Xüsusilə yaşlılar və immun sistemi zəif olan insanlar üçün soyuq hava tənəffüs yollarını zədələyərək bakterial infeksiyaların yaranmasına səbəb ola bilər. Pnevmoniya öskürək, nəfəs darlığı, yüksək hərarət və ümumi zəifliklə özünü göstərir. Pnevmoniya nədən baş verməsi haqda “Gencaile.az” saytına danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, Pnevmoniya, ağciyərlərin iltihablanmasıdır və əsasən infeksiyalar səbəbindən meydana gəlir.
Ən çox rast gəlinən səbəblər haqda da danışan mütəxəssis aşağıdakıları sadaladı:
Bakterial infeksiyalar: Pnevmoniyaya səbəb olan ən yaygın bakteriya “Streptococcus pneumoniae”dir. Digər bakteriyalar, məsələn, “Haemophilus influenzae” və “Legionella pneumophila” da səbəb ola bilər.
Virus infeksiyaları: qripp, COVID-19, respirator sinsisial virusu (RSV) kimi viruslar da pnevmoniyaya yol aça bilər.
Göbələk infeksiyaları: Nadirdir, amma bəzi göbələk infeksiyaları (məsələn, coccidioidomycosis) pnevmoniya yarada bilər.
İmmun sisteminin zəifləməsi: İmmun sistemi zəif olan insanlarda (yaşlılar, xərçəng xəstələri, diabet və ya HIV xəstələri) pnevmoniya riski artır.
Tütün istifadəsi və digər zərərli vərdişlər: Siqaret çəkmək və alkoqol istifadəsi ağciyərləri zəiflədərək infeksiyaların inkişafına şərait yaradır.