DERMAN

Aptekdə dərman, xəstədə can qalmadı

Baxış sayı: 308

Evinizdə istifadə etdikdən sonra yarıdan çoxu qalan dərman şüşələri, qutuları var? Əgər 3 günlük müalicə kursu üçün 15 günlük dərman almağa məcbur olmusunuzsa, yəqin ki, var. Çünki apteklərdə milliqramı az olan, içində az həb olan dərman şüşəsi olmur, əksər dərmanların qablaşdırması böyük və lazım olduğundan çox olur. 3 günlük müalicə kursu bitdikdən sonra dərman lazım olmur, amma baha qiymətə aldığımız üçün atmaq istəmirik. Bəs neyləməli?

 

Qalan dərmanları nə etmək olar?

Dünyanın ən böyük gəlir sektorlarından biri olan dərman istehsalı həyata keçirdiyi satış taktikaları, həkimlər və əczaçılar üzərində təsir gücü, mediadan aldığı dəstək və beynəlxalq qurumlarla işbirliyi insanlara hər gün bir az da çox zərər verir.

Hər il öncəkindən daha çox xəstəlik yayılır, hər gün başqa bir xəstəliyin yaranması barədə xəbərlər oxuyuruq. Quş və donuz qripləri, hepatitlər, digər infeksion xəstəliklər xofu hamımızda qorxu yaratmışdı, hələ Covid-19 bəlasından sonra kiçik bir qrip yoluxması bizi dərhal həkimə qaçmağa sövq edir. Həkim dərmanı yazır, 3 ya 5 gün istifadə etməyi məsləhət görür, amma gəlin görək biz hansı aptekdə 3-5 günlük istifadə üçün yetərli olan dərman tapa bilərik?

Aldığımız dərmanların əksəriyyəti minimum 15-20 günlük müalicə üçün qablaşdırılıb, istifadədən sonra yerdə qalan dərman lazımsız olur, baha qiymətə aldığımız üçün atmaq da istəmirik, kim, harda və necə gəldi saxlayır, 1-2 ildən sonra təkrar xəstələndikdə istifadə edirik. Bu isə təbii olaraq dərman zəhərlənmələrinə səbəb olur.

 

Reseptə niyə ucuz dərman yazılmır?

Dərmanlara güvən hissi də getdikcə yoxa çıxır, həkim resept yazanda xəstə “bahalı dərman yaz, ucuz dərmanın təsiri olmur” deyə minnət də edir. Bəli, bizdə elə bir fikir formalaşdırılıb ki, ucuz dərman saxta və təsirsizdir. Əminliklə demək olar ki, bu gün tibb dünyası dərman sənayesinin nəzarəti altındadır. Daha türkəçarələrdən, təbii müalicə vasitələrindən istifadə yoxdur, dolayısı ilə də ucuz dərman reseptlərə yazılmır. Siz hansı həkimin reseptə qrip üçün itburnu, cökə çayı yazdığını görmüsünüz? Yaxud antibiotik müalicəsi lazım olanda ənənəvi variantını yazan həkim? Əlbəttə ki, yox.

Məsələn, aspirin həbinin 10 ədədlik bağlaması cəmi 20 qəpikdir, qrip və qızdırma əleyhinə təsiri güclüdür, amma siz indiyədək bir həkimin reseptə ənənəvi aspirin yazdığının şahidi olmusunuz? Ola bilməzsiniz, çünki faizə işləyən həkimlər aspirindən faiz əldə edə bilmir. Bunun üçün bu dərmanın firma alternativləri var, 5-8 manat civarında təklif edilir. Yəni müalicə üsulları dərman firmalarının manafeyinə uyğunlaşdırılır. Bu vəziyyət dərman istifadəsinin artmasına, hər il milyardlarla dollarlıq lazımsız dərmanların alınmasına və itkisinə səbəb olur.

 

Yalançı epidemiya xəbəri ilə dərman bazarı çiçəklənir

Dərman firmaları mümkün olduğu qədər daha çox dərman satmaq üçün hər yola əl atır, hər vasitəni sınayır. Gizli deyil ki, bu firmaların insan sağlamlığı üçün təhlükəli bir şəbəkəyə çevrilməsində bəzi həkimlərin və əczaçıların da payı var. Firmaların onlara təklif etdiyi faiz qarşılığında həkimdən şəfa gözləyən pasiyendə həm maddi, həm də fiziki zərbə vuran bu “həkimlər” yeri gəldi, gəlmədi lazımsız dərmanları reseptə sıralayır. Daha açıq ifadə etsək, həkimlər xəstələrə tibbin göstərdiyi kimi deyil, firmaların istədiyi kimi yanaşırlar.

Bir çox həkim bilir, amma bir çoxu da bilmir ki, dərman firmalarının xəstələri dərmandan asılı vəziyyətə salması və mümkünsə ömür boyu eyni dərmanı istifadə etməsi məhz həkimin resepti ilə həyata keçirilir. Beynəlxalq oyunlar, ikili siyasət planı yürüdən gizli qüvvələr bütün dünya səviyyəsində yoluxucu xəstəliklər yaymaqla dərman satışlarını maksimuma çatdırmaq kimi bir öhdəlik götürüblər. Çünki bu vasitə ilə dərman sektoru “çiçəklənir”. Böyük epidemiya planları ilə insanları qorxuya salan, media təbliğatı və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsi ilə qısa müddətdə dünyanın hər yerində yüz milyonlarla doza peyvənd satır və milyardlarla dollarlıq gəlir götürülür.

 

Vahid dərman resepti niyə işə yaramadı?

Elə Azərbaycanda da həkimlərin bir çoxunun dərman firmaları və apteklərlə işbirliyi quraraq pasiyentə resept yazdığı isə hamımıza məlumdur. Məlumat üçün qeyd edək ki, ölkəmizdə vahid resept blanklarının təsdiqlənməsi əsasən həkim – aptek – əczaçı şirkətləri münasibətlərində yarana biləcək hər hansı bir neqativ halların aradan qaldırılmasına yönəlmişdi. Daha açıq desək, bu addım həkimlərin dərman firmaları ilə razılaşdırılmış şəkildə dərman yazması hallarının qarşısını almaq məqsədi güdürdü.

Çünki əksər həkimlər xüsusi dərman şirkətlərin hazırladığı resept blanklarından istifadə edirlər ki, bununla da həm dərman firması, həm də həkim gəlir əldə edir. Həkimlər 2 nüsxəli blanka resept yazanda reseptin bir nüsxəsi ikinci blanka həkk olunur. Beləcə blankın biri xəstəyə verir, surətini isə əvvəlcədən anlaşdığı firmaya təqdim etməklə, satılan dərmandan müəyyən faiz əldə edir.

 

Həkimlər: “Axı biz nə edə bilərik?”

Həkim Sülhiyyə Mürsəlova deyir ki, bu məsələdə həkimlik heç nə yoxdur: “Axı mən dərman şirkətinə deyə bilmərəm ki, sən niyə 3 günlük istifadə üçün nəzərdə tutulmuş dərman istehsal eləmirsən? Mən də istərdim pasiyentim zərərə düşməsin, neçə günlük müalicə yazırıqsa ona uyğun miqdarda dərman alsın ki, qalanı atılmasın. Düzdü, elə dərmanlar var ki, dənə ilə almaq olur, amma beləsi çox az olur, əksər dərmanlar ağzı bağlı halda satılır, içindən yarısını sata bilmirlər”.

Başqa bir həkim həmsöhbətimiz Xanlar Hüseynov isə deyir ki, firma faizləri üçün dərman çox yazılmır: “Axı resept yazdığımız, imza atdığımız o müalicə üçün biz məsuliyyət daşıyırıq, təmiz, təhlükəsiz dərman olmasa məsləhət görmərik. Amma neyləyək ki, qablaşdırma bizlik deyil, firma bir siropu 200 milliqramlıq şüşədə qablaşdırırsa biz ona qarışa bilmərik. Amma siropları ağzı açıldıqdan 6 ay sonra təkrar istifadə etmək olar, sərin və qaranlıq yerdə saxlansa, bu, mümkündür, evin bir tərəfinə atılaraq qeyri-normal şəraitdə saxlanıbsa təbii ki, müəyyən müddətdən sonra qəbul edildikdə zəhərlənmələrə səbəb ola bilər”.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir