valideyn

Həyatı öyrətmək: Uşağınızla İlk ünsiyyət və inkişaf addımları

Baxış sayı: 325

İlk baxış, ilk səs, ilk söz… Bütün bunlar uşağınızın sizi dərk etməsinin ilk əlamətləridir və bütün bunları analığın ən həyəcanlı anları saymaq olar. Əslində, uşağınız elə ilk doğulduğu gündən səsinizi eşitdiyi üçün instinktiv olaraq, sizinlə ünsiyyət qurmağa meyilli olur. Buna görə də, uşağınız ilk vaxtlar sözlərlə yox, səslərlə öz ehtiyaclarını ifadə etməyə çalışır.

Əgər uşağınız sizinlə ünsiyyət qurmaqda gecikərsə, narahat olmağa ehtiyac yoxdur. Çünki bəzi uşaqlar ilk vaxtlar ünsiyyət qurmaqda çətinlik çəkir, ancaq sonra valideynlərinin də köməyi ilə bu problemi aradan qaldırırlar. Digər tərəfdən, uşağınız bütün günü yatsa və ya bütün günü yemək yesə belə, unutmayın ki, o, həm də bütün günü ətrafındakılarla ünsiyyət qurmağa çalışır. Bu baxımdan, uşağınız doğulduğu gündən ətrafındakı səslərin yerini tapmağa, həmçinin ətrafındakı insanlarla göz təması qurmağa cəhd göstərir. İlk vaxtlar uşağınız bu işdə uğursuz olsa da, bir neçə cəhddən sonra artıq buna nail olur.

Bir şeyi də unutmaq olmaz ki, ilk vaxtlar uşaqların yeganə ünsiyyət vasitəsi ağlamaqdır. Ona görə burada da narahatlıq duymağa ehtiyac yoxdur. Sadəcə olaraq, uşağınız bununla sizə hansı ehtiyacınısa ifadə etməyə çalışır. Məsələn, uşağınızın uzun səslə ağladığını eşitsəniz, acdığını, yüksək səslə ağladığını eşitsəniz, ağrıdığını müəyyən edə bilərsiniz. Digər tərəfdən, uşağınız bəzən nəyə ehtiyacı olduğunu ifadə etmək üçün məhdud çərçivədə belə olsa, bədən dilindən istifadə edə bilər. Məsələn, uşağınız əlləri ilə üz-gözünü ovalayarsa, bununla onun yuxusunun gəldiyini, barmağınızı görəndə ağzını açarsa, bununla onun acdığını müəyyən edə bilərsiniz.

Başqa vacib bir məsələ isə uşağınızla ünsiyyət qurmaq üçün çox geçikməməkdir. Hətta bəziləri bunun üçün tələsməyə ehtiyac olmadığını düşünsələr belə, siz bu səhvə yol verməməli və uşağınızla ünsiyyət qurmaq üçün onun böyüməsini gözləməməlisiniz. Unutmayın ki, ona həyatı siz öyrətməlisiniz və ona həyatı nə qədər tez öyrətməyə başlasanız, onun həyatı o qədər tez öyrənməsinə imkan vermiş olarsınız. Digər tərəfdən, uşaqlar insan üzlərini tədqiq etməyi də çox sevirlər, ancaq gözlərini ən çoxu 25 sm məsafəyə fokuslaya bilirlər. Bu isə təqribən dirsəyinizlə biləyiniz arasındakı məsafə qədərdir.

Bundan başqa, elə ilk vaxtlardan uşağınıza ikitərəfli ünsiyyətin mahiyyətini öyrətməyə başlasanız, çox yaxşı olar. Məsələn, uşağınızı əmizdirərkən arada fasilə verərsə, siz də, “Daha yemək yemək istəmirsən?” və ya “Deyəsən, artıq doymusan?” kimi suallar verərək, bir az fasilə verə və sonra yenidən uşağınızı əmizdirməkdə davam edə bilərsiniz. Bu isə tədricən uşağınızın ətrafında baş verə hadisələrə reaksiya verməsini öyrənməsinə kömək edə bilər.

Digər tərəfdən, əgər uşağınız əmzikdən istifadə edirsə, ona çox aludə olmasına imkan verməyin. Çünki çox vaxt analar uşaqları sakit olsunlar deyə, onları əmziyə öyrədirlər. Halbuki uşağın əmzikdən oyaq vaxtlarda çox istifadə etməsi onun səs çıxarmaq qabiliyyətinin qarşısını alır və nəticədə, belə uşaqların danışmağa başlamaq müddəti də kifayət qədər gecikir.

 

Aygün Vəliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir