxanaların təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirildi ki, universitetin Bakı şəhərində beş yataqxanası var. Onlardan yalnız biri tələbələrin istifadəsindədir. Yataqxanalardan dördündə ümumilikdə 1 603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb: “Hələlik yataqxanalarımızdan heç biri boşaldılmayıb. Onların köçürülməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən iş aparılır”.

 

“Cəmi iki ailə köçürülüb”

Azərbaycan Dillər Universitetinin yataqxanalarında da vəziyyət fərqli deyil. Həm oğlanlar, həm də qızlar üçün nəzərdə tutulan yataqxanalarda məcburi köçkünlər yaşayır: “Qızlar yataqxanasında 18 ailə var. Köçürülmə başlayıb, gedənlər var. Lakin tam olaraq tələbələrin ixtiyarına verilməyib. Yataqxana tamamilə boşaldıldıqdan sonra bu addım atılacaq. Oğlanlar üçün yataqxanada isə tələbələr yaşamır. Həm məcburi köçkünlər, həm də digər insanlar məskunlaşıb. Məcburi köçkünlərdən cəmi iki ailə köçürülüb. Köçürülənlərdən birinin yerinə qazi yerləşdirilib. Digər otaqda isə qapı qonşusu məskunlaşıb. Bir mənzildə isə yanğın baş verdi. Sakini köçürdülər, hazırda yararsız vəziyyətdə olduğu üçün yaşayış mövcud deyil”.

Məcburi köçkünlər gedib, amma yataqxana yararsız vəziyyətdədir

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova dedi ki, universitetin 1 000 nəfərlik dörd yataqxanası var. Məcburi köçkünlərin məskunlaşdığı yataqxana isə boşdur: “Həmin bina hazırda yararsız vəziyyətdədir. Gələcəkdə əsaslı şəkildə təmir olunması düşünülür”.

Dövlət İdarəçilik Akademiyasından verilən məlumata görə, hələ ki, yataqxanadan köçürülən məcburi köçkünlər yoxdur: “Amma dövlət proqramının bir hissəsi olaraq köçürülmə həyata keçiriləcək. Sonra isə tələbə yataqxanası kimi təmir-bərpa işləri aparılıb, istifadə olunacaq”.

 

Səlahiyyət universitetlərdə deyil

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova qeyd etdi ki, yataqxanada məcburi köçkünlər var və hələlik köçürülməyiblər: “Binanı müvəqqəti olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansına vermişik. Universitetimizin gələcək prioritetlərində məcburi köçkünlər getdikdən sonra yataqxananın sökülüb yenidən inşa olunması var”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirildi ki, yataqxanaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansındadır.

 

Onlar üçün evlər azad edilmiş ərazilərdə inşa olunur

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, müxtəlif təyinatlı obyektlərdə, o cümlədən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mərhələli şəkildə yeni mənzillərlə təmin edilir. Bu günə qədər 320 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb: “Onların arasında tələbə yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri də var. Orta və ali təhsil müəssisələrinə məxsus yataqxanalarda məskunlaşmış ailələrin bir qismi köçürülsə də, bir qismi hələ də bu tipli obyektlərdə yaşayır. Çünki onlar üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə tikilir. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə, eləcə də tələbə yataqxanalarında yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunurlar”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir