İndi bir çox insanlara diaqnoz olunan mədə nevrozu əslində ağlabatan diaqnoz kimi görünmür. Düşünürlər ki, axı mədənin hissiyatı, beynimi var ki, nevroz da olsun…
Mövzuyla bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, hazırda digər mədə xəstəlikləri ilə qarışdırılan, çox rast gəlinən və köp, mədə üçün olan dərmanlarla müalicə olunmayan mədə nevrozu nevroloji problemdir.
Ailə həkimi qeyd etdi ki, qıcıqlanmış bağırsaq sindromu və ya mədə nevrozu sinir sisteminin tənzimləmə mexanizmlərinin pozulması nəticəsində meydana çıxır. Onun sözlərinə görə, sözügedən xəstəlik ağır psixoloji travma və ya stress sonrası meydana çıxa bilər:
“Yalnış olaraq bəzən elə hesab olunur ki, bu xəstəlik emosional astenik pozuntu, qıcıqlanmaya meyilli və emosiyalarını idarə edə bilməyən şəxslərdə baş verir. Əslində isə mədə nevrozu yüksək psixoemosional şəxslərlə yanaşı, ilk baxışda soyuqqanlı görünən və emosiyalarını boğa bilən şəxslərdə də rast gəlinir. Qeyd edim ki, bu soyuqqanlılıq sadəcə görüntüdür. Əslində emosional olan bu şəxslər sadəcə reaksiyalarını idarə etməyi öyrənmiş şəxslərdir”.
Nərminə xanım bildirdi ki, tətikləyici faktorlara psixi yüklənmə, münaqişəli vəziyyətlərlə yanaşı qeyri rasional qidalanma da aid ola bilər. Həkimin sözlərinə görə, həmçinin bir çox xəstəliklər – məsələn, yumurtalıqların iltihabı, sidik kisəsi və prostatın, düz bağırsağın xəstəlikləri də qıcıqlanmış bağırsaq sindromuna səbəb ola bilər:
“Xəstəlik əsasən gənc və orta yaşlı şəxslərdə müşahidə olunur. Qadınlar arasında rast gəlmə tezliyi kişilərlə müqayisədə 2-3 dəfə çoxdur”.
Nərminə xanım mədə nevrozu xəstəliyinin əlamətlərindən də bəhs etdi. Bildirdi ki, qıcıqlandırıcı faktordan və sinir sisteminin reaksiyasından asılı olaraq, simptomlar müxtəlif dərəcədə ola bilər:
“Ümumi nevroz əlamətləri, diqqətin yayınması, narahatlıq, yuxusuzluq, baş ağrısı, tərləmə ilə yanaşı başqa şikayətlər də eşidirik. Həmin şikayətlərdən bir neçəsini diqqətinizə çatdırmaq istərdim. Bunlardan biri spastik keçməməzlik – yəni bağırsaq spazmı, əlamətləri-diskomfort və ağrıdır. Digəri qəbizlik və ya ishal. Qeyd edim ki, nəcis ifrazı əsasən səhərlər 2-5 dəfə, gün ərzində isə hər qida qəbulundan sonra olur. Bir başqa şikayət qarında ağrı və sancı ilə bağlı olur. Ağrının gücü sadə diskomfort hissindən dözülməz həddədək ola bilər. Ağrılar qida qəbulundan sonra və axşama doğru artır. Bu şikayətlər sırasında meteorism də var. Bu zaman qarında köp qida qəbulundan sonra başlayır və gün ərzində artaraq axşama pik həddə çatır.
Onu da deyim ki, sadaladığım bu şikayətlərdən başqa sol tərəfdə qabırğaarası nahiyədə ağrı, ürəkbulanma, mədədə ağrı, ritm pozğunluqları, tez-tez sidiyə getmək, oynaqlarda ağrı, zəiflik, boğazda “tikə” qalma, ağızda quruluq da müşahidə oluna bilər”.
Ailə həkimi bildirdi ki, bu xəstəlik ümumi nevroz fonunda yarandığı üçün yanaşma kompleks olmalıdır. Həkimin sözlərinə görə, bu xəstəliyin müalicəsində psixoterapevt və qastroenteroloqun birgə yardımına ehtiyac var. Nərminə xanım vurğuladı ki, müalicədə əsas şərt isə həyat tərzini normallaşdırmaq, istirahət və qidalanmaya diqqət etməkdir.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)