Tofiq Sadixov

“Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil” - MÜSAHİBƏ

Baxış sayı: 375

“Uşaq ağlayanda, ata gözləyir ki, ana sakitləşdirəcək. Uşaq üstünə nə isə dağıtdı, yenə ananın dəyişdirməsini gözləyir. Uşaq üçün yemək hazırlanması, onunla parka gedib oynamaq… Bütün bunların qadın işi olduğu düşünülür. Valideyn iclasına əsasən analar gedir. Valideyn iclasına atalar da getməlidir, analar da. Tək ana gedirsə, bu, uşaqla bağlı bütün məsuliyyəti qadının üzərinə atmaqdır”.
Bu sözləri Azərbaycan Maarifçilər Assosiasiyasının sədri və “Atalar Məktəbi Məsuliyyətli Atalığa Doğru” layihəsinin koordinatoru Tofiq Sadıxov bildirdi. BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən dördüncü ildir keçirilən layihə çərçivəsində müxtəlif atalarla ünsiyyətdə olan T.Sadıxovla elə bu sahədə hazırkı durumla bağlı söhbətləşdik.

– Tofiq bəy, söhbətə məsuliyyətli atanı digər atalarla müqayisə edərək başlayaq. Fərq nədədir?

– Biz onu bioloji və məsuliyyətli ata deyə qruplaşdırırıq. Bioloji ata odur ki, övladı dünyaya gəlir, amma sonra onun böyüməsi, təhsili, tərbiyəsinə yetərincə diqqət ayıra bilmir və ya ayırmaq istəmir. Əsas atalıq öhdəliyini maddi köməklik göstərməkdə görür. Məsuliyyətli ata övladının hər bir addımında ana ilə birlikdə olur. Layihə çərçivəsində bizim müxtəlif suallarımız və qrup işlərimiz var. Suallardan biri odur ki, yaxşı, məsuliyyətli ata necə olur? Demək olar ki, bütün regionlarda ataların cavabı odur ki, yaxşı pul qazanmalı, övladımızın istədiyi hər şeyi almalıyıq. Tapşırığın ikinci hissəsində sual verilir ki, öz atanızla olan bir xatirənizi bölüşün. Danışırlar ki, atamla balıq tutmağa getmişdik, atam filan yeməyi bişirmişdi, biri dava edib gələndə atasının ona dəstəyini qeyd etdi. Yəni sonda məlum oldu ki, heç kəs atasının ona pul verməyi, yaxud ona bahalı nə isə almağından danışmır. Özləri o qərara gəlib çıxırlar ki, övladımızın yaddaşında onun üçün xərclədiyimiz pul yox, onlarla keçirdiyimiz zaman, yaşatdığımız hisslər qalacaq.

“Ataların əksəriyyəti uşaqları ilə parka getməkdən narahatdır”

– Ataların məsuliyyətli olmamasına işarə edən əsas məqamlar nələrdir?

– Bütün ataların məsuliyyətsiz olduğunu demək olmaz. Boşanandan sonra belə, məsuliyyətli atalar var. Planlı yanaşırlar, uşağı diqqətsiz qoymurlar. Çox yaxşı nümunələr də var, amma bu, az hissədir. Ataların əksəriyyəti uşaqları ilə parka getməkdən narahatdır. Uşaq arabası ilə övladını gəzdirməkdən narahat olan atalar var. Auditoriyada sorğu keçirdik. Deyirlər ki, biz belə kişiyə lağ edə bilərik. Ağlınıza gələcək və gəlməyəcək qəribə stereotiplər olur.

– Atanın məsuliyyətinin pul qazanmaq olduğunu düşünənlərin çox olduğunu vurğuladınız, ancaq ailəyə pul da lazımdır. Atalarda sual yaranacaq ki, işləməyək?

– Atalar bizə deyirlər ki, pul qazanmasaq, uşaqla necə əyləncə təşkil edək? Proqram müddətində biz onlara göstəririk ki, adi kağızla da uşaqla maraqlı oyun qurmaq mümkündür. Gününü düzgün bölsən, pul da qazana bilərsən, uşağa da vaxtın qalar. Bir tapşırıqda ataya deyirik ki, gününü planlaşdır. Sonra deyirik ki, böləndən sonra o saatı ailənin xeyrinə necə dəyişə bilərsən? Birinci bölgüdə məlum olur ki, bir saat yeməyinə, üç saat dostları ilə əyləncəyə yazıb. Sonra başa düşür ki, üç saatdan bir saat kəsib uşağa ayırmaqla nəsə itirmir. Ata uşağa qulluq üzrə öhdəlik və məsuliyyətini dərk edib, uşağına vaxt ayıranda, ananın da yükü azalmış olur. Ana da əmək bazarına çıxış əldə edərək, ailə büdcəsinə töhfə vermək imkanı əldə edir.

– Dostların məclisində hansısa kişinin bir saat tez qalxması xoş qarşılanmır. Məsuliyyətli olmayan atalar məsuliyyətli atalara mane olurlar?

– Bu yaxınlarda çayxanaların cəmiyyəti necə korladığı haqqında yazı oxudum. Deyir ki, Avropada həftə içi işdən sonra hamı evdə, ailəsi ilədir. Həftə sonu publara gedirlər, dincəlirlər. Bizim toplumun kişilərinin gedəcəyi yer çayxanadır. Əvvəllər yaşlı kişilər gedirdi, indi cavan oğlanlar da gedirlər. İnsanlar bir yerdən sonra başa düşməlidirlər ki, bunun qarşısını almaq lazımdır. Axşamlar çayxanada olan ata uşaqla bağlı məsuliyyəti qadının üzərinə atmış olur.

“Yuxusuz gecələr təkcə analar üçün deyil”

– Layihəyə qatılanlar arasında məsuliyyətli olmayan atalar daha çox olur, yoxsa məsuliyyətlilər?

– Bizim layihəyə qatılmaq könüllü əsaslarladır. Hər ikisi gəlir. Amma əsas odur ki, sonda səhvlərini etiraf edənlər olur. Məsuliyyətli olmayan ataların uşaqlara qarşı necə zorakılıq tətbiq etdikləri ilə bağlı seanslardan sonra səhvlərini anlayanlar daha çoxdur. Deyirik ki, siz qızla oğlanın arasında fərq qoyursunuz. Oğlunuz karateyə getmək istəyəndə, icazə verirsiniz, amma qızınız karateyə getmək istəsə, “qızdır” deyib icazə vermirsiniz. Bu, psixoloji zorakılıqdır. Bir ata həmin seansdan sonra dedi ki, bəs qızı musiqiyə getmək istəyirmiş, qoymayıb. Dedi “başa düşdüm ki, illərlə qızıma necə psixoloji zorakılıq etmişəm”.

– Məsuliyyətli olmayan ataların çox olduğunu dediniz. Səbəbi nədir?

– Bizdə qızlar uşaq vaxtından gələcəyin anaları kimi böyüdülür. Hələ kiçik yaşlarından uşaq bələmək kuklaların üzərində öyrədilir. Zamanla yemək bişirmək, çay dəmləmək və sair məsələləri də öyrətməklə, ev və uşağa qulluq məsələlərini qadının üzərinə qoyub, onun təhsil və peşə inkişafı imkanlarını ciddi şəkildə məhdudlaşdırırıq. Oğlanlara isə ata olmaqla bağlı nələrsə deyilmir. Bir də baxır ki, kiminsə həyat yoldaşıdır, atadır. Subaylıqdakı kimi həyatını yaşayır, uşaqla bağlı məsuliyyəti üzərinə götürmür. Mən özüm də atalığı ilk uşaqda hiss etmirdim. İkincidə daha çox hiss etdim.

– Ailə qurmamışdan öncə oğlanlar “mən məsuliyyətli ata ola bilərəm?” sualını özlərinə verməlidirlərmi?

– Bu sualı özünə verənlər adətən gec evlənirlər (Gülür). Başa düşürlər ki, məsuliyyətləri var, özlərini hazır hiss edəndə “evlənmək vaxtıdır” qənaətinə gəlirlər. Ümumiyyətlə, bilməlisən ki, ailə bir layihədir. Ailə qurursansa, kommunal xərclərindən tutmuş gündəlik tələbatlara qədər bir məsuliyyətin yaranmış olur. Övlad olandan sonra ata nə etməlidir? Hazır olmalıdır ki, yuxusuz gecələr təkcə analar üçün deyil. Bəhanə odur ki, işdən yorğun gəlmişəm, yatmalıyam. Bu, doğru deyil. Dünya təcrübəsində ödənişli atalıq məzuniyyəti var. Bizdə də var, sadəcə ödənişsizdir. Ata pul almadan 14 gün məzuniyyət götürə bilir. Pulsuz olduğu üçün də atalar bunu istəmirlər. Digər tərəfdən, evdə oturub uşağa baxmaq da istəmirlər. 2-3 ildir bunun təbliğatı BMT-nin Əhali Fondu tərəfindən aparılır. Atalıq məzuniyyətinin ödənişli olmasını istəyirik ki, ataların uşaq dünyaya gələndən sonra iki həftə evdə olub ana ilə bir yerdə uşağa baxmaq üçün maddi cəhətdən narahatlıqları olmasın.

İslandiyada ailələr arasında aparılan tədqiqat göstərdi ki, atalıq məzuniyyətinin tətbiqi boşanma səviyyəsinə birbaşa təsir göstərib: bu göstərici beş ildən sonra 8,3%, 15 ildən sonra 3,4% azalıb. Kanadanın Kvebek şəhərində aparılmış bir tədqiqat da valideynlik məzuniyyətindən birgə istifadə edən cütlüklər arasında ayrılmanın 6% azaldığını təsdiq edib.

– Atanın uşağa gecə baxması ananın istirahət etməsi üçündür?

– Ananın istirahəti tərəfdən baxsaq, ortaya nənə-baba institutu daxil olur. Qızın anası gəlib uşağa baxır. Ata prosesdən kənarda qalır. Mütəxəssislər deyirlər ki, doğuşdan sonra ata günlərlə, aylarla uşağı qucağında saxlamalıdır. Uşaqla ata arasında bir bağ yaransın. Ana ilə uşağın bioloji bağlılığı var, çünki onun bətnindən gəlir. Amma atasını hiss etmir. Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil.

“Kişi mətbəxdə olmaz”

– Kişilər bu kimi məsələlərdə “yorulmuşam” deyib, nəsə etməyə bilirlər. Amma qadın çox yorulsa da, edir.

– Geniş yayılmış stereotipə əsasən, qadın bu cəhətdən psixoloji olaraq daha səbirlidir. Lakin yuxarıda qeyd etdiyim kimi, əsrlər boyu qadın bu məsuliyyətin əsasən onun üzərində olmasına inanıb və bu cür də formalaşıb.

– Bir hal ola bilərmi ki, bizim qadınlar uşaqla bağlı bütün məsuliyyəti öz üzərlərinə götürürlər, kişidə bu barədə düşünmək məcburiyyəti yaranmır?

– Bu, xarakter məsələsidir. Ola bilər ki, ata xaraktercə məsuliyyətli deyil, uşağı anaya etibar edir. İkinci hal odur ki, ananın böyüdüyü mühitdə aldığı travmalar, öz ailəsində gördükləri kişini məsuliyyətdən uzaq saxlayır. Məsələn, atasını heç vaxt mətbəxdə görməyib. Atalar məsuliyyətli olmaq istəyirlər, uşaqla mətbəxdə nələrsə etmək istəyirlər. Bəzən qadınlar deyirlər ki, kişinin yeri mətbəx deyil. Onun beynindəki stereotip odur ki, kişi mətbəxdə olmaz.

– “Ata həmişə işdə-gücdə idi, ana uşaqların üzərində işlədi, hamısı yüksək balla universitetə qəbul oldu”. Bu kimi nümunələr də gətirilir.

– Burada ölçü meyarlarımız səhvdir. Biz onsuz da yaxşı oxumağı 700 balla ölçürük, universitetə qəbul olmağı uğur hesab edirik. Digər tərəfdən baxsaq, o uşaq birtərəflidir. Ola bilər ana üzərinə düşdü, hazırlaşdı, yaxşı bal toplayıb universitetə də qəbul oldu, amma yenə də araşdırsan, ata ilə bağlı travmaları var. Bəzən deyirlər ki, uşaq atadan qorxmalı, çəkinməli, sevgini ana verməlidir, bu, bəsdir. Amma bizim seansda 45 yaşlı kişi dedi ki, atam bir dəfə də olsun məni sevdiyini demədi. Bunu eşitməyi çox istəyirmiş. Uşaq üçün mənəvi körpü çox önəmlidir.

– Atanın məsuliyyətli olmaması uşaqların həyatına necə təsir edir?

– Uşaqların ataya, kişiliyə qarşı fikirləri dəyişir. Qız övladlarında ailə qurmağa qarşı kompleks yaranır. Çünki  düşünürlər ki, həyat yoldaşları ataları kimi ola bilər. Oğlanlarda pis rol modeli olur. Düşünür ki, atam belə olubsa, mən də elə ola bilərəm. Bizdə belə tapşırıq var, atanızda gördüyünüz, amma dəyişmək istədiyiniz nələr var? Bəziləri çox sərt təpki verir ki, yox, atam belə olub, dəyişmək istəmirəm. “Atam məni döyürdü, yaxşı edirdi, mən də döyərəm”, – deyir, atasının etdiyi zorakılığa haqq qazandırır. Qızlar atadan sərtlik, kobudluq, qayğısızlıq görür. Qayğılı biri ilə qarşılaşanda, qəribə gəlir. Həyat yoldaşının aşırı qayğısından boşanan ailələr var. Çünki ailədə qayğıkeşlik görməyib.

“Atanın uşağa diqqəti ona özgüvən verir”

– Bəs məsuliyyətli ata uşaq üçün necə bir gələcək yaradır?

– Uşaqlar daha çox ana ilə vaxt keçirirlər. Ananın qayğısı, sevgisinin yeri ayrıdır, amma tanrı məsləhət bilsəydi, uşağı dünyaya tək qadın gətirərdi. Bir yerdə gətirirlərsə, bir yerdə də böyütməlidirlər. Atanın uşağa diqqəti ona özgüvən verir. Uşaq potensialını üzə çıxarır. Ataya arxayın olur. Ata ilə daha çox şey danışmaq istəyir.

– Qeyd etdiniz ki, atalar işləyib pul qazanmalı olduqlarını deyirlər. Günümüzün reallığını götürsək, məsuliyyətli ata olmaq həqiqətən çətindir?

– Ümumiyyətlə, valideyn olmaq çətindir. Valideyn olmağı anlamaq lazımdır. Restoranlarda ailələri müşahidə edin. Masanın üstündə bütün nemətlər var, yeyib içirlər, amma üzləri gülmür. Çünki orta statistik Azərbaycan kişisinin düşüncəsinin istirahəti, ailəyə diqqəti pul xərcləməkdir. Harasa gəzintiyə aparsın, dincəlsinlər. Uşağın qarşısına naz-nemət qoymaqdan çox atası ilə vaxt keçirmək önəmlidir.
Uşaq birdən 15-16 yaşa çatmır. Günbəgün böyüyür, dəyişir. Sən arada hansısa günləri, ayları itirirsən, bir də görürsən ki, 16 yaşdadır və artıq aranızda doğru ünsiyyət yoxdur. Problem yaranır, deyirsən ki, uşaqlar korlanıb, sözümüzə baxmırlar.

“Bizdə ana uşağı atasına verir ki, parka apar”

– Məsuliyyətli ata gündə uşağa nə qədər vaxt ayırmalıdır?

– Körpə vaxtı daha çox vaxt sərf etməlidir. Məktəb vaxtı dərsləri ilə maraqlana, əylənə bilərlər. Ən azı gün ərzində bir saat ünsiyyətdə olub söhbət etməlidirlər. Bizdə ana uşağı atasına verir ki, parka apar. Ata da aparır, özü telefonda, uşaq da orada özü üçün oynayır. Adı da odur ki, uşaqla vaxt keçirir. Bu, passiv vaxt keçirməkdir. Aktiv vaxt keçirmək odur ki, ata da uşaqla bir yerdə prosesdə olsun.

– Subay xanımlarda sual yarana bilər: Məsuliyyətli atanı necə seçək?

– Qızların gələcək həyat yoldaşlarını daha yaxşı tanıya bilmək imkanları olmalıdır. Öz həyatına, valideynlərinə, işinə, hər şeyə qarşı məsuliyyətsiz birindən məsuliyyətli atalıq gözləmək sadəlövhlük olardı.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir