Lobyanın vətəni Qədim Misir sayılır. Lobya qədim zamanlardan insanların qidalanmasında öz layiqli yerini tutub.
Lobya olduqca faydalı məhsuldur. Onun tərkibində A, C, E, K, B qrupu vitaminlər, karotin, fol turşusu, kalsium, maqnezium, dəmir, sink, fosfor, mis kimi əvəzolunmaz mikroelementlər var.
Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar mövsümdə hər gün yaşıl lobya yeməlidir. Bu, ürəyin və damarların fəaliyyətinə çox müsbət təsir edir, damarları təmizləyir, aterosklerozun inkişafının qarşısını alır.
Kalsium və fosforla zəngin olan yaşıl lobya sümüklərimiz üçün də çox xeyirlidir. Fransızlar deyir ki, yaşıl lobyanı tez-tez yeyən qadın dəri, saçlar və dırnaqların vəziyyətinə görə narahat olmamalıdır, onlar hər zaman sağlam və gözəl olacaq. Ümumillikdə gözəllik paytaxtı sayılan Fransada mətbəxində yaşıl lobya çox tez-tez istifadə olunur.
Lobya bişirilən suyu atmayın – bu su ilə üzünüzü yuyun. Bu, üz dərisi üçün çox faydalıdır – dərini cavanlaşdırır, daha hamar və elastik edir.
Digər paxlalı bitkilər kimi, yaşıl lobya da zülallarla zəngindir. Bu zülallar orqanizm tərəfindən çox yaxşı mənimsənilir.
Lobya qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqları orada yığılan toksin, şlaklar və s. ziyanlı maddələrdən yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.
Arıqlamaq istəyirsinizsə, hər gün 1 qida qəbulunun əvəzinə 200 qr yaşıl lobyanı suda bişirin və yeyin (duz və yağ əlavə olunmur). Bu sadə üsulun köməyi ilə siz həm orqanizminizi təmizləyəcəksiniz, həm də arıqlayacaqsınız. Lobyanın tərkibində olan bəzi maddələr orqanizmdə piyin əriməsinə kömək edir.
Şəkərli diabet xəstələri üçün də yaşıl lobya xeyirlidir – qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir. Yaşıl lobyanın tərkibində arginin amin turşusu var ki, bu maddə orqanizmə insulinə oxşar təsir edir.
Lobya kişilər üçün çox faydalıdır. Lobyanın tərkibində sink var. Bu mikroelement kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, spermanın keyfiyyətini yaxşılaşdırır, bəzi kişi cinsiyyət sistemi xəstəliklərinin profilaktikası üçün faydalıdır.
Yaşıl lobya podaqra, revmatizm, bronxit, xroniki pankreatit zamanı faydalıdır, öd kisəsinə, qara ciyərə, sidik kisəsinə müsbət təsir edir, xərçəng əleyhinə təsirə malikdir.
Yaşıl lobyanın tərkibində həm fol turşusu, həm də dəmir var. Bu iki maddə qanın tərkibinə çox müsbət təsir edir. (saglamolun.az)