yemek

Səhər yeməyi yeməsək orqanizmdə nə baş verə bilər?

Baxış sayı: 368

Səhər yeməyi yeməmək orqanizmə bir sıra mənfi təsirlər göstərə bilər. Bunu başa düşmək üçün səhər yeməyinin bədənin enerji ehtiyaclarını necə qarşıladığını nəzərdən keçirmək faydalıdır. Gecə ərzində orqanizm uzun bir müddət (təxminən 8-12 saat) aclıq vəziyyətində olur və səhər yeməyi bədənin bu aclığı aradan qaldıraraq enerji təmin etməyə kömək edir.

Səhər yeməyindən intina edilməsinin bir sıra mənfi təsirləri yarada biləcəyini qeyd edən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilk olaraq enerji azlığı və yorğunluğu qeyd etdi: “Səhər yeməyi yemədikdə, bədənə enerji verən qlükoza səviyyəsi düşər və bu da günün əvvəllərində yorğunluq və halsızlıq hissi yarada bilər.”

Nermine Abbasova

Qan şəkəri səviyyəsinin dalğalanması problemini də önə çəkən mütəxəssis deyir ki, səhər yeməyini atlamaq qan şəkərinin qeyri-sabit olmasına səbəb ola bilər. Onun sözlərinə görə, bu, gün ərzində şəkərli qidalar və ya yüksək kalorili içkilərlə qidalanma ehtiyacını artıraraq qeyri-sağlam yeyinti vərdişlərinə səbəb ola bilər.

Metabolizmin ləngiməsindən də bəhs edən Nərminə xanım bildiri ki, səhər yeməyi orqanizmin metabolizmasını işə salır: “Əgər səhər yeməyi yeməsək, metabolizm daha yavaş işləyə bilər, bu da uzun müddətdə çəki artımına və həzm problemlərinə yol aça bilər.”

Konsentrasiya və əhval pozğunluqlarının yaranmasında da səhər yeməyindən imtinanın səbəb ola biləcəyini vurğulayan həkim deyir ki, səhər yeməyinin atlanması beyin funksiyalarını da təsir edə bilər. Qlükoza beyin üçün əsas enerji mənbəyidir, buna görə səhər yeməyini atlamaq, diqqətini toplamaqda çətinlik və ya əhval-ruhiyyənin aşağı düşməsinə səbəb ola bilər.

Uzunmüddətli sağlamlıq problemlərinin yaranma səbəıbllərindən biri olaraq səhər yeməyinin yeyilməməsini göstərən Nərminə xanım aşağıdakıları dedi: “Müntəzəm olaraq səhər yeməyini atlamaq, insulin müqavimətinə və daha sonra şəkərli diabetə yol açan faktorları artıra bilər. Ayrıca, ürək-damar xəstəlikləri və bəzi digər sağlamlıq problemləri üçün riskləri yüksəldə bilər.”

Qısası, səhər yeməyini atlamaq orqanizmə qısa və uzun müddətli mənfi təsirlər göstərə bilər. Buna görə də balanslı və qidalı səhər yeməyi günün yaxşı başlanğıcı üçün vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir